Aşırımdan o yana…
11:31 Sosial18 iyul 1971-ci il. İlk baxış tarixi 55 il öncəyə təsadüf edən, (elə həmin il gün üzü görmüş) eyni adlı roman əsasında çəkilən "Qarlı aşırım" filminə baxmayan azərbaycanlı çətin tapıla. Ötən il martın 17-də - əsərin müəllifi - ustad Fərman Kərimzadənin (03.03.1937, Vedi - 17.03.1989, Bakı) anım günündə ADPU-da bir kitab tanıtımı oldu -
""Qarlı aşırım"ın tənqid variantları". Dəvətli olduğum həmin təqdbirdən bir qədər erkən ayrılmışdım və o gündən kitabı masamın üzərindən əskik etməmişdim; məqsdim, çıxış edərək deməli olduğum sözləri bir yazıya dönüşdürməkdi. Azərbaycan ədəbi düşüncəsinin yeni oxu mərhələsinə töhfə sayıla biləcək bu kitab haqqında yazı nəhayət 55 illik əlamətdar yubileyə dəng gəldi.
Bəli, bəzən kitablar çap olunduğu gündən ötə - oxunduğu gün doğulur.
Bəzən də elə kitablar olur, onları oxumaq üçün təkcə vaxt yox, daha geniş anlamda zaman lazım olur.
Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin birgə qələmə aldığı ""Qarlı aşırım"ın tənqid variantları" (Bakı, "Elm və təhsil", 2024) məhz belə kitablardandır. Kitabın ilk təqdimatından bir ildən artıq vaxt keçdi. Artıq vurğuladığım kimi, müxtəlif yaradıcılıq və ictimai işlər üzündən kitabı könlüm istəyən kimi incələmək imkanım olmamışdı. Nəhayət, budur, əsərin yaratdığı düşüncə müstəvisinə münasibət bildirmək imkanından şadam.
Bu kitab bir roman haqqında yazılmış kitabdan daha çox, oxumağın özü haqqında yazılmış kitab da sayıla bilər.
Bəs biz klassiklərimizi necə oxuyuruq? - Bəlkə də çağdaş Azərbaycan ədəbi tənqidinin qarşısında duran ən önəmli sual da elə budur.
Mədəniyyət yalnız mətn yaratmır; mədəniyyət mətni yenidən oxumağı da öyrədir.
Belə bir söz var, deyərlər: hər böyük əsər iki dəfə yazılır. - Birinci dəfə müəllif tərəfindən, ikinci dəfə isə zaman tərəfindən.
Birinci yazı qələmlə, bədii təsəvvürlə hasil olur, ikinci yazı isə təfəkkürlə...
Fərman Kərimzadənin "Qarlı aşırım" romanı Azərbaycan nəsrinin artıq klassikləşmiş örnəklərindəndir; lakin klassik olmaq toxunulmaz olmaq demək deyil. Əksinə, klassik əsər hər dönəmin öz işığını qəbul etməlidir. Çünki zaman dəyişdikcə oxucunun baxış bucağı da dəyişir.
Bax, elə buna görə də Təyyar Salamoğlunun irəli sürdüyü "Yenidən oxu" konsepsiyası sadəcə metodoloji termin olmaqdan çıxıb elmi vicdanın çağırışına çevrilir...
Bu, milli təfəkkürün müstəqillik dönəmində qazandığı estetik azadlığın ifadəsidir.
Uzun illər Azərbaycan ədəbiyyatşünaslığı sovet ideoloji koordinatları içində formalaşmış qiymətləndirmələrlə yaşadı.
Əsərlərə baxılırdı, bəli; ancaq mətnlər görünmürdü... Sanki eləcə tarix incələnirdi. Belə olunca yaddaş danışmırdı axı...
Sosial münasibətlər araşdırılırdı, milli ruh isə çox zaman kölgədə qalırdı.
Təyyar Salamoğlu məhz bu kölgəni işıqlandırmağa çalışır və çağırır.
Onun "Yenidən oxu" konsepsiyası köhnə hökm çıxarmaqdan uzaq olub, köhnə hökmləri yenidən düşünmək cəsarətinin özüdür.
Bu baxımdan sovet dönəmində yaranmış tənqid stereotiplərinin kitabda müqayisəli şəkildə təqdim edilməsi xüsusi önəm daşıyır. Kitabın sonunda verilmiş "Sovet ədəbiyyatşünaslığından seçmələr" bölməsinin də təsadüfi əlavə olmadığı aydındır. (Özəlliklə Asif Atanın (hələ Əfəndiyev soyadıyla yazdığı dönəmlərdə) "Müdriklik səlahiyyəti"ndə "Qarlı aşırım" haqqında vurğuları mənə daha maraqlı gəldi).
Bu, necə deyərlər, elmi polemikanın mədəni formasıdır.
Oxucuya deyilir:
-Bax, dünən belə düşünürdülər.
-Bu gün isə biz başqa cür baxırıq.
Buyur, qərarı sən özün ver.
Bu, elmin ən demokratik üslubudur.
Kitabın digər önəmli cəhəti iki fərqli nəslin eyni mətn üzərində dialoqudur.
Professor Təyyar Salamoğlu və yeni nəsil tədqiqatçısı Məhrux Dövlətzadə eyni əsəri fərqli intellektual təcrübələrlə oxuyur.
Bu həmmüəlliflik zahiri işbirliyindən daha artıq anlam daşıyır.
Burada nəsillər yarışmır, bir-birini tamamlayır. Əsl elm də elə bu deyilmi?
Elm təkcə fakt toplamaqla bitmir; elm - məktəb yaratmaqdır.
