“Böyük kino üçün çox darıxmışam”

Elmira Şabanova: “Biz Azərbaycana dönüb neorealizm ekranlaşdırmalıyıq”

Xalq artisti Elmira Şabanova sonuncu dəfə 6 il bundan əvvəl filmə çəkildiyini deyir. O, çox böyük məmnuniyyətlə kinoya yeni dəvət gözləyir. Bu yaxınlarda yeni televiziya serialında rola alan sənətkar ən böyük obrazını oynayacağı günü gözləyir. 72 yaşlı E.Şabanova kino yaradıcılığını, eləcə də həyatının yaddaqalan məqamlarını "Azadinform"la bölüşüb:

- Niyə bir neçə müddətdir ki, sizi ekranlarda görmürdük?

- Sonuncu dəfə 2006-cı ildə rejissor Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində kiçik bir rol ifa etdim. Ondan sonra dəvətlər olmayıb. Böyük kino üçün çox darıxmışam. Kino tamam  başqa sahədir. Yaxşı rejissorlar filmlər çəksə, böyük məmnuniyyətlə oynayaram. Seriallara isə dəvət çox olur. Lakin qəbul etmirəm. Bəlkə də yaşıma görə heç nəyi bəyənmirəm. 2002-ci ildə isə sonuncu dəfə "Gəlinlər" adlı televiziya tamaşasında Şərəf rolunu ifa etdim. Əslində, məni dəvət etməyənləri başa düşürəm. Çünki sənətkar gərək vaxtında təqaüdə getsin. Vaxtilə çox rollar ifa etmişəm. Əgər yaşıma uyğun, ürəyimcə olan obraz olsa, ifa edərəm. 72 yaşım var. 

- Amma sizi ANS telekanalında yayımlanan "Ağabəyovlar" serialında görürük...

- Prezidentin fərdi təqaüdü ilə evdə oturub ailəm, övladlarım, nəvələrimlə məşğul olurdum. Amma bəlkə də elə bu seriala çəkildiyim üçün özümü indi çox yaxşı hiss edirəm. Çünki mən yaşda insanlar evdə oturanda xəstəliklər tapılır. Amma səhərdən axşamadək çəkilişdə olduğum üçün hər şeyi unuduram və əhval-ruhiyyəm də yaxşı olur, böyük həvəslə işləyirəm. "Ağabəyovlar" 100 seriyalı nəzərdə tutulub. Məni ekrandan "Gəlinlər"dəki Şərəf xanım kimi məsum, sakit xarakterlər ifaçısı kimi tanıyırlar. Lakin buradakı rolum çox maraqlıdır, xoşum gəlir. Çünki xasiyyətimə tamamilə uyğun olmayan obrazdır. Hökmlü, öz dediyini yürüdən, kobud danışan bir qadın rolunu ifa edirəm. Mən serialın rejissoru Vahid Mustafayevə çox təklifdən imtina etdiyimi bildirdim. Lakin o məni yola gətirdi ki, keçmiş intelligent, sözü düz deyən xanım obrazını məndən başqa heç kim yaxşı  ifa edə bilməz. Düşündüm və həm də yaşıma uyğun olduğuna görə dəvəti qəbul etdim.

- Azərbaycanda serial çəkməyin və seriala çəkilməyin hansı çətinlikləri var?

- Əgər bacarıqlı rejissor olarsa, indi serial çəkmək çox asandır. Dövlət tərəfindən bunun üçün kifayət qədər də vəsait ayrılıb. Lakin çox təəssüf ki, Azərbaycan serialları eyni vaxtda nümayiş etdirilir. Mən demək olar ki, əksəriyyətinə baxmağa çalışıram, çünki ilk növbədə bir mütəxəssis kimi onları analiz edirəm. Elə serial var ki, başlayan kimi kanalın yerini dəyişməyə məcbur edir, elə serial var ki, bir seriyası yaxşı alınır, biri pis. Əlbəttə ki, qonşu Türkiyə və Rusiyada da zəif və güclü seriallar var. Bizim telekanallarda yayımlanan "Qağayılar", "Pərvanələrin rəqsi", "Sirr" seriallarına baxıram. Aktyor işi pis deyil. Lakin serialda aktyor və rejissor işindən öncə ssenari və süjet xətti, hadisələrin gedişatının maraqlı olması əsas şərtdir. Bizdə serial çəkməyə başlayanda türk seriallarındakı kimi mafiya, vurub yıxmaq, öldürmək səhnələrinə daha çox üstünlük verdilər. "Kurtlar vadisi" serialının təsiri altında çəkməyə çalışdılar. Halbuki ailə-məişət mövzusundan tutmuş o qədər qabardılası problemlərimiz var ki! Əgər tamaşaçı serialın vaxtını səbirsizliklə gözləyirsə, bütün iş-gücünü atıb ekran qarşısına keçməyə məcbur olursa, demək serial maraqlıdır. Məsələn, mən  Türkiyənin "Möhtəşəm Yüz Yıl" serialına böyük həvəslə baxıram.

