Ölüm xəbəri yayılan Baloğlan Əşrəfov zər atır

Baloğlan Əşrəfov: "Ölüm xəbərimi mənə Yusif Mustafayev çatdırdı". "Mənim barəmdə həmişə belə xəbərlər yayırlar. Bu kimlərinsə mənə qarşı qərəzli mövqeyidir". Bu sözləri haqqında ölüm xəbəri yayılan əməkdar artist Baloğlan Əşrəfov ANS PRESS-in bölgə müxbirinə bildirib. Onun sözlərinə görə, artıq 4 ildir ki, barəsində şaiyələr yayılır. Hazırda müğənni Masallı rayonunun Bədəlan kəndində istirahət edir. O, dost-tanışının əhatəsində özünü çox rahat və xoşbəxt hiss etdiyini deyir. Əməkdar artist dünyasını dəyişməsi barədə xəbəri həmkarı Yusif Mustafayevdən eşitdiyini bildirib. "Maşallah sağ-salamat dost-tanışla birgə istirahət edirəm. Nərd oynayıram. Mənə də Yusif Mustafayev dedi, xəbərim yox idi. Yusif zəng vurub hal-əhval tutduqdan sonra dedi ki, məndən sənin ölüm xəbərini soruşurdular", - deyə Baloğlan Əşrəfov bildirib. Müğənni onun barəsində yayılan xəbərə görə yaxınlarının, pərəstişkarlarının narahat olduğunu deyir: "Bu insan kimdirsə düşmənçiliklə yayır xəbəri. Mənə qarşı təxribatdır. Başqa nə ola bilər ki? Mənim əzizlərim, doğmalarım eşidib narahat olurlar. Dəfələrlə istəmişəm belə insanları məhkəməyə verim. Sonradan xahişlər əsasında vaz keçmişəm. Görəsən bu insanlar mənim yoxluğundan nə qazanacaqlar?".

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində əməkdar artist Baloğlan Əşrəfovun ölməsilə bağlı xəbər yayılmışdı. Bu xəbərdən sonra onu sevənlər böyük narahatlıq keçirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31