“N brothers” üzvünün atası MƏHKƏMƏDƏ - arvadını və baldızını öldürüb

Abşeron rayonunda qətl törətmədə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Abşeron rayonunda qətl törətmədə ittiham olunan "N brothers" musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Qurban Hüseynovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məhrumun hüquqi varisi kimi oğlu İsmayıl Hüseynov da iştirak edib.

Məhkəmə baxışı sentyabrın 11-nə təyin edilib.

İttihama görə, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb. Qurban Hüseynov evdə olan baldızı, 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olmuşdu. Məlum olub ki, Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qurban Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31