Naxçıvan Dövlət Milli Dram Teatrında "Pəri Cadu" tamaşasının məşqləri davam edir

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yeni mövsümün ilk səhnə əsərinin hazırlıq prosesi sürətlə davam edir. Teatrın yaradıcı heyəti görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərini həyata keçirir.

Bu səhnə əsəri klassik dram çərçivəsindən çıxaraq absurd teatrın dili və simvolik baxış bucağı ilə səhnədə canlanır. Qurbanın yoxsulluqdan qaçış cəhdi, Pəri Cadu ilə görünməz tellərlə bağlanması və maddiyyatın altında əzilən insan ruhu səhnədə vizual simvollarla ifadə olunur. Mənəvi ziddiyyətlər, nəfs və Xeyir-Şər mübarizəsini ön plana çəkən tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərovdur. Tamaşanın quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubovadır.

Səhnə əsərində rolları teatrın tanınmış və istedadlı aktyorları - Zəminə Məmmədova (Pəri Cadu), Əlizamin Abbasov (İblis), Zülfiyyə Zeynalova (Şamama cadu), Əməkdar artist Behruz Haxverdiyev (Təlxək əcinnə), Uğur Nəsirli (Birinci əcinnə), Xəlil Hüseynov (İkinci əcinnə), Cəbrayıl Nəbiyev (Dərviş), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova (Hafizə xanım), Anar Eyvazov (Əmrah), Zakir Fətəliyev (Rəhim), Şölə Alışova (Sayad), Məmməd Mehdiyev (Qurban), Ləman Vəlizadə (Səlimə), Saynur Babayev (Niyaz) və Ələsgər Quliyev (Çoban) oynayırlar. Tamaşada rəqqasə obrazlarında Vəfa Qurbanova, Şəbnəm Qaybalıyeva və Leyla Yaqubova, dərviş obrazlarında isə Amil Yusifov, Ramil Məmmədov və Seyfəddin Məmmədzadə iştirak edirlər.

Müasir teatr estetikasına uyğun olaraq hazırlanan tamaşanın premyerasının sentyabrın 19-da keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31