- Elmira Şabanova deyəndə göz önünə ana obrazı gəlir. Nəyə görə sizi əsasən ana rollarına çəkirlər?

- Kinoya 16 yaşımda Ağarza Quliyevin "Səhər" filmindəki Sevda rolu ilə gəldim. Mədəniyyət və İncəsənət İnstitutunun 3-cü kursunda oxuyanda rejissor Rüfət Şabanovla ailə həyatı qurdum. Həyat yoldaşım yalnız 40 yaşımdan sonra filmə çəkilməyə icazə verəcəyini bildirdi. İnstitutda dərs deməyə başladım. Öz aktyor qabiliyyətimi tələbələrimə verdim. 20 il heç bir kinoya çəkilmədim. Sonra o özü məni "Gəmi saatının sirri" filmi ilə yenidən ekranlara qaytardı. Bir-birinin ardınca "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "Fəryad", "Gecə qatarında intihar", "Əlvida, cənub şəhəri" kimi bir neçə filmə çəkildim və əsasən ana rolları ifa etdim.

- İtirdiyiniz 20 ilin peşmançılığını çəkmirsiniz?

- Rüfət mənə filmə çəkilməyə qadağa qoyanda əslində, onu anlayırdım. Çünki məhəbbət səhnələrini oynayan gənc aktrisalar haqqında min cür söz yayılır. Rüfət də bundan qorxurdu, haqqımda söz-söhbət yayılmasını istəmirdi. Heç vaxt peşman olmamışam. Çünki əvvəl-axır bir aktrisa kimi öz sözümü  dedim. Dövlətin aktrisaya layiq olan fəxri adlar və mükafatlarını aldım. Ən yüksək kateqoriyalı aktrisa kimi yaxşı maaş aldım. Düzdür, o 20 ildə çox əziyyət çəkdim, hətta ağladığım vaxtlar da olurdu. Ekrana baxıb deyirdim ki, "bax, bu rolu mən oynaya bilərdim". Tanınmış kinorejissorlar Arif Babayevdən tutmuş, Həsən Seyidbəyli, Rüstəm və Maqsud İbrahimbəyovlara kimi hamısı kinoya çəkilməyə çağırırdılar. Mənsə bacarığımı tələbələrimə verməklə  "qurdumu öldürürdüm". Sonra məni bir nömrəli aktrisa hesab edən məşhur rejissorlar Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov teatra dəvət etdi. Bir müddət Akademik Milli Dram Teatrına gedib-gəldim. Lakin mənə uyğun olmayan rol olmadığı üçün çıxdım. Sonra Məlik Dadaşovun dəvəti ilə Rus Dram Teatrına getdim, 1990-cı ildən 1993-cü ilədək orada çalışdım. Bir neçə uğurlu rol ifa etdim. Həyat yoldaşım hər gün gəlib məni teatrda qarşılayırdı, müvəffəqiyyətlərimə sevinirdi. Lakin sonrada qızım ailə qurdu, oğlum Moskvada oxuyurdu, həyat yoldaşım xəstələndi. Dərs də dediyim üçün  bunların öhdəsindən gələ bilmirdim. Həmin illərdə "Təhminə və Zaur" filminə də dəvət aldım, artıq vaxtım çatmırdı. İnstitutdan çıxmaq istəsəm də, həyat yoldaşım: "Yalnız mən öləndən sonra" dediyinə görə teatrdan ayrılası oldum. 1997-ci ildə isə müəllimlik fəaliyyətimi də dayandırdım. Artıq düşünürdüm ki, ekrana çıxmıram və yəqin ki, məni unudublar. Hətta çoxları elə bilirdi ki, ölmüşəm. Lakin küçəyə çıxanda məni görüb tanıdılar, hətta yaxınlaşıb hal-əhval tutdular, çoxları səsimdən tanıdıqlarını bildirdilər. Bu məni çox sevindirdi. 

- Kinoda ana olmaq asandır, yoxsa həyatda?

