Bakı sakini barmaqlarını tapança kimi tutaraq mağazanı qarət etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Taleh Hümbətovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Taleh Hümbətovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Taleh Hümbətov ötən ilin dekabr ayının 23-də Yasamal rayonu, H.Cavid küçəsi, 30/52 ünvanda yerləşən "Şah market"ə girərək, əlindəki alışqanı tapança formasında saxlayaraq satıcını hədələyib və kassadakı pulları ona verməsini tələb edib. Basqın edən şəxsin əlindəki alışqanın tapança olduğunu zənn edən satıcı Məryəm Şərifova marketin kassasında olan pulları ona verib. T.Hümbətov pulu ələ keçirib və hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Taleh Hümbətov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bir neçə dəfə Rusiyada məhkum olunduğunu, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə soyğunçuluğa görə 3 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib: "Axşam saat 9 olardı. Kafedə oturub çörək yedim, spirtli içki qəbul etdim. Birdən ağlıma gəldi ki, mağazaların birinə girib pul ələ keçirim. Kafedən çıxandan sonra yaxınlıqdakı binanın birinci mərtəbəsindəki asılqandan götürdüyüm qadın ayaqlığını götürdüm ki, mağazaya girəndə başıma keçirim, məni görən olmasın".

Yolboyu qarət etmək üçün mağaza axtaran T.Hümbətov qarşısına çıxan "Şah market"ə kənardan nəzər salıb. İçəridə gənc qızla bir oğlanın işlədiklərini görüb. Satıcı oğlanın marketdə olduğu müddətcə qarət planını həyata keçirə bilməyəcəyini düşünüb. Elə bu vaxt oğlanın mağazadan çıxdığını görüb. Vaxt itirmədən asılqandan götürdüyü qadın ayaqlığını başına keçirib və marketə daxil olub. Satıcı qıza yaxınlaşaraq sakit durmağı, qışqırmamağı və kassadakı pulları verməyi tələb edib:

"Əvvəlcə pulları vermək istəmədi. Əlimi gödəkçəmin cibinə salıb təzədən çıxartdım, tapança şəklində tutub pulları verməyi tələb etdikdə qorxusundan kassada olan pulları mənə verdi. Mağazadan çıxıb şəhərə getdim. Pulları sayanda gördüm ki, 475 manatdır. Hamısını şəxsi ehtiyaclarım üçün xərclədim, müxtəlif içkilər alıb içdim. Çox içdiyimə görə sonradan hara getdiyimi və nə etdiyimi xatırlamıram. Hadisə zamanı üzərimdə silah olmayıb. Yalnız əllərimi tapança formasında tutub qızdan pulları tələb etmişəm. Satıcı qız əlimi tapança kimi görüb. Videogörüntüdə sağ əlimdə görünən əşya qara alışqandır. Həmin alışqanla qızı hədələməmişəm".

Zərərçəkmiş şəxs qismində dindirilən Məryəm Şərifova ifadəsində işlədiyi marketin içərisində və küçədə videokameralar quraşdırıldığını göstərib: "Pulları sayarkən qapı açılıb bağlandı, lakin içəri heç kim daxil olmadı. Bir neçə dəqiqə sonra bir nəfər üzündə qara maska olan şəxs içəri girib yüksək səslə kassada olan pulları ona verməyimi tələb etdi. İmtina etdikdə gödəkçəsinin cibindən paslanmış tapançaya bənzər nəsə çıxardı. Belə hadisələri ancaq filmlərdə görmüşdüm. Ona görə də, qorxdum, kassadakı bütün pulları ona verdim. Həmin şəxs getdikdən sonra mağazanın sahibi Şahsuvara SMS yazıb pulların aparıldığını dedim. Şahsuvar gəlib kameralara baxdı. Bir qədər sonra polis əməkdaşları gəldilər. Pulları aparan şəxsin üzündə maska olduğundan onu tanıya bilmərəm".

Məhkəmənin hökmü ilə T.Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31