Ölkəni şoka salan qətlin üzərində sirr pərdəsi qalır
8 İyun 2018 12:51 KriminalBaş Prokurorluq növbəti açıqlama yaydı
Tovuzda bu ilin fevralında baş verən dəhşətli ikiqat qətl işi ilə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu haqda "Yeni Müsavat" əməkdaşının sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Xidmət rəhbəri deyib ki, qətl işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır: "Həmin iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Nəticəsi haqda ictimaiyyətə əlavə məlumat veriləcək".
Dəhşətli hadisə bu il fevralın 24-də Tovuz rayonunun mərkəzindəki Mərdan Musayev küçəsində yerləşən 2 mərtəbəli evdə baş verib. Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin 1-ci mərtəbəsində ev sahibi və onun xanımı 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyeva vəhşicəsinə qətlə yetiriliblər. Qatil və ya qatillər qanlı cinayəti törədəndən sonra mənzildə yanğın törədərək cinayətin izini ört-basdır etməyə çalışıblar. Səhərə yaxın qonşular Məmmədovun mənzilində tüstü bacasının şahə qalxdığını görüb əraziyə yanğınsöndürənləri çağırıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibini yanmış, onun həyat yoldaşını isə evin digər hissəsində cansız aşkar etmişdilər. Hadisə yerində olan Tovuz Rayon Prokurorluğunun istintaq qrupu ər-arvadın qətlə yetirilməsindən şübhələnmişdi.
Sonradan bu şübhələrin əsassız olmadığı da üzə çıxmışdı. Mərhumlar - Fərman Məmmədov və Pakizə Mirzəyevanın meyitləri məhkəmə tibb ekspertləri tərəfindən müayinə edilərkən bəlli olmuşdu ki, ölümlərinə səbəb dəm qazından boğulma deyil. Hər iki şəxs bədənlərinə, baş nahiyələrinə yetirilən xəsarətlər nəticəsində dünyalarını dəyişiblər. Bundan sonra istintaqçılarda ər-arvadın öldürüldüyü, daha sonra hadisəyə yanğın görüntüsü verildiyi qənaəti qətiləşib. Olaydan sonra evi müşahidə etmək imkanı olan şahidlər demişdilər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda, ağzı və əlləri skoçlanmış halda, cansız vəziyyətdə aşkar olunub.
Bu günə qədər qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Rayon sakinlərinin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar. Pakizə Mirzəyeva Bakı Neftayırma Zavodunun mərhum direktoru Ramiz Mirzəyevin bacısıdır.
Qatillərin evdə iri məbləğdə pul, qızıl-zinət əşyalarının olmasını zənn edərək girdikləri və məlum cinayəti törətdikləri ehtimaları var. Lakin onlar evdən gözlədikləri var-dövləti tapa bilməyiblər. Səbəb isə bu olub ki, var-dövlət evdə yox, həyətdə torpağa basdırılmış seyfin içində olub.
Artıq 3 aydır ki, bu dəhşətli qətl işi ilə bağlı istintaq davam edir. İş üzrə 100-lərlə rayon sakini hüquq-mühafizə orqanlarına aparılıb çox ciddi şəkildə, bəzən isə xüsusi ciddiyyətlə sorğu-sual olunurlar. Dəhşətli cinayəti törədənlərin izinə hələ ki düşmək mümkün olmur.
Baş vermiş olayla bağlı Cinayət Məcəlləsinin 2 maddəsi - 120.2.4-cü - xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə və 120.2.7-ci - 2 və ya daha çox şəxsi öldürmə maddələri ilə iş başlanıb. Zəruri ekspertizalar təyin edilib və dəhşətli cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam edir.
Xatırladaq ki, bu, Mirzəyevlərlə bağlı son 1 ildə baş vermiş 3-cü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev bu il fevralın əvvəlində Sabirabadda yol qəzasında həlak olub. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə 2017-ci ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində vəfat edib.