Qadın dünyanın ən gözəl və qiymətli varlığıdır - DÜŞÜNCƏLƏR
(Elçin Hüseynbəylinin (Qaraçuxanın) “Yolayrıcında qaçış” romanı haqqında düşüncələr)
4 Oktyabr 2012 14:27 MədəniyyətNəcibə İlkin
Qadın!- Allahın yaratdığı möcüzələrdən biri, yaxud birincisi. Cənnət bağındakı buğda dənəsinə, yaxud E.Hüseynbəyli demişkən "qırmızıyanaq almaya" biganə qalmayan Həvvadan üzü bəri hər şeyi ilk görən və dərk etməyə çalışan, güclü cinsin nümayəndələrinə qarşı bəzən yumşaq, bəzən sərt, bəzən də rəqib mövqedə qalan qadın. Çox zaman əslində olduğundan daha sərt, daha güclü görünməyə cəhd edən, dərdini, kədərini acı göz yaşlarının çiskin yağışı ilə yumağı bacaran qadın. Doğulanda bir-birimizə elə bənzəyirik ki... Sonra isə həyat hərəmizə bir möhür vurur. Kimimiz dəbdəbəli sarayların cazibədar xanımı, kimimiz miskin daxmaların dərd daşıyıcısı oluruq. Kimi büllur sarayların bərq vuran işığında öz gözəlliyi ilə öyünür, kimi "səhra gəmisi" olan çadırların müşənbə pəncərəsindən sızan günəş nurunda öz nakam arzularının saralmış səhifələrini varaqlayır. Kimi sevgisini az qala bütün dünyaya paylayır, kimi məhəbbətini qəlbində dəfn edir. Kimisi isə...
Haqqında söhbət açacağım sonuncu kimsə isə tamam başqadı. Elə yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" əsərindəki Züleyxa kimi... Yox elə bilməyin ki, mən kimlərinsə təbii hisslərinə, qərar verdiyi həyat tərzinə müdaxilə etmək fikrindəyəm. Əsla! Ancaq həyatda elə şeylər var ki, onları qadın adımıza uyğun ölçüb-biçir və tərəziyə qoymağı bacarmalıyıq. İdeal heç nə olmadığı kimi, ideal qadın da yoxdur. Sadəcə hər birimiz özümüzə məxsus bakirə hisslərimizin saflığına, onun qorunmasına, qəribə də olsa o hisslərin əks cinslərin köləsinə çevirməyə və sırtıqcasına onun əzilməsinə imkan verməmək, incə duyğularımıza korluq gətirən, onu öz hisslərinin əyləncəsinə tabe etmək istəyənlərə qarşı qəddar olmağa çalışmalıyıq. Şeytani hisslər hər an bizim qəlbimizin pəncərəsini döyəcləyir, bəzən bizi öz ağuşuna alıb yolumuzdan sapındıra da bilər. Lakin bütün hallarda qadın qadındır. Öz mənlik və ləyaqətinin, şərəf və namusunun cavabdehi. Bu aliliyi qorumaq və şeytani hisslərə üstün gəlmək bacarığı. Əgər o hisslər sənin sevginlə, məhəbbətinlə uzlaşmırsa səni vəhşiləşmiş şəhvətin qoynunda yırğalayırsa, onda sən öz iradənlə, ağlınla ona qalib gəlməyi bacarmalısan. Hər halda mən belə düşünürəm. Əfsuslar olsun ki, qadınlarımızın əksəriyyəti öz dəyərindən çox, müvəqqəti hisslərinin rahatlığına üstünlük verir, bu yolda sadaladığım zirvədən tezliklə uzaq düşürlər, yaxud da onları itrirlər.
