Qaçırılmış avtomobillər “isti izlər”lə tapılıb

Polis qaçırılmış avtomobillərin qısa müddətdə tapılmasına nail olub.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 2-də DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə Suraxanı rayonu ərazisindən avtomobil qaçırılması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla saat 17 radələrində Bakı şəhər sakini Rəşad Yusifliyə məxsus "VAZ-2107" markalı avtomobilin Ramana qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən avtomobilin paytaxt sakini Səfa Eynullayev tərəfindən qaçırılması və Bülbülə qəsəbəsi ərazisində idarə edilərkən aşırıldığı müəyyən edilib. Görülümüş tədbirlərlə S.Eynullayev saxlanılıb.

İyunun 3-də Gədəbəy Rayon Polis Şöbəsinə Novo-Saratovka kəndi ərazisindən Sonalar kənd sakini Süleyman Alıyevə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə kəndin ərazisində şüşələri sındırılmış vəziyyətdə tapılıb. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən  Novo-Saratovka kənd sakini Emin Musayev saxlanılıb. Onun avtomobili qaçırdıqdan sonra şüşələrini daşla sındırması, həmçinin münaqişə zəminində S.Alıyevi döyməsi də müəyyən edilib. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31