Qərbi Avropa xalqlarının dillərinə tərcümə edilmiş əsərlər MEK-də təqdim edildi

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan müəlliflərinin Qərbi Avropa dillərində nəşr olunmuş ədəbiyyatları, çap əsərləri, digər nəşrlərinin təqdimatı” keçirildi.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Azərbaycan müəlliflərinin Qərbi Avropa dillərində nəşr olunmuş ədəbiyyatları, çap əsərləri, digər nəşrlərinin təqdimatı" keçirildi.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxanada elmi ictimaiyyətlə bölüşəcək çox sayda məlumatın, mənbələrin olduğunu, bu səbəbdən də sistemləşdirərək ictimaiyyətə təqdim etdiklərini bildirdi. Xüsusilə "Milli Rəqəmsal Yaddaş" layihəsinə diqqət çəkən L.İmanova bu istiqamətdə Azərbaycanın xaricdəki səfirliklərinin də yaxından iştirak etdiklərini dedi. Beynəlxalq mübadilə haqqında danışan direktor Türk dilində olan elektorn kataloqun yaradılması istiqamətində aparılan işlər haqqında da məlumat verdi.

Təqdimatçı Fondların mühafizəsi bölməsinin, Qərbi Avropa ədəbiyyatı fondunun əməkdaşı Aybəniz İsmayılova Qərbi Avropa ədəbiyyatı fondunun 82 bölmədən ibarət olduğunu bildirərək, fondda 1000 jurnal, 9 min nəşri davam edən ədəbiyyat, 62 minə yaxın kitabın mühafizə olunduğunu diqqətə çatdırdı. Sonra tədbir iştirakçılarını fondda saxlanılan ədəbiyyatla tanış edən A.İsmayılova Nizami Gəncəvi, Füzuli, Əliağa Vahid, Mirzə Fətəli Axundov kimi ədiblərin Qərbi Avropa dillərinə tərcümə edilmiş kitabları, toplanmış əsərləri ilə, eyni zamanda Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, həmçinin "Kitabi Dədə Qorqud" eposunun tərcümə edilmiş variantı ilə iştirakçıları tanış etdi.

Çıxışçı Sevinc Səmədova müasir yazarlarımızın, o cümlədən Çingiz Abdullayevin Qərbi Avropa dillərinə tərcümə edilmiş əsərlərindən, Kamal Abdulla, Elçin kimi yazarların kitabları haqqında geniş məlumat verdi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova bədii tərcümənin xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsində önəmli yer daşıdığını, müstəqillik illərində tərcümə işinə xüsusi yer ayrıldığını vurğuladı.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, Bakı Slavyan Universitetinin professoru Gülər Abdullabəyova elmin inkişafı istiaqamətində aparılan dövlət siyasətini yüksək qiymətləndirib. O, tərcümə işinin Azərbaycanda Avropa ədəbiyyatının, Avropada Azərbaycan dilinin geniş yayılmasına səbəb olduğunu bildirib. Çıxışçı MEK-də keçirilən təqdimatlardan razılıqla bəhs edib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Mərcan Sofiyeva Azərbaycan tərcümə ədəbiyyatının tarixinə nəzər salaraq mənbələrdən bəhs edib. O, 1551-ci ildə Osmanlı imperiyası ilə Fransız nümayəndə heyətinin görüşündə fransızların Nəsiminin şeirlərini səsləndirməsini Azərbaycan ədəbiyyatına daha öncədən marağın olması kimi dəyərləndirdi.

Tədbirdə fondda qorunan kitablar və slaydlar nümayiş etdirildi. Bildirildi ki, MEK-də keçirilən tədbirlər və görülən işlər üç dildə yayımlanan mek.az saytında və kitabxanaya məxsus sosial şəbəkələrdəki səhifələrdə operativ şəkildə işıqlandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31