E.Hüseynbəylinin bir çox əsərlərini oxumuş və dəfələrlə onlar haqqında fikir yürütmək istəsəm də yan keçmişəm. Yəqin ki, yazıçı mənim bu fikrimdən inciməz. Ümumiyyətlə, şərq qadınlarının psixologiyasına, əxlaq prinsiplərinə uyğun olmayan, açıq-intim münasibətlərini çılpaqcasına özündə əks etdirən əsərlər mənim nəzərimdə o qədər önəm daşımır, yaxud sevilmir. Lakin, bu əsərdə toxunulan elə məqamlar var ki, onlar nəinki dünənimizin, bu günümüzün, hətta gələcəyimizin ən böyük faciəsinə aparan yoldu, desəm, yanılmaram.
Əsərdəki əslində şərq qadını olan, lakin qərb psixologiyasına, qərb adət-ənənələrinə üstünlük verən Züleyxa hər gün rastlaşdığımız və cəmiyyətimizi Avropa əxlaqına sürükləyən minlərdən biridir. Elə bu mənada əsər hər zaman qəlbimdə gəzdirdiyim, içimdə acı nəticələri ilə səsləşdiyim və bəzən qaçmaq istədiyim belə qadınlar haqqındakı düşüncələrimin üstünə elə su səpdi, olanları elə tərpətdi ki, bunları qələmə almaya bilmədim. O qadınlar ki, sevgisini, məhəbbətini, yaxud da qadına məxsus mənəvi dəyərlərini əyləncəyə, vəhşi şəhvət hisslərinə qurban edirlər. O hisslər ki, müqəddəslikdən adiliyə, adilikdən vəhşiliyə yan alır. Öz gözəllikləri ilə öyünən belələri, bir şeyi yaddan çıxarırlar ki, o gözəlliklə, o hisslərlə əks cinslərin qəlbinə girmək olar, amma orada həmişəlik qadın kimi qalmaq qeyri mümkündür. Bir müdrikin dediyi kimi -"gözəl qadın gözə xoş görünə bilər, xeyirxah qadın qəlbə. Biri gözəl əyləncədir, biri gözəl xəzinə". Əfsuslar olsun ki, yazıçının "qadını", əsərin qəhrəmanı Züleyxa gözəl olduğu qədər də, gözəl əyləncə olaraq, əks cinsin nümayəndələri üçün ləziz xörəyə çevrilir. Bu isə şərq qadınlarının milli mənəvi və əxlaqi dəyərlərinə zidd xarakterik xüsusiyyətlə birgə, ümumiyyətlə qadın adına əbədi qara ləkədən başqa bir şey deyil. Doğrudur, belə qadınlar kişilərin, yaxud yazıçının nəzərində cəlbedici və sirlidir. Bu da əbəs deyil. Hələ yeniyetmə bir gəncin nəzərini gözəlliyi və çılpaq bədəni ilə cəlb edərək onu ovsunlayan, gəncin bakirə hisslərini öz gözəlliyi ilə xumarlayan Züleyxa onun üçün əlçatmaz olduğu qədər də sirli və müəmmalı ola bilər. Züleyxanın güclü ehtirası, onun gənclik hissləri ilə qoşalaşaraq xəyallarında silinməz iz buraxır. Gənc oğlanı çulğayan bu ehtiraslı hisslər onu itirdiyi ana qədər narahat edir. Deməli, yaşından asılı olmağına baxmayaraq hər bir kişinin qadına yanaşma tərzindən başlayır hər şey. Qadını həmişəlik sevgisinə də çevrilə bilər, əyləncəsinə də. Onun əxlaqını gözəlləşdirə də bilər, çirkləndirə də. Yaxud əksinə...
Odur ki, unutmayaq ki, hər qadının buraxdığı səhvdə bir kişi barmağı var...
Nə yazıq, əzalarını göstərməklə, yaxud əyləncəli şəhvət hissləri ilə hansısa "kişinin" yaddaşında gözəl qadın kimi qalmaq istəyən qadınlar düşünmürlər ki, onlar əks cinslərin nə qəlbində, nə də gözündə "fahişə" dən başqa cür adla qala bilməzlər. Əsl qadın nə qədər gizli, müəmmalı olsa, kişinin yaddaşında dərin, ülvi, əvəzedilməz sevgisi ilə qadın tək qala bilər.
