14 yaşlı qızın müəmmalı intiharı - YENİLƏNİB
5 İyul 2018 09:28 KriminalBakının Pirallahı rayonunda yaşayan 14 yaşlı Səbinə Əhmədlinin intiharının bəzi detalları məlum olub. Onun təhsil aldığı 235 saylı məktəbin direktoru Tahir Süleymanov anspress-ə açıqlamasında bildirib ki, Səbinə Əhmədli rus bölməsində təhsil alırdı:
"Bütün məktəb onun tərbiyəli və istedadlı şagird olduğundan danışırdı. Özüm şəxsən bu hadisədən sonra araşdırmalar apardım və Səbinənin məktəblə bağlı heç bir probleminin olmadığını müəyyən etdim. Bütün müəllimləri onun xətrini çox istəyirdi. Ötən gün də məktəbdə heç bir problemi olmayıb və dərsdən də problemsiz ayrılıb".
Səbinə Əhmədlinin sinif rəhbəri Zeynəb Yusifova da açıqlamasında bildirib ki, şagirdi dərslərini yaxşı oxuyub və cəmi iki dördü olub. "Qalan fənləri çox yaxşı oxuyurdu. Səbinənin sinif yoldaşları ilə heç bir problemi olmayıb. Müəllimləri də həmişə onun xətrini istəyiblər. Səbinə Əhmədli ailənin 4 uşağından biri idi. Onun bir bacısı da bizim məktəbdə təhsil alır. Bildiyimə görə, Səbinənin atası ilə anası ayrılıblar. Atası Rusiyada yaşayır. Səbinəgil isə atalığı ilə birlikdə qalırlar".
Səbinə Azər qızı Əhmədlinin 10 gündən sonra 14 yaşı tamam olacaqdı. Səbinənin anası ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən onun 3 bacı-qardaşı var.
---------
13:37
Xəbər verdiyimiz kimi, Pirallahı rayonu Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Gürgan qəsəbəsində yerləşən 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov AzVision.az-a bildirib ki, Səbinə Əhmədli məktəbin ən nümunəvi şagirdlərindən biri olub.
"Səbinə nümunəvi şagird idi. Sinif yoldaşları, müəllimləri onu çox istəyirdilər. Bütün qiymətləri "beş" idi. Cəmi iki fəndən dörd almışdı. Çox intizamlı şagird idi. Onun ölüm xəbərini eşidəndə çox təəssüfləndik".
Direktor 14 yaşlı S.Əhmədlinin hansı səbəbdən canına qıyması haqda məlumata malik olmadığını deyib.
Yaxınlarının bildirdiyinə görə, Səbinənin atası dünyasını dəyişəndən sonra anası Mehriban xanım ikinci dəfə ailə həyatı qurub.
"Səbinə onun birinci həyat yoldaşından olan qızıdır. Mehribanın ikinci ailəsindən 3 qızı var. Səbinə anası ilə birlikdə yaşayırdı. Onların ailəsində tez-tez problemlər olurdu".
Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögey atasının münasbətləri yaxşı olmayıb: "Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrı-seçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz".
Qeyd edək ki, faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
--------
11:14
Dünən axşam saatlarında Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbin şagirdi olub. Lent.az-ın məlumatına görə, Pirallahı qəsəbəsində yerləşən məktəbin rus bölməsində, 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdəniymiş. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şahin Allahverdiyev bildirib ki, S.Əhmədli dünən də dərslərində yaxşı iştirak edib: "7 dərsdən sonra hamı ilə görüşüb gediblər. Səbinə yaxşı oxuyan, tərbiyəli, məsuliyyətli şagirdlərdən idi. Cəmi 4 dərsdən qiyməti 4 idi. Qalan fənlərdən 5 alırdı. Dünən də normal əhval-ruhiyyədə, deyə-gülə dərsdən çıxıblar".
Qonşularının bildirdiyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb. Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
---------
10:27
Bakıda intihar hadisəsi baş verib.
Milli.Az bildirir ki, Pirallahı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Məlumata görə, S. Əhmədli orta məktəb şagirdidir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir