«Dolu» filmi media işçilərinə təqdim olundu - TƏQDİMAT

Bu gün Nizami Kino Mərkəzində  millət vəkili, "Ədalət" qəzetinin təsisçisi  Aqil Abbasın "Dolu" əsərinin motivləri əsasında çəkilən eynadlı filmin təqdimat mərasimi keçirilib.  Qarabağ savaşından  bəhs edən filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, baş prodüseri Müşfiq Hətəmov, quruluşçu operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.
Filmin nümayişindən əvvəl çıxış edən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti bir daha təbrik edib, Azərbaycan kino sahəsinin inkişafı yolunda bir sıra qanunların hazırlandığını bildirib. O, deyib ki, artıq Azərbaycan milli kinosu inkişafa doğru gedir və hazırda "Azərbaycanfilm" Kinostudiyasında bir neçə filmin çəkilişləri gedir.
Tədbirdə çıxış edən A. Abbas filmin beynəlxalq səviyyədə nümayiş olunması ilə bağlı açıqlama verib.  Bu məsələ ilə  Mədəniyyət və Turizm Nazirliyinin məşğul  olduğunu bildirib:  "Azərbaycana müxtəlif ölkələrin zəif filmləri gətirilir, yalançı "Rembolar", "Bruslilər"  tüğyan edir, bu cür filmlər nümayiş etdirilir. Niyə "Dolu" xarici ölkələrdə nümayiş etdirilməsin ki? Filmin çəkilişləri İsmayıllıda, Ağcabədidə və Ağdamda aparılıb. Ekran işinin sentyabrın 8-i İsmayıllıda təqdimatı keçiriləcək".
Millət vəkilinin çıхışından sonra  film nümayiş olunub. Qeyd edək ki, filmdə əsas rollarda  Məmməd Səfa (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanov (müəllim), Fərhad İsrafilov (milis rəisi), Rövşən Ağayev (II Azərbaycan döyüşçüsü), Cavanşir Hadıyev (Azərbaycan döyüşçüsü), Faiq Kərimoğlu (Azərbaycan döyüşçüsü), Vüqar Vəlixanov (Azərbaycan döyüşçüsü), Oqtay Quliyev (baza müdiri) və başqaları çəkilib.
Filmdəki bəzi tryukları Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri yerinə yetiriblər.   
Filmin təqdimatından sonra keçirilən mətbuat konfransında isə Aqil Abbas rejissor işinin onun gözlədiyindən də yaxşı alındığını deyib: "Rejissor filmə əsərdə olmayan elə detallar qatıb ki, bu filmi daha da maraqlı edib".
Müəllif qeyd edib ki, filmin son epizodu Ağdamda çəkilib: "Filmin sonunda  həqiqətən də sərhəddi keçdik, ermənilər də təəccüb içində qalmışdı. Filmdə əsas hədəf siyasi hadisələr deyil. Belə olsaydı ad çəkərdim. Burda isə obrazlar ümumiləşdirilib".
Filmin quruluşçu rejissoru Elxan Cəfərov ekran əsərinin ümumdünya kino standartlarına uyğun şəkildə  çəkildiyini bildirib. O, filmdə daha çətin ərsəyə gələn döyüş səhnələrinin olduğunu deyib. Həmin səhnələr Azərbaycan Kaskadyorlar İttifaqının köməyi ilə çəkilib.
"Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov isə çıхışında rejissor işinin yüksək səviyyədə olduğunu deyib:  "Yaxşı rejissor yaxşı iş demək deyil. Yaxşı iş üçün yaxşı texnika da lazımdır. Çoх sevindirici haldır ki, son dövrlər müasir standartlara cavab verən filmlər çəkilir. Və proses tədricən daha sürətlə davam edəcək".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31