Keçmişin Qapısından - Cavid İSMAYIL yazır
15 Avqust 19:40 SosialCavid İSMAYIL
Əfəndilər!
Bəzən insanın ən böyük təsəllisi keçmişinə qayıda bilməsidir.
Şərurda, doğulub boya-başa çatdığım, uşaqlığımın və analı-atalı yeniyetməlik illərimin keçdiyi evdəyəm. İndi bu evdə heç kim yaşamır. Amma ev boşalsa da, onun yaddaşı hələ də yaşayır. Hər küncündə bir xatirə, hər otağında ömrümün bir parçası var.
Bu qapıdan içəri girən kimi illər sanki geri çəkilir. Uşaqlığım, ailəmlə keçirdiyim günlər, o zamanların sadəliyi və doğmalığı bir-bir yaddaşımda canlanır. Sanki zamanın içindən keçib yenidən o günlərə qayıdıram.
Ən çox da atamın iş otağında oturanda qəribə bir rahatlıq hiss edirəm. Onun yazı masasının arxasında, illərlə oxuduğu və toxunduğu kitabların əhatəsində oturub uzun-uzadı düşünürəm. O masa, o kitablar, o otağın səssizliyi mənə atamı və onun dünyasını xatırladır. Sanki özü burada deyil, amma ruhu hələ də bu otağın hər guşəsində yaşayır.
Bəzən düşünürəm ki, evləri ev edən içindəki əşyalar deyil, orada yaşananlardır. Səslər, baxışlar, söhbətlər, gülüşlər, qayğılar... İnsan böyüdükcə anlayır ki, uşaqlığında adi hesab etdiyi nə qədər şey əslində həyatının ən böyük sərvəti imiş.
Bu ev mənim üçün sadəcə bir ev deyil. Burada mənim uşaqlığım yaşayır. Burada anamın, atamın izi var. Burada mənim ilk xatirələrim, ilk duyğularım, həyatımın ən saf və qayğısız çağları var.
Hər dəfə buraya gələndə bir az kövrəlirəm. Amma qəribədir ki, buradan həmişə bir az da güclənərək çıxıram. Sanki keçmişimlə görüşmək mənə gələcəyə davam etmək üçün yeni bir ruh verir.
Bəlkə də insanın bəzən dayanıb geriyə baxmağa ehtiyacı var. Haradan gəldiyini, kimlərin sevgisi ilə böyüdüyünü, hansı evin, hansı xatirələrin onu bu günkü insan etdiyini xatırlamaq üçün...
Çünki bəzi qapılar sadəcə evə açılmır.
Bəzi qapılar insanı öz keçmişinə, özünə və ruhunun ən doğma yerinə aparır.