"ABŞ və İran arasında münaqişənin həlli müharibəsiz mümkün görünmür" – ŞƏRH – ÖZƏL

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ABŞ Prezidenti Donald Trampın İranın hərbi infrastrukturuna zərbə endirmək hədələrinə cavab olaraq kəskin bəyanat yayıb. Bəyanatda bildirilir ki, Vaşinqtonun hər hansı hərbi müdaxiləsi baş verərsə, İran ordusu bölgədəki bütün Amerika hərbi obyektlərini birbaşa hədəfə alacaq.  
Tehran rəsmi olaraq indiyə qədər nümayiş etdirdiyi təmkinli mövqeyini dəyişə biləcəyini və Hörmüz boğazının onlar üçün "qırmızı xətt" olduğunu vurğulayıb. SEPAH bu strateji su yolunun idarəçiliyinə yönələn istənilən xarici müdaxiləyə ən sərt şəkildə cavab veriləcəyini bəyan edib.

Maraqlıdır, tərəflər niyə razılaşa bilmirlər? Hərbi toqquşmaların miqyası böyüyə bilərmi? Vasitəçilərin səylərinə baxmayaraq tərəflər sülhə yaxınlaşmırlar. Bəs necə olacaq?

"ABŞ və İran arasında münaqişənin həlli müharibəsiz mümkün görünmür. Hər iki tərəf əvvəlki müharibədən sonra özünü qalib elan etdi və danışıqlara da könülsüz, digər vasitəçilərin təkidi ilə qoşuldu. Beləcə atəşkəs çox uzun sürmədi".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Tural İrfan deyib. Ekspert bildirib ki, ABŞ öz tələblərindən, İran da öz iddialarından əl çəkmir. Eyni zamanda İsrailin münaqişənin dərinləşməsi uğrunda səyləri atəşkəsə imkan vermir. Bununla yanaşı İrandakı sərt hakim dairələr danışıqlara və sülhə qarşıdırlar. Hətta danışıqlarda iştirak edən Prezident və Xarici işlər nazirini təhqir etməkdən elə çəkinmirlər. Xüsusən mövcud fasilə zamanı İran toparlandı və nəfəsini dərdi. Odur ki, yeni və daha gənc hakimiyyət üzvləri və daha gənc dini liderin rəhbərliyi altında dirənişi gücləndirə bildilər. Hazırda İran üçün sülh önəmli deyil. ABŞ isə Körfəz ölkələrini savaşa cəlb etmək istəyir. Hərbi toqquşmaların miqyası hökmən böyüyəcək və əsas və həlledici müharibə mütləq baş verəcək. Bu qaçılmazdır. 

Ekspertin sözlərinə görə, ABŞ və İsrailin məqsədi İran rejiminin süqutuna qədər əl çəkməməkdir. Hətta Avropa ölkələri də artıq bu cəbhəyə qoşulur yaxud dəstək ifadə edir. Britaniyanın SEPAH-ı terror təşkilatı kimi tanıması mövzusu da buna nümunə ola bilər. Tədricən İran ətrafında çəmbəri daraldırlar. Artıq Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri İranın Yəmən üzrə proksi qüvvələrinə zərbələr endirir. Livan hökuməti ilə Hizbullah barədə razılığa gəliblər və Suriyanı da bu təşkilatla toqquşdurmaq istəyirlər. Bununla yanaşı İranın özünə qarşı da hava zərbələri intensiv hal alıb. İranın da Körfəz ölkələrini vurması bu ölkələri də ABŞ-yə daha ciddi dəstək verməyə sövq edir. İran hakimiyyəti geri çəkilmir və bir müddət əvvəlki danışıqlarda razılıq əldə etdikləri məsələlərdən də imtina edəcək. Nüvəni zənginləşdirməkdən əl çəkməməsi, uzaqmənzilli raketlərdən imtina etməməsi, proksi qüvvələrin fəaliyyətini dayandırmaması müharibənin qaçılmaz olduğunu bir daha təsdiq edir. Sadəcə ABŞ müəyyən variantlar üzərində çalışır ki, mümkün qədər hakimiyyəti müharibəsiz yola gətirsin yaxud mümkün olsa dəyişsin. Lakin bunun da müddəti var. Əgər mümkün olmasa son variant olan savaş qaçılmaz olacaq. İran tərəfin kompromisə getmək istəməsi, əksinə qisas və intiqam bəyanatları verməsi, Körfəz ölkələrini vurması yeni müharibənin başlanması deməkdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31