- Əlbəttə, həyatda ana olmaq çətindir. Bütün övladların dərdini çəkirsən, onlara kömək etmək istəyirsən. Kinoda isə yalnız obraz ifa edilir. Lakin istənilən obraz mənim üçün asandır. Kamera qarşısında çox sərbəstəm, qorxmuram. 16 yaşımda ilk dəfə "Səhər" filminə çəkiləndə rejissor  sərbəstliyimə heyran qalmışdı. Amma şəkil çəkdirməyi sevmirəm. Elə cavanlıqdan fotogenik olmadığımı düşünürəm. Tamaşaçılarım, tələbələrim şəkil çəkdirmək istəyəndə də adətən qaçıram. Amma yenə də imtina edə bilmirəm. Ana və nənə kimi çox xoşbəxtəm. Moskvada yaşayan oğlum Fuad Şabanovun 14 yaşlı qızı Ayla Şabanova bu yaxınlarda zəng edib rəqs festivalında qalib olduğunu dedi. Özü də həmin gün Azərbaycanda Bayraq günü olduğu üçün bayrağımızla "Azərbaycan" rəqsini ifa edib. Bunu sevinclə mənə danışdı. Bakını çox sevir, hər il yayda bura gəlir. Övladlarım və nəvələrimin vətənpərvər olmasına çox sevinirəm. 

- Eşitdiyimizə görə, pərəstişkarlarınız çox olub. Sizə eşq elan edənlər arasında incəsənət nümayəndələri vardı?

- Bəli, özü də çox. Lakin onların arasından Rüfət Şabanovu seçdim. Mən tələbə olanda o, kinostudiyada və Rus Dram Teatrında işləyirdi. "Səhər" filmindən məni tanıyırdı. İnstitutdan Rus Dram Teatrına təcrübəyə gedəndə isə vurulub və izləməyə başlayıb. Birinci kursda məni Tofiq Tağızadə ilə birgə çəkdiyi "Əsl dost" filminə dəvət etdi. Lakin çəkilişlər Nabranda, Yalamada olmalıydı və mən valideynlərimdən icazə alınmasını istədim. Rüfət çox mədəni, savadlı insan idi, zəng edib valideynlərimi razı saldı.  Onlara söz verdi ki, "özüm Elmiranın qeydinə qalacam". Çəkiliş boyu gözü  üstündə oldu, heç kimi mənə yaxın qoymadı. Bütün yaradıcı heyətə demişdi ki, bu qızı mən alacam. Amma məndən 17-18 yaş böyük idi. Mənə evlənmək təklif edəndə qəbul etmədim. "Rüfət müəllim, axı, mən sizi heç sevmirəm..." dedim. Bu sözə görə məndən incidi, 3 gün danışmadıq, çox pis oldum. Ancaq sonra ona diqqət edib çox yaxşı, tərbiyəli insan olduğunu gördüm, özüm ona vuruldum. Rüfətlə nişanımıza bir neçə gün qalmış Hamlet Qurbanov evlənmək təklif etdi. Mənə böyük məhəbbəti vardı. Onunla institutda bir oxuyurduq, bizdən 2 kurs yuxarıda təhsil alırdı. 

- Ürəyinizdə oynamaq istədiyiniz xarakter  qalıb?

- İndi heç bir rol arzulamıram. Bəlkə yaşıma görədir, bəlkə səviyyə məni qane etmir. Çox istedadlı rejissor olarsa, "Ledi Maqbet" olmaq istərdim. Asan olmayan, dərin düşünə biləcəyim, axtarıb araşdıracağım rol oynamaq istərdim.

- 40-a yaxın filmə çəkilmisiniz, heç bunların arasında həyatınız yaxın məqamlar tapmısınızmı?

- 1983-cü ildə çəkilən "Ötən ilin son gecəsi" filmindəki Həmidə rolu mənim həyatıma yaxındır. O da müğənni olmaq istəyir, lakin sənətini ailəsinə qurban verir. Dövlət Film Fondu bu filmi bərpa edib, hər ilin yeni il gecəsində televiziyada nümayiş etdirilir. Həmidə ən uğurlu rollarımdan biridir. Bu film ekranlara çıxandan sonra  sovet respublikalarından çoxlu zənglər, məktublar gəlirdi.

- Əvvəlcə aktyor, sonra rejissor kimi təhsil almısınız. Heç özünüzü rejissor kimi sınamaq istəmisinizmi?

- İnstitutda dərs deyəndə Tədris Teatrında bir neçə tamaşa hazırladım. Lakin təvazökarlıq etdiyim üçün özümü rejissor kimi böyük səhnədə sınamadım. Hətta Mehdi Məmmədov mənə dedi ki, "elə bilirdim sən təkcə yaxşı aktrisasan, sən həm də yaxşı rejissorsan".

- 50 ilə yaxın kino sənətində olan bir sənətkar kimi bu sahədə hansı dəyərlərin dəyişdiyini görürsünüz?

