Təbii gözəllik dəbdən düşür? Estetik trendlər və cəmiyyətin gözləntiləri
17 İyul 23:29 SosialGözəllik anlayışı insan cəmiyyətinin formalaşdığı ilk dövrlərdən bəri diqqət mərkəzində olan mövzulardan biridir. Tarixin müxtəlif mərhələlərində gözəlliyin meyarları dəyişsə də, insanın estetik görünüşə olan marağı heç vaxt azalmayıb. Bir zamanlar təbii görünüş, sadəlik və fərdi xüsusiyyətlər gözəlliyin əsas göstəricisi hesab olunurdusa, bu gün inkişaf edən texnologiyalar, sosial media platformaları və estetik tibb sahəsindəki yeniliklər bu anlayışa tamamilə yeni məzmun qazandırıb. Artıq gözəllik təkcə təbii xüsusiyyətlərlə deyil, həm də müxtəlif estetik müdaxilələr, kosmetoloji prosedurlar və müasir gözəllik standartları ilə əlaqələndirilir. Son illərdə estetik əməliyyatlar və qeyri-cərrahi prosedurların əlçatanlığının artması cəmiyyətdə xarici görünüşə münasibəti də dəyişdirib. Bu dəyişikliklərdə sosial medianın rolu danılmazdır. Xüsusilə "Instagram", "TikTok" və digər rəqəmsal platformalarda filtrlərlə mükəmməlləşdirilmiş görüntülər, ideal üz cizgiləri və qüsursuz bədən standartları hər gün milyonlarla insanın qarşısına çıxır. İzlənilən fenomenlər, bloqerlər və məşhurlar estetik prosedurları açıq şəkildə paylaşır, nəticələrini nümayiş etdirir və bəzən bunu uğurun, gözəlliyin, hətta özünəinamın əsas şərti kimi təqdim edirlər. Nəticədə insanlar öz real görünüşlərini ekrandakı "ideal" obrazlarla müqayisə etməyə başlayır, bu isə xüsusilə gənclər arasında narazılıq, kompleks və psixoloji təzyiq yarada bilir.
Müasir dövrdə gözəllik artıq yalnız şəxsi seçim məsələsi deyil, müəyyən mənada sosial gözləntiyə çevrilib. Bəzən insanlar daha gənc görünmək, daha cazibədar olmaq və ya cəmiyyət tərəfindən qəbul edilən standartlara uyğunlaşmaq üçün bu prosedurlara müraciət edirlər. Digər tərəfdən, estetik dəyişikliklərə qarşı çıxan və təbii görünüşü müdafiə edən insanların sayı da az deyil. Onlar hesab edirlər ki, insanın fərqliliyini məhz təbii cizgiləri müəyyən edir və süni müdaxilələrin həddindən artıq yayılması insanların özünəməxsusluğunu itirməsinə səbəb olur. Əslində isə gözəllik anlayışı heç vaxt sabit olmayıb. Məncə, tarix boyu müxtəlif xalqlarda və mədəniyyətlərdə fərqli gözəllik meyarları formalaşıb. Bir dövrdə dolğun bədən quruluşu sağlamlıq və firavanlıq göstəricisi sayıldığı halda, başqa dövrdə arıq bədən ideal hesab edilib. Bəzi cəmiyyətlərdə ağ dəri üstün tutulduğu halda, digərlərində qaralmış dəri sağlam həyat tərzinin simvolu kimi qəbul olunub. Bu da göstərir ki, gözəllik anlayışı daha çox cəmiyyətin yaratdığı dəyərlər və dövrün estetik baxışları ilə formalaşır.
Mövzu ilə bağlı kosmetoloq Sahilə Əbdürəhmanova Olaylar.az-a açıqlama verib:
"Ümumiyyətlə, heç bir gözəllik daimi deyil. İnsan canlıdırsa, yaşlanır və zaman keçdikcə üzündə dəyişikliklər baş verir. Yaş artdıqca qırışlar yaranır. Əgər insan bu qırışları aradan qaldırırsa, yaxud burnunun formasını dəyişdirirsə, dodaqlarına həcm verirsə, bu o demək deyil ki, artıq təbii deyil və ya sünidir. Məncə, bu, düzgün yanaşma deyil. Hər şey qədərində gözəldir.
Dolğu da, botoks da yerində və ehtiyac olduğu halda tətbiq ediləndə normaldır. Mənim fikrimcə, danışarkən alnı və göz ətrafı dərin qırışlarla dolu olan bir xanım heç də daha cazibədar görünmür. Amma bu, o demək deyil ki, hər kəs həddindən artıq dolğu, botoks və ya estetik əməliyyat etdirməlidir. İfrat dərəcədə edilən hər bir müdaxilə insanın simasını dəyişir. Ancaq cüzi estetik dəyişikliklər edilmiş bir insanı süni adlandırmaq düzgün deyil.
