Əkbər Qoşalı: "Zəfərimizi qəbul etmək istəməyənlər ədalətsiz olduqlarını yaxşı bilirlər" – ÖZƏL

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, müharibədənsonrakı dövr olduqca çətin keçib. Dövlət başçısının sözlərinə görə, bəzi güclü xarici dairələr və dövlətlər Azərbaycanın qələbəsini qəbul etmək istəmir, ölkəni yenidən asılı vəziyyətdə saxlamaq və ədalətin tam bərpasına mane olmaq üçün müxtəlif fitnələr təşkil edirdilər.

Maraqlıdır, hansı xarici dairələr və dövlətlər qələbəni qəbul etmək istəmir?

"Prezident İlham Əliyevin bu fikrini konkret bir və ya iki dövlətə yönəlmiş fikir kimi qəbul etməkdənsə, bütövlükdə savaşsonrası geosiyasi mühitin xarakterizəsi olaraq qəbul etmək daha düzgündür. Həqiqətən də, 44 günlük savaşdan sonra Azərbaycanın yaratdığı yeni gerçəkliyi dərhal və səmimi şəkildə qəbul etmək istəməyən müxtəlif siyasi mərkəzlər mövcud idi. Bunların sırasında bəzi dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, müxtəlif lobbi qrupları, erməni diaspor şəbəkələri və bölgəyə köhnə geosiyasi prizma ilə baxan dairələr vardı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, onların bir qismi Azərbaycanın Zəfərini hüquqi və siyasi baxımdan kiçiltməyə çalışır, bir qismi "status-kvo"nun başqa ad altında saxlanılmasını istəyir, digərləri isə ölkəmizin suveren qərarvermə imkanlarını müxtəlif təzyiq mexanizmləri ilə məhdudlaşdırmağa cəhd göstərirdi. Sonrakı illərdə Avropa Parlamentində qəbul olunan bəzi qərəzli qətnamələr, AŞPA-da Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartlar, Fransanın açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edən siyasəti, habelə Kremldən əsintilənən müxtəlif informasiya kampaniyaları bu mənzərənin ayrı-ayrı təzahürləri kimi qiymətləndirilə bilər. Ancaq zaman göstərdi ki, tarixi gerçəkliyi uzun müddət inkar etmək mümkün olmur. Azərbaycan həm siyasi-diplomatik müstəvidə, həm də 2023-cü ildə öz suverenliyini tam bərpa etməklə nümayiş etdirdi ki, Zəfər bir hərbi nəticə olaraq, yeni bölgəsəl nizamın əsasını təşkil edən siyasi gerçəklikdir. Bu gün artıq əsas məsələ həmin gerçəkliyin qəbul olunub-olunmamasından daha çox, onun üzərində dayanıqlı barışın necə qurulacağıdır. Barışın dayanıqlı, qalıcı, təsirli olmssı üçün ilkin şərt onun ədalətli olmasıdır. Heç bir adil tərəf Azərbaycanın mövqeyindən rahatsız olmaz; rahatsız olan varsa, deməli, birmənalı şəkildə ədalətsizdir və ədalətsiz olduğunu özü çox qəşəng bilir.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31