Evində rüşvət alan hüquqşünasın məhkəməsi başladı
Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri və hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
21 May 2018 13:23 KriminalRüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri və hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Rauf Sultanov səhhəti ilə əlaqədar barəsində seçilən həbs qətimkan tədbirinin ev dusaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışı mayın 23-nə təyin edilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.
O, 187 saylı orta məktəbin direktorundan hədə-qorxu yolu ilə pul almaqda təqsirli bilinir.
Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.
Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcu gecikdirdiyini deyib.
Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.
Qeyd edək ki, bundan bir müddət əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər. Rauf Sultanovun barəsində olan hökm ləğv edilib, işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə Rauf Sultanovun cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.
Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.
Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.
Teleqraf.com