Son illərdə estetik prosedurlara maraq artıb. Təəssüf ki, artıq buna ehtiyac duyan da, ehtiyac duymayan da müraciət edir. Məsələn, pasiyent yanaq dolğusu istəyir. Əgər görürəmsə ki, onun yanaqları kifayət qədər dolğundur və bu prosedur əksinə, görünüşünü korlayacaq, həmin proseduru etmirəm. Pul naminə insanın görünüşünü pisləşdirməyi doğru hesab etmirəm.
Mənə ən çox botoks, dodaq dolğusu, çənə dolğusu və müxtəlif qidalandırıcı mezoterapiya prosedurları üçün müraciət olunur. Sosial şəbəkələrin də müəyyən təsiri var. İnsanlar tez-tez "o etdirib, mən də etdirim" düşüncəsi ilə kosmetoloqa müraciət edirlər. Halbuki əsas meyar ehtiyac olmalıdır. Təəssüf ki, bəzən 16-18 yaşlı qızları anaları özləri gətirərək dodaq, çənə və ya burun dolğusu etdirmək istəyirlər. 18 yaşına qədər heç bir yeniyetməyə kosmetoloji prosedur etmirəm. Çünki həmin yaşa qədər insan orqanizmi tam formalaşmır, üz cizgiləri dəyişməyə davam edir. Buna görə də erkən yaşlarda bu cür müdaxilələri məsləhət görmürəm.
Estetik prosedurlar zamanı sağlamlıq və təhlükəsizlik hər şeydən önəmlidir. Mən həmişə pasiyentlərimə deyirəm ki, həm kosmetoloq, həm də stomatoloq seçərkən çox diqqətli olsunlar. Bu sahələrdə iynə prosedurları tətbiq olunduğu üçün steril şərait xüsusi əhəmiyyət daşıyır. Kosmetoloqun işlədiyi mühitə, istifadə etdiyi preparatların orijinallığına, qablaşdırmanın pasiyentin yanında açılmasına, istifadə müddətinə diqqət edilməlidir. Eyni zamanda, mütəxəssisin gigiyena qaydalarına- əlcəkdən, maskadan istifadə etməsinə və ümumi iş prinsiplərinə də fikir verilməlidir."
Məsələnin psixoloji tərəfləri ilə bağlı psixoloq Ramidə Oqtay qızı Olaylar.az-a açıqlama verib:
" Bu gün cəmiyyət tam fərqli bir dövrə qədəm qoyur. Bu dövrdə insanların estetik görünüşə və süni gözəlliyə daha çox önəm verdiyinin şahidi oluruq. Bunun psixoloji səbəbləri müxtəlifdir.
İlk olaraq, insanlar gözəl görünmək istəyirlər. Sanki yaşadıqları problemləri, daxili boşluqları xarici görünüşlərində yaratdıqları dəyişikliklərlə ört-basdır etməyə çalışırlar. Lakin bunun psixoloji fəsadlarını daha çox gələcəkdə görəcəyik.
Digər məqam isə odur ki, estetik müdaxilələrə daha çox hansı tip insanlar üstünlük verirlər. Psixoloji baxımdan bunu belə izah etmək olar: bu standartlara həddindən artıq bağlılıq çox zaman özünəinamın aşağı olması, özünü təsdiq etməkdə çətinlik çəkmək, keçmiş travmalar və ya müxtəlif psixoloji, emosional boşluqlarla əlaqəli olur. İnsanlar xarici görünüşlərində dəyişiklik etməklə özlərinə verdikləri dəyəri artıracaqlarını düşünürlər. Əlbəttə, bu, ilk baxışda yaxşı görünə bilər. Amma müəyyən müddətdən sonra bir çox insan bunun gözlədiyi nəticəni vermədiyini anlayır.
Son zamanlar sosial şəbəkələrdə baş verən hadisələri nəzərə alsaq, tez-tez deyilən bir fikir var: "Antireklam da reklamdır." Bu gün insanlar daha çox neqativ məzmuna fokuslanırlar. Sosial şəbəkələrdə gördüyümüz hər şey həqiqətən ideal həyatın göstəricisidirmi? Əlbəttə ki, yox. Hər bir insan sosial şəbəkədə həyatının ən yaxşı anlarını paylaşır. Heç kim ağrısını, çətinliklərini və ya xoşagəlməz hadisələrini göstərmək istəmir. Təəssüf ki, sosial şəbəkələrdə iki fərqli proses gedir. Bir tərəfdə düzgün məlumat verən, maarifləndirən insanlar var. Lakin onların auditoriyası nisbətən az olur. Digər tərəfdə isə özündə olmayan xüsusiyyətləri şişirdərək təqdim edən və bununla ətrafındakı insanlara təsir göstərən şəxslər var. Onlar daha çox diqqət çəkirlər. Əlbəttə ki, bu davranışların da arxasında müəyyən psixoloji boşluqlar dayanır və insanlar da buna doğru yönəlirlər. Antireklam kimi görünən paylaşımlar, estetik əməliyyatlarla bağlı videolar və digər məzmunlar da bəzi insanlarda maraq yaradır. Bu maraq nəticəsində onlar mütəxəssislərə müraciət edirlər. Əgər insan artıq müraciət edibsə, deməli həmin prosesi beynində müəyyən mənada başlayıb. Bunun qarşısını almağın yolu insanın özünü tanıması və daxilindəki psixoloji boşluqları doldurmasıdır.
