Azərbaycanlı aktyor: "Aktrisaların doxsan faizi ilə..."
"Heç kimin ağlına gəlməzdi ki, mən aktyor olaram"
5 Sentyabr 2012 09:59 MədəniyyətAktyor Aslan Şirinovun müsahibəsi.
- Aslan müəllim, incəsənətə gəlməyiniz, bildiyimə görə, təsadüf olub... Necə baş verdi bu təsadüf?
- Heç kimin ağlına gəlməzdi ki, mən aktyor olaram. Bir nəfərin yolda anamın yanında məni görməsi, "bu uşağın gözəl siması var" deməsi və məni kinostudiyaya gətirməsi ilə başladı hər şey. Bu haradasa 4-cü, 5-ci sinifdə oxuduğum illərə təsadüf edir. Sonradan valideynlərim məni bir xeyli bu sənətdən çəkindirmək istəsələr də, alınmadı. Onlar məni həkim görmək istəyirdilər.
10-cu sinifdə oxuyan zaman Batalov Kinematoqrafiya Universitetində kurs yığılırdı, mən də oraya sənəd vermişdim. Hərbi xidmətə getmədiyim üçün burada oxuya bilmədim, hərbi xidmətdən qayıdandan sonra isə artıq ora mənim üçün maraqlı deyildi. Onun üçün də sənədlərimi İncəsənət Univesitetinə verdim. Ümumi kursun rəhbəri Həsənağa Turabov, kurs rəhbərim isə Əlabbas Qədirov idi.
İlk işim "Bəyin oğurlanması" filmində çəkilmək oldu. Bu filmdə kütləvi səhnədə çəkilmişəm, bunu ancaq mən görürəm (gülür). Həsənağa Turabov mənə demişdi ki, gələrsən Akademik Teatra. Diplom tamaşası oynayan zaman isə Musiqili Komediya Teatrının direktoru mənim oyunumu görmüşdü və universitetə gələrək məni tələb etmişdi. Təyinatımı Musiqili Komediya Teatrına verdilər, mən isə o teatrda çalışmaq istəmirdim. Direktorun otağında təyinatımı cırıb, Akademik Teatra gəldim. Mən ilk dəfə peşəkar səhnəyə müğənni kimi, sırf konsert proqramı ilə çıxmışam.
- Özünüzdə bu istedadı necə kəşf etdiniz? Maraqlıdır...
- Vokal səsim olduğu üçün məni Musiqili Komediya Teatrına istəyirdilər. Universitetdə oxuduğum zaman mənim vokal müəllimim Yaşar Səfərov olub. Mən həyatda nə ilə məşğul oluramsa, onunla peşəkarcasına məşğul oluram.
- Təcrübəli teatr aktyoru kimi, istərdim ki, müasir dövrdə teatr tənqidinə münasibətinizi bildirəsiniz...
- Bu dəqiqə çox az tənqidçi yazı yazır. İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə kimi tənqidçilərin fikirləri mənə çox maraqlıdır. Bu insanlar teatrı bizdən yaxşı tanıyanlardır. Amma biri də var ki, jurnalist fikri. Düşünürəm ki, jurnalist üçün teatr sənəti ağır mövzudur.
- Ümumiyyətlə, tənqidə münasibətiniz necədir?
- Bəlkə də, bəxtim gətirib ki, adını çəkdiyim teatrşünaslar həmişə mənim haqqımda yaxşı fikir söyləyiblər. Mənim ən böyük kritikim İsrafil İsrafilovdur. Bu insanda "nəyəsə görə tərifləyim, nəyəsə görə pisləyim" xarakteri yoxdur. Mən bir dəfə tamaşanı yaxşı oynaya bilərəm, gələn dəfə bu artıq mənim əhval-ruhiyyəmdən asılıdır.
- Elə bir rolunuz olubmu ki, məcburiyyət qarşısında qalıb oynamısınız?
- Olub, amma hansı tamaşada olub, adını çəkmək istəmirəm. Mən səhnəyə çıxıramsa, o artıq tamaşaçını maraqlandırmamalıdır ki, mən bu rolu həvəsli oynayıram, yaxud həvəssiz. Tamaşaçı səndən peşəkar iş istəyir. İnandırım sizi ki, sonda mən bunu sevərəkdən oynayıram.
- Filmdə ilk böyük işiniz hansı olub?
- Debüt işim Orxan Fikrətoğlunun ssenarisi, Gülbəniz Əzimzadənin rejissorluğu ilə çəkilən "Ümid" filmində olub. Bədii filmdə böyük işim olmayıb. Filmə dəvət almışam, obyektiv və subyektiv səbəblərdən çəkilməmişəm (gülür). Belə şeylər mənim həyatımda çox olub.
- Yay tətilini necə keçirdiniz?
- Keçən mövsüm teatrda rollarım çox idi. "Satko" adlı bir seriala çəkilir, orada baş rollardan birini oynayırdım. Serialın çəkiliş heyəti çəkilişdən qayıdan zaman qəzaya düşdü, yaradıcı heyətdən yaralananlar olmuşdu. Rejissor çəkilişi saxlayıb, montaja keçdi. Mən də 15 gün Türkiyədə dincəldim. Amma ötən illərə nisbətən tam stres ata bilmədim.
- Məhəbbət haqqında filmə çəkilsəniz, hansı aktrisa ilə tərəf-müqabil olmaq istərdiniz?
- Mən tərəf-müqabillərimi sevən adamam və səhnədə də onlar üçün işləyirəm. Mən elə bir adamam ki, filan rolu oynamaya da bilərdim, amma tərəf-müqabilimə görə oynayıram. Bu gün çox şadam ki, bu teatrda Eldəniz Zeynalovla oynadım. Bu baxımdan deyirəm ki, aktrisaların doxsan faizi ilə tərəf-müqabili olmaq istərdim.
- Səhv etmirəmsə, bir türk serialının Bakıdakı çəkilişlərində iştirak etmisiniz... Bu haqda məlumat verməyinizi istərdim.
- Mən, sözün düzü, heç "Avropa Avropa" serialına baxmamışdım. Bir gün zəng gəldi ki, şəklini görüblər, səninlə görüşmək istəyirlər. Onlarla görüşüb, danışdım. Bu serialda mən azərbaycanlı iş adamını oynadım.
- Teatrda sizi hansı yeni tamaşalarda görəcəyik?
- "Anamın kitabı" tamaşasının artıq rol bölgüsü olub, yaxın zamanda məşqlərə başlayacağıq. Tamaşanın rejissoru Firudin Məhərrəmovdur. Mənə bu tamaşada kiçik oğul rolu tapşırılıb. Yəqin ki, təkcə bu tamaşa olmayacaq.
- Aslan müəllim, sonda şəxsi həyatınızdan danışmağınızı istərdim...
- Mən 5 bacının tək qardaşıyam. Evliyəm, 5 yaşlı bir qızım var milli.az