Türkiyənin Yaxın Şərqdə artan rolu: Ankara yeni təhlükəsizlik arxitekturası qurur- ÖZƏL

" Ərdoğan-Tramp telefon danışığında İran-ABŞ gərginliyinin ön plana çıxması Türkiyənin Yaxın Şərqdə yalnız prosesləri izləyən deyil, müxtəlif tərəflərlə danışa bilən diplomatik aktora çevrildiyini göstərir. Ankara uzun müddətdir ABŞ, Rusiya, İran və Körfəz ölkələri ilə paralel dialoq kanallarını qorumağa çalışır. Bu baxımdan Türkiyənin əsas üstünlüyü ondan ibarətdir ki, o, həm NATO üzvüdür, həm də İranla coğrafi və iqtisadi əlaqələrə malikdir. Ərdoğanın diplomatik həllə vurğu etməsi də Türkiyənin regional eskalasiyanın nəzarətdən çıxmasının qarşısını almaqda maraqlı olduğunu göstərir. Çünki İran-ABŞ qarşıdurmasının genişlənməsi ilk növbədə regionun enerji, logistika və təhlükəsizlik xəritəsinə ciddi təsir göstərə bilər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

" Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı arasında imzalanan Birgə Müdafiə Anlaşması isə bu prosesə daha geniş təhlükəsizlik prizmasından baxmağı tələb edir. Bu format üç ölkənin hərbi əməkdaşlığını dərinləşdirməklə yanaşı, İslam dünyasında təhlükəsizlik məsələlərinin regional mexanizmlərlə həllinə meylin gücləndiyini nümayiş etdirir. Burada söhbət ABŞ-ın bölgədən tam sıxışdırılmasından getmir. Əksinə, Vaşinqton üçün yeni reallıq ondan ibarətdir ki, Ankara, Ər-Riyad və İslamabad öz təhlükəsizlik prioritetlərini daha koordinasiyalı şəkildə formalaşdırmağa çalışırlar.
ABŞ-Türkiyə münasibətlərinə təsir isə iki istiqamətdə ola bilər. Bir tərəfdən Ankara regional təhlükəsizlikdə daha müstəqil xətt yürütməklə Vaşinqtonla bəzi məsələlərdə fikir ayrılıqlarını artıracaq. Digər tərəfdən Türkiyənin İranla danışa bilməsi, Körfəz ölkələri ilə əlaqələri və NATO daxilindəki mövqeyi ABŞ üçün onu əvəzolunmaz diplomatik tərəfdaşa çevirir. Yəni burada rəqabətdən çox qarşılıqlı asılılıq modeli formalaşır.
Nəticə etibarilə Ankara özünü Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri kimi təqdim edir. İran-ABŞ gərginliyi isə Türkiyənin bu iddiasını diplomatik müstəvidə sınayan ən mühüm regional hadisələrdən biridir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31