Buradan belə bir sual yaranır: bunu kimlər etdirir? Daha çox estetik əməliyyat etdirən, hətta dəfələrlə əməliyyat etdirən insanlar kimlərdir? Buna diqqət yetirsək, görərik ki, daha çox ailəli qadınlar həyat yoldaşları və ya sevgililəri tərəfindən xəyanətə uğradıqda estetik əməliyyatlara üz tuturlar. Burada xəyanətin növü fərq etmir. Bu, yalan, etimadın pozulması və ya başqa bir münasibət ola bilər. Belə hallarda qadın düşünür ki, burnu əyri, böyük və ya ümumilikdə görünüşü cəmiyyətin qəbul etdiyi standartlara uyğun olmadığı üçün həyat yoldaşı onu başqa bir qadınla əvəz edib. Nəticədə estetik əməliyyat etdirir. Lakin sonra yenidən xəyanətə uğrayır, bəzən bu hal ikinci, üçüncü dəfə də təkrarlanır və proses davam edir. Təəssüf ki, həm psixoloji seanslarda müraciət edən insanlarda, həm də ailədaxili xəyanətlərdən qaynaqlanan psixoloji problemlərdə bunu tez-tez müşahidə edirik. Hətta bununla bağlı sosial sorğular da aparılıb və nəticələr göstərir ki, xəyanətə məruz qalan qadınlar estetik müdaxilələrə daha çox müraciət edirlər.
Nəticədə isə psixologiya və psixiatriyada tibbi zərurət olmadığı halda iki-üç dəfədən çox bədənə, üzə və xarici görünüşə müdaxilə etdirmək dismorfomaniya adlanır. Burada diqqət yetirin, sözün kökündə "maniya" anlayışı var. Bu, insanın xarici görünüşü ilə bağlı obsesiv düşüncələrinin formalaşması deməkdir. Belə insanlar dəfələrlə estetik əməliyyat etdirirlər: əvvəl dodaq, sonra burun, ardınca göz, üz gərmə, qaş nahiyəsi və digər müdaxilələr. Hətta bu mərhələdən sonra dişlərin həddindən artıq ağ örtüklərlə dəyişdirilməsi belə diqqət mərkəzində olmaq istəyindən irəli gəlir. Lakin bununla da proses bitmir. Beyindəki bu mexanizmi tam təmin olunmadığı üçün insan daim yeni dəyişikliklər etmək istəyir. Nəticədə bədən şəkilləndirmə və digər estetik müdaxilələrə üz tutur, müxtəlif komplekslər yaşayır. Psixoloji komplekslər insanın özünəinamını azaldır, sağlam özünüqiymətləndirmənin formalaşmasına mane olur və özünə dəyər hissini aşağı salır. Bunun nəticəsində insan çıxış yolunu yenidən estetik əməliyyatlarda axtarır və bəzən bunu öz sağlamlığı bahasına edir.
Təbii ki, burada insanların öz istəkləri əsasında etdikləri dəyişikliklər də mövcuddur. İnsan hər hansı bir dəyişikliyi istəyirsə, onu həyata keçirmək üçün cəhd göstərir. Bəzən ətrafın xoşuna gəlmək, özünü bəyənmək və diqqət mərkəzində olmaq üçün estetik əməliyyatlara üz tuturlar.
O zaman insan özünü sağlam şəkildə qəbul edir ki, sağlam psixologiyaya sahib olsun, natamamlıq kompleksi yaşamasın və özünü düzgün qiymətləndirə bilsin. Əlbəttə, xarici görünüşdə müəyyən dəyişikliklər etmək normaldır. Məsələn, artıq çəki, burun çəpər əyriliyi, gözdə problem, sifətin anadangəlmə asimmetriyası və ya buna bənzər tibbi səbəblər olduqda estetik müdaxilə məntiqli hesab oluna bilər. Təəssüf ki, son illər insanlarda psixoloji problemlər ciddi şəkildə artıb. Özünü tanımaqda çətinlik, özünəinamın zəifliyi, panik atak, həyəcan pozuntuları, obsesiv-kompulsiv hallar və digər problemlər geniş yayılıb. Bütün bunlar zamanla başqa psixoloji çətinliklərə də yol aça bilir.
Məqsədəuyğun olardı ki, insanlar daha çox mütəxəssislərdən dəstək alsınlar, problemlərini həll etməyə çalışsınlar, özlərini daha yaxşı tanısınlar və onları xoşbəxt edəcək fəaliyyətlərlə məşğul olsunlar. Məsələn, kitab oxumaq, dəniz kənarında gəzmək, idmanla məşğul olmaq və digər faydalı fəaliyyətlər insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər. İnsan özü ilə tək qalmağı, özünü tanımağı bacardıqda, problemlərinin üzərinə daha sağlam şəkildə gedə və onları həll edə bilər".
Zeynəb Mustafazadə