Politoloqdan rusiyalı jurnalist və ekspertlərə sərt reaksiya: “İt hürər, karvan keçər”- ÖZƏL

Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları- jurnalist İvan Knyazev, siyasi texnoloq Semyon Uralov və politoloq Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq aparıldığını açıqlayıb.
Məlumata görə, onların "Çistota ponimaniya" layihəsində Azərbaycan əleyhinə zorakı çağırışlar, ölkənin konstitusiya quruluşunun dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması və milli nifrətin qızışdırılması ilə bağlı fikirlər səsləndirdikləri müəyyən edilib.
İstintaqın materiallarına əsasən, şəxslər Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə açıq çağırışlar və milli nifrət və düşmənçiliyin salınması maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onlar Azərbaycan xaricində olduqları üçün barələrində axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

" Aydın məsələdir ki, bu tipli açıqlamalar özbaşına verilmir və Kremlin əlində kifayət qədər böyük bir troll şəbəkəsi var. Belə deyək, Kremlin hər zaman nəzarətində belə şəxslər olub.
Müəyyən qələm sahiblərinə, ictimai nüfuzu və yaxud müəyyən kütləyə sahib olan şəxslərə ödənilən vəsait hesabına sifarişli yazılar yazılır və bununla da bir növ yumşaq güc siyasəti həyata keçirməyə çalışırlar. Amma bu tipli cəhdlər çox ucuz və əhəmiyyətsizdir. Azərbaycan çadır dövləti deyil, qəbilə dövləti deyil. Azərbaycan kiçik olsa da, istənilən ölkə üçün baş ağrısına çevrilə biləcək potensiala malikdir. Həmçinin kifayət qədər ciddi diplomatik əlaqələrimiz var. Bizim kifayət qədər ciddi nüfuzumuz var. Azərbaycanı belə hədələrlə nəsə etməyə məcbur etmək mümkün deyil. Əgər bu şəxslərin verdiyi məlumatlar və yaxud dedikləri şeylər bu qədər özlərini bir nəsə hesab etmələrinə əsas verirsə, o zaman biz rahatlıqla deyə bilərik ki, Rusiya bir gün parçalanacaq. Rusiyanın ərazisində müxtəlif xalqlar müstəqil olacaq. Bu arada, mənim dediyim bu versiya həmin şəxslərin qeyd etdiyi şeylərdən çox daha real bir şeydir.
Rusiyanın özündə bu gün ciddi assimilyasiya prosesi gedir. Etnoslara qarşı ciddi təzyiq var. Xüsusən Tatarıstan və Başqırdıstan ümumiyyətlə müxtəlif statuslar əldə etməyə çalışırlar. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Rusiyanın bu tipli addımları olub və ehtimal ki, bundan sonra da olacaq. Rusiya Azərbaycanın ona qarşı uzatdığı əli düzgün qiymətləndirmir. Amma Azərbaycan qonşuları ilə bərabərhüquqlu və şəffaf münasibətlər qurmağa var gücü ilə çalışır. Bizim niyyətimiz, istəyimiz müharibə və ya siyasi qalmaqal yaratmaq deyil. Amma yox, əgər bundan ötrü kim isə nəsə edəcəksə, Kremldən sifarişli yazılar gələcəksə, Azərbaycanın da kifayət qədər qələm sahibləri var və onlar da Rusiya üçün tutarlı, arqumentli yazılar hazırlayarlar.
Amma bu tipli adamlara baş qoşmaq belə ümumiyyətlə lazım deyil. Hər halda, Kremldən verilən müəyyən bir büdcə ilə konyak və digər spirtli içkilər içib, kolbasa yeyərək, zəvzək-zəvzək şeylər danışmaqla məşğuldurlar.
Bu tip insanları ciddi almağın tərəfdarı deyiləm. Yəni, Rusiya prezidentinin və yaxud rusiyalı rəsmilərin ağzından bir ciddi ifadə çıxmırsa, düşünürəm ki, hansısa bloqerin, trolun və yaxud özünü dırnaqarası ekspert sayan şəxsin açıqlaması Azərbaycana, bizim dövlətə, dövlət başçısına o qədər də təsir edə bilməz. Rusiyada belə şəxslərin sayı yüzlərlə, minlərlədir.
Yəni, misalda da deyildiyi kimi, it hürər, karvan keçər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31