Müasirliyimizin faciə və bəlaları ilə səsləşən bu məqamlar bizlərin tez-tez rastlaşdığı, dəfələrlə qələmə aldığımız, lakin böyük bir əsərə gətirib çıxara bilmədiyimiz ağrılarımız, əzablarımızdı. Bu gün E.Hüseynbəyli bir şərq qadının obrazında onları cəmləşdirib, qəbul edə bilmədiklərimizi qələmə alaraq, bizdə olan ikrah hissini oyatmağa çalışmış və elə başa düşürəm ki, bu əsər bəzilərimizə mənəviyyat dərsi ola bilər.. Həqiqətdə isə əsər cəmiyyətimizdəki çürüklüyə qarşı bir mübarizlik, bir çağırışdı ki, "Azərbaycan qadını", "müsəlman qadın" adına yaraşmayan biabırçılığa son qoymaq üçün haraya çevrilib.
Əsərdəki Züleyxa adlı azərbaycanlı qadın öz həyatını bütövlükdə yaşamaq istəyən, azadlıq, sərbəstlik, bir sözlə avropalı həyat tərzi onun fikrinə, beyninə, düşüncəsinə elə pərçim olmuşdur ki, Züleyxanı bunlardan uzaqlaşdırmaq, mənəviyyatsızlığa aludə olan həyatına təsir etmək olduqca çətindi. Bu bəlkə də cəmiyyətin düçar oduğu zaman və bu zamanın bizlərə bəxş etdiyi bəlalardı ki, nəinki Züleyxa, onun kimi minlərlə qadınımızın söykəndiyi dəyərlər öz qüvvəsini beləcə itirir.
V. Hüqo yazır: "Tanrı qadını gözəl yaradır, şeytan isə sevdirir". Əslində isə nəinki Züleyxa, onun simasında olan şeytaniləşmiş qadınlar onu dərk edə bilmir ki, həddini aşmış eşq dəliliyə, azadlıq isə özbaşınalığa gətirib çıxarır. Züleyxadakı azadlıq istəyi qadın azadlığı deyil, vəhşiləşmiş şəhvət hissləridir ki, bu hissləri öz istədiyi kimi yaşaması düşdüyü iyrənc həyatın axarında onu uçuruma yuvarlayır. Ümumiyyətlə, üsyankar ruhlu qadına azadlıq vermək təhlükəlidir, istər mübarizə meydanında olsun, istər şəxsi həyatında. Züleyxa kimi qadınların üsyankarlığı şəhvəti hisslərin, intim münasibətlərin üsyanıdır ki, onları dəf etmək, bu yoldan çəkindirmək ya fərdi şəkildə, yaxud kütlə halinda mümkün ola bilər. Düzdür, belələri necə olsa da o, öz "arzularını" yerinə yetirmək üçün məqam tapacaq. Məhz əsərdəki "fahişələrin dili və dini olması", "çaşmış insanların yolunu azmış heyvan sürüsünə bənzəməsi" anlamları da belələrinə, eləcə də həyatın iyrəncliyində yuva quranlara bir işarədir.
Azadlıq bəşəriyyətin can atdığı ən yüksək amallardan biridir. Əgər azadlıq qadını hər cür istisnadan xilas edir, cəmiyyətdə ona əks cinslə bərabər hüquq verirsə, o zaman bu azadlıq rifah və tərəqqidir. Bəzən əldə olunan azadlıq zərif cinsin nümayəndələrini ən möhtəşəm bəzəyindən, incəlik və zərifliyindən azad edir, onu əks cinsin solğun oxşarına çevirirsə, onda cəmiyyət tərəqqiyə yox, uçuruma sürüklənir. Bu mənada yazıçının Züleyxa obrazındakı qadın azadlığı XX əsrin əvvəllərində qara çadraya, cəhalətə yox deyib, ilk azadlıq göyərçini, azadlıq cəhdinin qurbanı olan Səriyyə Xəlilovanın azadlığı deyil, qərb əxlaqına uyğun avropalaşmış qadın ehtirasının azadlığıdır. Səriyyə bu azadlıqda haqq-ədalət uğrunda, Züleyxa isə şəhvət hisslərinin sərbəstliyi uğrunda ayağa qalxmışdır.
