TRIPP ətrafında yeni gərginlik: İranın etirazı nə vəd edir?- ÖZƏL

İranın TRIPP layihəsi ilə bağlı mövqeyi sərtləşib. SEPAH general-mayoru Rəhim Səfəvi Ermənistanla layihə üzrə ilkin razılaşmanın olmadığını, Tehranın öz "qırmızı xətlərini" İrəvana çatdırdığını bildirib.

Səfəvi layihənin hazırkı formatını İran üçün təhlükə hesab edib və xüsusilə ABŞ-nin regionda təhlükəsizlik roluna qarşı çıxıb. O, təhlükəsizliyin ABŞ hərbçilərinə həvalə olunacağı təqdirdə İranın buna cavab vermək hüququnu saxladığını deyib.
Tehranın mövqeyi TRIPP ətrafında nəqliyyatla yanaşı, ciddi geosiyasi və təhlükəsizlik rəqabətinin də olduğunu göstərir.

İranın TRIPP layihəsinin hazırkı formatına qarşı sərt mövqeyi layihənin reallaşmasına və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılmasına nə dərəcədə təsir göstərə bilər?
ABŞ-nin TRIPP-də təhlükəsizlik roluna İranın etirazı regionda yeni geosiyasi qarşıdurma riskini artıra bilərmi?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" İranın TRIPP-in hazırkı formatına qarşı mövqeyi kommunikasiyaların açılması məsələsində, əlbəttə ki, mənfi nəticələr doğura bilər. Çünki əgər İran özü üçün bunu təhlükəsizlik məsələsi elan edəcəksə və layihənin milli maraqlarına uyğun olmadığını bildirib, neqativ fəaliyyətlə müşayiət edəcəksə, proses əlbəttə ki, ləngiyəcək, yubanacaq və nəticə əldə etmək üçün biz bir müddət gözləməli olacağıq. Ancaq bu, o demək deyil ki, tək İranın mövqeyi və yaxud da layihənin reallaşmasına qarşı olması layihənin tamamilə aradan qalxması deməkdir.
Ona görə ki, Azərbaycan da, Ermənistan da müstəqil dövlətlərdir, onların öz maraqları hansısa İranın və yaxud hansısa başqa bir ölkənin maraqlarından üstün ola bilməz. Bakı da, rəsmi İran da xarici siyasətini formalaşdırarkən, təbii ki, ilk sıraya öz maraqlarını qoymalıdırlar və qoyurlar. Azərbaycan tərəfi dəfələrlə bəyan edir ki, Azərbaycanın regionda imzası olan istənilən layihə heç bir halda İrana, ya da başqa bir ölkəyə, üçüncü tərəflərə qarşı ümumiyyətlə nəzərdə tutulmur, qarşı deyil.
Bu, tamamilə sivil məqsədli layihələrdir və bu layihələrdə iştirak etməklə bizimlə bərabər bütün tərəflərə də faydalar gətirir. Ancaq burada məsələ nədən ibarətdir? Bu TRIPP məsələsi əslində bir növ Azərbaycandan daha çox Ermənistanı maraqlandıran məsələdir. Çünki TRIPP-in idarə edilməsi məsələsində Ermənistan-ABŞ ortaq şirkətinin yaradılması nəzərdə tutulmuşdur və bu da ona görə İran tərəfindən öz milli maraqlarına təhdid kimi qiymətləndirilir. Çünki İran Ermənistan tərəfinə əvvəl də çatdırmışdı ki, bizim müharibə şəraitində olduğumuz bir ölkəni siz bölgəyə tərəfdaş kimi gətirirsiniz, onun bir layihə adı altında burada təhlükəsizlik xidmətinin həyata keçirilməsi və s. iqtisadi baxımdan, həmçinin bu kimi məsələlər planlanır və bunu qəbul etməyəcək.
Ona görə də İran əslində bu məsələdə Ermənistan tərəfi ilə, ola bilsin ki, münasibətlərinə yenidən baxmalı olacaq və ya Ermənistandan tələb ediləcək ki, birmənalı olaraq bundan imtina etsin və yaxud, dediyim kimi, burada birmənalı imtinadan söhbət getməyəcək.
İndi ola bilər Ermənistan tərəfi də hər hansı bir dəyişikliklə və ya yenidən formalaşdırmaqla İranı razı salmağa çalışacaq, yaxud da ABŞ-ın üzərinə indi yük düşəcək ki, bu məsələdə İranı çox qarşısında qoysun, digər məsələlər kimi, Hörmüzdə əldə etmək istədiyi güzəştlər kimi, bu TRIPP məsələsində də İranın neytrallığını, səssiz qalmasını təmin etsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31