Əgər müəllimlə tələbə eyni kitabın müəllifinə çevrilə bilirsə, deməli, burada artıq fərdi yaradıcılıqdan üstün - elmi gələnək formalaşır.
Bu baxımdan ""Qarlı aşırım"ın tənqid variantları" Azərbaycan filologiyasında maraqlı bir akademik işbirliyi modeli kimi də diqqəti çəkir.
Məhrux Dövlətzadənin özəlliklə obrazların daxili psixologiyasına yönəlmiş incələmələri kitabın nəzəri yükünü praktik analizlə tamamlayır.
Qəmlo, Kərbəlayı İsmayıl, Abbasqulu bəy kimi obrazlar artıq yalnız müəyyən ictimai təbəqənin nümayəndələri olmaqdan çox, insan xarakterinin mürəkkəb daşıyıcıları kimi tanıdılır.
Bu yanaşma önəmli nəticəyə gətirib çıxarır: bəli, tarix siniflərdən daha irəli - insanlardan ibarətdir. İnsan isə heç vaxt yalnız ideologiya ilə izah olunmur.
Kitabın "Sözardı"sını ayrıca vurğulamaq istəyirəm.
Orada işlədilən zirvə, qar, aşırım, qan, yaddaş metaforları göstərir ki, müəlliflər üçün "Qarlı aşırım" artıq milli yaddaşın poetik simvoluna çevrilmişdir.
Özəlliklə bu fikir diqqətimi çəkdi:
"Yaxşı görmək üçün bəzən yaxınlaşmaq yox, uzaqlaşmaq lazımdır."
Bu cümlə mənə görə kitabın metodoloji düsturudur.
Zaman məsafəsi bəzən tarixi daha aydın göstərir. Çünki hadisənin içində olan insan emosiyanı görür, hadisədən uzaqlaşan isə mənanı...
Mədəniyyətin də öz aşırımları olur.
Hər xalq müəyyən tarixi aşırımlardan keçir.
Coğrafiyadakı aşırımlara, relyeflərə, suxurlara nə var... ən çətin aşırım şüurdadır...
Bir millət keçmişinə hansı gözlə baxırsa, gələcəyini də həmin baxış müəyyən edir.
Bu baxımdan ""Qarlı aşırım"ın tənqid variantları" Fərman Kərimzadənin romanı ilə birgə, Azərbaycan oxucusunun baxış bucağını da dəyişməyə çalışır.
Burada əsas qəhrəman kimi romanın özü çıxış etmir; əsas qəhrəman oxucudur.
Yaxın dostlar bilir, mən xeyli vaxtdır "Dərin mədəniyyət" anlayışı üzərində işləyirəm. Bu anlayışın əsas prinsiplərindən biri, mədəniyyətin yalnız irs yaratmaması, irsi yenidən anlamlandırması ilə bağlıdır.
Əgər hər nəsil klassikləri yalnız təkrar edəcəksə, onda mədəniyyət dayanmazmı?..
Əgər hər nəsil klassikləri inkar edəcəksə, onda yaddaş qırılmazmı ola?..
Əsl yol üçüncü yoldur. - Yəni, yenidən oxumaq, yenidən anlamaq, yenidən yaşamaq!
Təyyar Salamoğlunun "Yenidən oxu" konsepsiyası ilə "Dərin mədəniyyət" anlayışı məhz bu nöqtədə qovuşur.
Hər ikisi keçmişi dağıtmağa yox, onun dərin qatlarını üzə çıxarmağa xidmət edir.
Mənə elə gəlir, bu kitabın ən böyük xidməti bir romanı başqa cür izah etməsi ilə bitmir; ən böyük xidmət budur ki, o, Azərbaycan ədəbi tənqidinə önəmli bir sualı yenidən qaytarır:
Biz əsərləri doğrudanmı oxumuşuq, yoxsa onlar haqqında yazılmış hökmləri oxumuşuq?
Bax, bu sualın özü belə artıq elmi hadisə sayılmağı haqq edir.
Çünki həqiqi elm cavab verməzdən öncə sual verməyi bacarır.
"Qarlı aşırım"ın zirvəsinə qalxmaq çətindir. Belə görünür, ondan da çətini zirvəyə çatdığını zənn edən düşüncənin yenidən yola çıxmasıdır.
Təyyar Salamoğlu və Məhrux Dövlətzadənin ortaq kitabı məhz həmin yeni yolun başlanğıcını nişan verir.
Bu yolun adı isə çox sadədir: Yenidən oxumaq. Vəssalam!
Əslində, "Qarlı aşırım"ın yeni tənqidi variantları bütövlükdə Azərbaycan ədəbi düşüncəsinin yeni variantlarının başlanğıcıdır. Əgər klassik əsərlər hər dönəmdə yeni suallar doğura bilirsə, deməli, onlar yaşayır. Yaşayan mətn isə heç vaxt tamamlanmır; o, hər böyük oxucusu ilə yenidən yazılır.
Görünür bəzən bir xalqın gələcəyi onun yeni kitab yazmasından çox, öz böyük kitablarını yenidən oxumağı bacarmasından asılı olur...
Bu duyğu-düşüncələrlə, hər iki müəllifə, kitabın elmi redaktoru Prof.Dr. Mahirə Nağıqızına, önsöz yazarları - Prof.Dr. Seyfəddin Rzasoya, ustadın qızı Yeganə Kərimzadəyə, rəyçilər Dos.Dr. Razim Məmmədliyə, Dos.Dr. Mehdi Gəncəliyə salam-sayğılarımı yetirirəm.
Əkbər Qoşalı,
Beynəlxalq "Alaş" Ədəbiyyat ödülü laureatı