Bakı-Moskva xəttində yeni mərhələ: XİN rəhbərinin səfəri nə vəd edir? – ÖZƏL

"Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərindən biri qonşularla dinc yanaşı yaşamaqdır və Azərbaycan bu münasibətlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Baxmayaraq ki, Ermənistan otuz il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış və ölkəmizə böyük həcmdə ziyan vurmuşdu, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti beş təməl prinsipdən ibarət sülh təşəbbüsü ilə çıxış etdi. Praktik olaraq Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verildi. Bu da Azərbaycanın Ermənistanla sülh gündəliyinə sadiq olduğunu göstərən praktik addımdır. Azərbaycan hətta Ermənistanla belə dinc yanaşı yaşamaq üçün real addımlar atır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Azad Məsiyev deyib. O bildirib ki, eyni zamanda, İranda hərbi əməliyyatlar zamanı dini liderin qətli ilə əlaqədar Azərbaycan Prezidenti İranın səfirliyinə gedərək başsağlığı verdi. Ümumilikdə Azərbaycan bütün qonşularla münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır. Qeyd etmək yerinə düşər ki, Rusiya ilə Azərbaycanın münasibətləri də həmişə yaxşı olub. 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında imzalanmış 43 maddədən ibarət Bəyannamənin hər bir müddəası iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi üçün əsas yaradır. Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması həm Azərbaycanın, həm də Rusiyanın dövlət və milli maraqlarına uyğundur. Rusiya-Ukrayna münaqişəsindən sonra Rusiyanın Avropa ilə əlaqələri ciddi şəkildə məhdudlaşıb. Belə bir şəraitdə Rusiyanın cənub istiqamətinin işlək vəziyyətdə olması üçün Azərbaycanla münasibətlər mühüm əhəmiyyət daşıyır. Çünki Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üzərindən keçir. Rusiya bu marşrut vasitəsilə İrana, İran körfəzinə və oradan Hind okeanına çıxış imkanları əldə edir. Bu baxımdan Azərbaycan-Rusiya münasibətləri inkişaf etməkdədir. Düzdür, Azərbaycana məxsus mülki təyyarənin Qroznı səmasında vurulmasından sonra Azərbaycan haqlı olaraq öz etirazını və narazılığını bildirdi. Lakin bu məsələ də diplomatik müstəvidə həll olunur. Rusiya Prezidenti üzrxahlığını bildirdi, Rusiya tərəfi kompensasiya verilməsi ilə bağlı razılığını ifadə etdi. Bu problem də mərhələli şəkildə aradan qaldırılır və hazırda münasibətlərdə praktiki əməkdaşlığa mane olan ciddi problem yoxdur. Rusiyada milyonlarla azərbaycanlı soydaşımız yaşayır. Onların rahat yaşaması, işləməsi, biznes fəaliyyəti ilə məşğul olması üçün dövlətlərarası münasibətlərin yaxşı olması vacibdir. Əgər dövlətlər arasında gərginlik yaranarsa, təbii ki, bundan ilk növbədə həmin ölkədə yaşayan soydaşlarımız təsirlənəcək. Gəlin Ermənistan-Rusiya münasibətlərinə baxaq. Ermənistanın baş naziri açıq şəkildə anti-Rusiya siyasəti yürüdür və bunun nəticəsində Ermənistan mallarının Rusiyaya buraxılmasında problemlər yaşanır. Nəticədə bundan erməni xalqı əziyyət çəkir. Bu baxımdan Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı hər iki dövlətin dövlət və milli maraqlarına uyğundur. Unutmayaq ki, Rusiya bizim əzəli və əbədi qonşumuzdur. Rusiya böyük nüvə potensialına malik dövlətdir, dünya siyasətində söz sahibidir, geniş əraziyə və zəngin iqtisadi, təbii resurslara malikdir. Bu baxımdan iki dövlət arasında iqtisadi və siyasi münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. 

"Bir daha xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin fevral ayında imzalanmış 43 maddədən ibarət sənədin hər bir müddəası iki dövlət arasında münasibətlərin inkişafına xidmət edir və həmin müddəaların icrası istiqamətində müvafiq dövlət qurumları mütəmadi təmasda olurlar. Azərbaycanın xarici işlər nazirinin Rusiyaya səfəri də məhz bu münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Müəyyən fikir ayrılıqları yarandıqda onlar diplomatik kanallar vasitəsilə aradan qaldırılır. Hesab edirəm ki, xarici işlər nazirinin bu səfəri dövlət başçıları səviyyəsində keçiriləcək növbəti görüşə hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər. Görünür, bu səfərdən sonra dövlət başçıları yenidən görüşəcək, iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparacaqlar. Ümumiyyətlə, dövlət başçılarının mütəmadi görüşməsi və dialoq aparması münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında uzun illərdir formalaşmış dostluq münasibətləri mövcuddur. Biz Rusiya Prezidentinin Azərbaycana səfərlərinin, Bakıda səmimi görüşlərinin şahidi olmuşuq. Eyni zamanda  Azərbaycan Prezidentinin Moskvaya səfərlərində də Rusiya Prezidenti tərəfindən yüksək səviyyədə qarşılanması və dostluq münasibətlərinin nümayiş etdirilməsi iki dövlət arasında münasibətlərin səviyyəsini göstərir. Bundan başqa, rus xalqı ilə Azərbaycan xalqı arasında tarixi əlaqələr də mövcuddur. Hesab edirəm ki, bu gün dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda dövlət başçılarının mütəmadi görüşərək regional və beynəlxalq məsələləri müzakirə etməsi vacibdir. Xarici işlər nazirinin bu səfəri də həmin görüşün gündəliyinin razılaşdırılması və protokol məsələlərinin müzakirəsi baxımından qiymətləndirilə bilər. Ümumilikdə, bu cür səfərlər həm regionun təhlükəsizliyi, həm də geosiyasi proseslər baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə A. Məsiyev vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31