J.Labrüer yazırdı: "Qadınların əksəriyyəri ağlın deyil, ürəklərin səsinə qulaq asır və onların davranışı bütün hallarda sevdikləri kişilərdən asılı olur". Züleyxa bir qadın olaraq ürəyinin səsinə qulaq asan, böyüklərinə qarşı çıxaraq öz əyləncəsini onlardan üstün tutan, dinimizə, dilimizə qarşı zinalıq edən o qadındır ki, həyatını, ömrünü sevdiyi deyil, məhz əyləndiyi kişilərdən asılı etməklə yaxınlarının, doğmalarının qəzəbinə düçar olaraq, öz bacısıoğlunun cinayətkar qurbanına çevrilir. Bu gün ən böyük faciələrimizdən biri, yaşadığımız cəmiyyətdə Züleyxa kimi yüngül həyat tərzi keçirməyə meylli qadınların çoxluq təşkil etməsi, onların əks cinslərdə qadınlara qarşı baxışların dəyişdirməsidir. O baxışlar ki, cəmiyyətdə ən fədakar, ən namuslu qadınlara belə əyridir. Əslində isə pis qadınlar kişilərin tez-tez düşüb boğulacağı bataqlıq, pis kişilər isə qadınların heç cürə nəzərindən silinməyən qara ləkəsidir.
Qəribədir əsərdə mömin, dindar bir ailədə eyni tərbiyə alan iki bacı Fatimə ilə Züleyxa bir-birinin əksidir. Fatimə Allaha ibadət edən, namaz qılan, ata-ana ehtiramını gətirən, ailə sahibi, lakin müasirlikdən, cəmiyyətdən kənar. Züleyxa isə şeytana qulluq edən, ömrünü, gözəlliyini ehtirasına qurban verən, qərb əxlaqına meylli, zinakar, lakin ürəyi, qəlbi təmiz müasir qadın. Ziddiyyətli xarakterik xüsusiyyətlər bir ailənin zərif nümayəndələrinin, biri o birinin məhvinə gətirib çıxarır. Əslində Fatimə həddindən artıq mövhumata, dinə, hicaba bağlı, Züleyxa isə müasirliyə çox can atan. Bu müasirliyin içində gerçəkliyi əks etdirən həqiqət də var, mənəviyyatı kor edən əxlaqsızlıq da. Yaxud Fatimənin düşüncəsində azadlığa, müasirliyə qarşı çıxmaq da var, onu insan kimi əxlaqi dəyərlərini saxlamaqla yaşatmaq da. Bir də keçmişə güclü inam və bağlılıq. Züleyxanın bacısı Fatimə haqqında dedikləri fikir onun bir daha yüngülbeyin, yolunu azmış olduğunu aydın göstərir: "Bacım namaz qılırdı, gecə-gündüz ərə getmək haqqında fikirləşirdi. O, bədbəxt adam idi." Fatimə isə ": -O, dişi canavar idi, vəhşiydi. Bir də görürdün ki, evdən çıxdı və gecə yarı qayıtdı". Bu ziddiyyətli fikirlərdə hər iki doğmanın qarşıdurmasını aydın görürük. Züleyxa Fatiməni bədbəxt sayır, Fatimə də Züleyxanı. Əslində isə qadın xoşbəxtliyinin nədən ibarət olduğunu heç birisi o dərəcədə dərk eləmir. Alman alimi Kriplin yazırdı ki, "20 ildən artıqdır qadın psixologiyası ilə məşğul oldum, onun nə istədiyini anlaya bilmədim". Yaxud da kim ki, "mən xoşbəxtəm" deyib car çəkirsə, onda bir psixi xəstəlik tapmaq mümkündür. Biri xoşbəxtliyi ailəsində, Allaha ibadətində, o birisi istədiyi kimi rahat yaşamağında görən bu qadınlar bir şeyi unudurlar ki, ən xoşbəxt qadın ağıllı, fədakar və sərbəst olmaqla milləti üçün, xalqı üçün xeyirxah qadın kimi yaşayan və əsl sevgiləri uğrunda mübarizə aparanlardır.
