AMEA-nın Akademiya Şəhərciyinin direktoru məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Neftçala Suvarma Sistemlərinin rəisi Elçin Əsədov ifadə verib.

O deyib ki, 2013-cü ildə A.Abbasov ona zəng edərək 200 manat pul istəyib. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.

Daha sonra şahid qismində Novruz Hüseynov dindirilib. O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sürücü vəzifəsində çalışıb: "İşdə olan zaman rəisim Bayram müəllim pul verdi ki, Azərbaycan Nəşriyyatında poçta verim. Mən də o deyəni etdim".

Prosesdə şahidin istintaqa verdiyi ifadəsi elan olunub.

Məhkəmədə elan edilib ki, zərərçəkmiş AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayev məhkəməyə şahid qismində çağırılsa da, o, prosesə gəlməyib.

Məhkəmə onun barəsində məcburi gətirilmə barədə qərar çıxarıb.

Növbəti proses iyulun 6-da davam etdiriləcək.

İttihamda qeyd olunub ki, A.Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur.

Rəsmi məlumata görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Abbasov öözünü qismən təqsirli bildiyini söyləyib: "Ola bilər kimisə səhvən hədələmişəm".

Xatırladaq ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31