Tarixin sərt dərsləri və siyasi iflasın acı nəticələri
19:54 SiyasətOtuz yeddi il əvvəl böyük ümidlərlə meydana çıxan Azərbaycan Xalq Cəbhəsi zaman keçdikcə cəmiyyətin əhəmiyyətli hissəsinin gözündə həmin ümidləri doğrulda bilməyən siyasi qüvvəyə çevrildi. Milli azadlıq hərəkatında iştirak etməsi onun tarixinin bir hissəsi olsa da, sonrakı siyasi fəaliyyəti daha çox mübahisələr, uğursuz qərarlar və fiaskolarla yadda qaldı.
1992-1993-cü illər Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarından biri idi. Həmin dövrdə ölkə həm xarici təcavüz, həm də daxili siyasi böhranla üz-üzə qalmışdı. AXCP hakimiyyəti bu mürəkkəb şəraitdə dövlət idarəçiliyində lazımi səriştə nümayiş etdirə bilmədi. "Siyasi romantizm", bir çox hallarda absurd halını alan diletant yanaşma peşəkar dövlət idarəçiliyini əvəz edə bilmədi və bunun ağır nəticələrini xalq ödəməli oldu.
Şuşa və Laçının işğalı, orduda idarəetmə problemləri, siyasi böhran və nəticədə hakimiyyət dəyişikliyi həmin dövrün ən çox müzakirə olunan hadisələridir. AXCP hakimiyyətinin fəaliyyəti ölkəyə xaos, özübaşnalıq gətirməklə uzun illər öz neqativ təsirini iqoymuş Azərbaycan siyasi tarixinin qaranlıq bir dövrünü təşkil etdi.
Hakimiyyətdən sonra da partiya cəmiyyətə yeni siyasi baxış təqdim etməkdə çətinlik çəkdi. Daxili parçalanmalar, təşkilati zəiflik və sərt siyasi ritorika AXCP-ni geniş ictimai dəstəkdən uzaqlaşdırdı. Bir vaxtlar eyni siyasi hərəkatda olan çoxsaylı tanınmış şəxslərin müxtəlif səbəblərlə partiyadan ayrılması da bu problemlərin göstəricilərindən biri kimi qiymətləndirilir.
AXCP uzun illər ərzində özünü yeniləyə, dəyişən siyasi reallığa uyğunlaşa və cəmiyyətin geniş təbəqələrinin etimadını bərpa edə bilmədi. Nəticədə partiya əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə itirərək siyasi mübarizənin kandarında qaldı.
Tarix emosiyalarla deyil, nəticələrlə qiymətləndirilir. Bu tarix bir daha göstərir ki, dövlət idarəçiliyi yalnız siyasi şüarlar deyil, yüksək peşəkarlıq, məsuliyyət, milli həmrəylik və güclü institutlar tələb edir. Bu prinsiplər zəiflədikdə isə bunun ağır nəticələrini ilk növbədə dövlət və xalq yaşayır.
Bu gün Azərbaycanın keçdiyi inkişaf yolu, ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzun artması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və dövlət institutlarının gücləndirilməsi kimi nailiyyətlər plkəmiziı dünyanın güc mərkəzləri ilə bir araya gətirir. Azərbaycan bu gün regional güc olaraq qlobal məsələlərin müzakirə olunduğu, mühüm siyasi qərarların verildiyi məkana çevrilib.
Müasir Azərbaycan cəmiyyəti daha çox sabitlik, inkişaf və praqmatik siyasət gözləyir. AXCP, onun "siyasi bənzərləri" təəssüf ki, bu gözləntilərdən olduqca uzaq, özü-öz keçmişinə ilişib qalmış, tarixin belə unutduğu bir arxaizm olaraq qalmaqda davam edir.
Əminə Ağazadə
Milli Məclisin deputatı