Sibel Can başından vurulan müğənnini köməksiz qoydu
Mutlu Kayanın anası bəzi tibbi ləvazimatları ala bilmədiklərini deyib
18 İyun 2015 09:53 MədəniyyətTürkiyədə ötən ayın əvvəli başından vurulan məşhur musiqi yarışmasının iştirakçısının səhhətində irəliləyiş var.
ANS PRESS-in məlumatına görə, artıq bir aydır Qazi Yaşargil xəstəxanasında müalicə olunan gənc müğənni Mutlu Kaya oyanaraq kənardakılara reaksiya verir. Bu barədə onun həkimi Hikmet İyem jurnalistlərə açıqlamasında bildirib.
"Mutlunun səhhəti daha yaxşı bir səviyyəyə gəlib çatıb, şüuru yerindədir. Ona nəsə dedikdə gözləri ilə bizi cavablandıra bilir", - deyə həkim açıqlama verib.
Mutlunun bir aydır xəstəxanada yatıb-qalxdıqlarını deyən anası isə bəzi tibbi ləvazimatları ala bilmədiklərini və bunun üçün onlara kömək edilməsini xahiş edib.
Xatırladaq ki, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan "Səsi çox gözəl" yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı mayın 18-də yaşadığı evdə başından vurulub. Diyarbəkirdə məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can İstanbula "Səsi çox gözəl" musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.