- Çox şey dəyişib. O vaxt film çəkməyi öz sözünü deyən rejissorlara həvalə edirdilər. Hər adama vermirdilər. Ona görə də maraqlı alınırdı, indiyədək də baxılır. Potensialı olan aktyoru isə hər zaman tapmaq mümkündür. Sovet dövründə filmlər 3 kateqoriya ilə qiymətləndirilirdi. "Nəsimi", "7 oğlu istərəm" kimi filmlər birinci kateqoriya hesab edilirdi. Lakin indi o vaxtın üçüncü kateqoriyalı filmlərinə də maraqla baxırlar. O vaxt yalnız iki - Azərbaycan və Rusiya kanalları vardı. İnsanlar kinoya baxmaq üçün kinoteatra, tamaşaya baxmaq üçün teatra gedirdi. İncəsənətə ac insanlar özlərini bu cür doyuzdururdular. İndi isə insanları heç nə ilə təəccübləndirmək mümkün deyil. Çox sayda telekanal, kompüter, internet baş alıb gedir. Kompüterlə nəyə istəsən baxmaq olar. İnsanlar hər şeyə toxdurlar. Evdə yemək çox olanda iştah olmur.

- İnsanların kinoya marağını necə qaytarmaq olar?

- Bu, çox çətin məsələdir. Mən ilk növbədə kompüterdən istifadəni qadağan edərdim. İnternet həm insanların vaxtını çox alır, həm də əsəblərini korlayır. 3-5 yaşında kompüter işlədə bilən uşağın gələcəyi korlanır. Texnika ilə insan özü-özünə qəsd edir. Sovet dövründə rentgenə gedirdik, ikinci dəfə gedəndə icazə verilmirdi ki, şüalanmaya məruz qalacaqsınız. Televiziyadan uşaqları qorumaq olmur. Gələcəyimiz üçün narahatam. Gələcək nəslimin xəstəlik tapmasından qorxuram. 

- Müasir Azərbaycan kino sənətinə neçə qiymət verərsiniz?

- Teatra az getsəm də, bütün kinolara, seriallara baxmağa çalışıram. Qiymətləndirirəm, analiz edirəm. Hələ Azərbaycan kinosu istənilən səviyyədə deyil, buna görə də üç qiyməti verərəm.  Amma bir neçə ilə formalaşacağına əminəm. Gənclərə film çəkmək və festivallarda nümayiş etdirmək üçün böyük imkanlar verilib. Sovet dövründə hər şeyi Moskva həll edirdi. Festivallara hansı kinonun gedib-getməməsinə onlar qərar verirdilər. Hər zaman da əvvəlcə öz filmlərini göndərməyə çalışırdılar. Kinomuzun dirçəlməsini, təkcə Azərbaycanda yox, xarici ölkələrdə maraqla baxılan filmlər çəkilməsini istərdim. Buna imkan da var. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsi bizi unutmasa, yeni filmlərə böyük məmnuniyyətlə çəkilərəm. 

- Azərbaycan kinosunda hansı mövzulara ehtiyac var?

- Vaxtilə İtaliyada neorealizm cərəyanı vardı. Neorealizm həyatımızda olan problemləri,   kasıbçılığı dəqiqliklə göstərməyə imkan verir. Məncə, biz Azərbaycana dönüb neorealizm ekranlaşdırmalıyıq. Rejissor Rasim Ocaqov bu cərəyanı çox sevirdi. İndi çəkilən film və seriallarda mafiya göstərirlər, hamı maşın sürür, hamı biznesmendir, hamının villası, qulluqçuları var. Amma adi insanların həyat tərzi, onların yaşamı, problemlərini göstərmək lazımdır. Axı, bizim problemlərimiz çoxdur. Axı, həyat xarici filmlərdəki kimi villa, maşın və puldan ibarət deyil! 

- Azərbaycanda yaxşı kinoaktyorlar varmı?

- Bizim xalqımız istedadlıdır. Hamı oxuyur, oynayır. Şekspir deyirdi ki, həyat teatrdır, insanlar aktyor. Lakin indiki aktyorların çoxunda təqdim etmək mədəniyyəti, intellektual səviyyə, dünyagörüşü çatmır. Kitab oxumurlar, internet hamının başını xarab edib. Hətta Cəfər Cabbarlını tanımayan tələbə var. Ona görə də bəzi kino və seriallar da primitiv çəkilir. 

- Ustad kimi sizdən dərs almaq istəyən gənc aktyorlar varmı?

- Yox. İndiki cavanlar özlərini artıq aktyor hesab edir. Qəribə düşüncə var: bir dəfə efirə çıxan elə bilir ki, artıq onu hamı tanımalıdır. İlk dəfədən populyar olmaq istəyirlər. Müasir cavanlar çox tələsirlər. Bir dəfə ekrana çıxıb, rol oynayıb Xalq artisti fəxri adı almaq istəyirlər. Biz illərlə gözləyirdik. Mən 60 yaşımda Xalq artisti adını aldım. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31