Doğma bacısının ölümü üçün imanlı oğlu Məhəmmədə onun öldürülməsi əmri də təzadlı bir xarakterdir. Hər halda qəbul edə bilmədikləri ilə bərabər Fatimədə bir qadın qısqanclığı da, bacısına qarşı ürəyindəki kin-kudurət də aydın təzahür edir. Çünki Züleyxa onun dəlicəsinə sevdiyi Yusifi əlindən almış, bu isə onu bəlkə də bizim təsəvvür edə bilmədiyimiz bir intiqam hissinə gətirib çıxarmışdır. Ancaq Fatimə özünü elə göstərir ki, guya nəslin adına gətirilən ləkə üçün bu addımı atmağı məsləhət görür. Əslində isə Fatimənin içində bacısına qarşı biganəliklə bərabər, bir paxıllıq, bir qısqanclıq var. O istəsəydi bacısına müsbət təsir edib, onu yolundan qaytara bilərdi. Bu isə xurafatçılıqdan başqa bir şey deyil.
Fatimə kimi başı hicablı (qoy məndən inciməsinlər) yüzlərlə qadınlarımız var ki, onların şeytana qulluq etməsi, əməllərində, hərəkətlərində özlərini olduğu kimi tapmamasının şahidiyəm. Doğrudur, hər bir qadın səhv edə bilər, lakin o şeytan yolundan qayıdıb bütünlükdə Allah yoluna bağlanırsa, özünü saflaşdırırsa və cəmiyyətdə qadın rolunun, qadın dəyərinin nədən ibarət olduğunu anlayırsa deməli, belə qadınlar sevilməyə dəyər. Fatimə kimləri isə bacısını pis yoldan qaytarmaq üçün çalışmır, qadın qısqanclığı ona üstün gələrək, kin-küdurətə çevrilir və bununla da bacısının ölümünə fərman verir! Deməli, içində qalan ikrah və intiqam hissi, yəni şeytana qulluq heç zaman belələrini tərk etmir.
Ümumiyyətlə, isə hər iki bacını qarşı-qarşıya qoyan yazıçının məramı onların timsalında Azərbaycanda azadlığın özbaşınalığa, müstəqilliyin harınlaşmağa doğru irəliləməsinə və eyni zamanda sosial-ictimai proseslərin harmonik şəkildə əxlaqi dəyərlərin azalmasına, insanlığın cılızlaşmasına, posmoderinin fəsadlarına eyhamıdır.
Unutmayaq ki, qadınlarımız ömür boyu kişilərin abır və ismət rəmzi olublar. Sevgisi ilə kişilərə döyüş və əmək meydanlarında dəstək olmaqla bərabər onlara güc və ilham veriblər. Bu mənada Azərbaycan qadını fədakar, qəhrəman və əvəzedilməz dərəcədə sevib-sevilməyə layiq olduğu qədər də gözəldir. Biz qadınlarımızı belə tanımışıq, belə də tanıyırıq. Züleyxa kimi "müasir" qadınlar Azərbaycanın qara yarası, Fatimə kimi qadınlar isə özünü düşünərək, yalançı əməlləri ilə millətin gözünə kül üfürənlərdir.
Əsl qadın kişidən dahi Hafizin tərənnüm etdiyi sevgini istəyə bilər:
"Yüz il də bundan sonra gəlib qəbrimin üstündən keçsən , sənin eşqinlə ayağa qalxaram mən".
Sonda bir kəlamı da xatırlatmaq istərdim: Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır.
Sanıram ki, əsər gənclərimizin, o cümlədən qadınlarımızın mənəvi əxlaqı dəyərlərinin nizamlamasına tutarlı cavabdır.