Hacıqabulda ATIŞMA: 5 ölü, 1 yaralı - FOTO - ŞOK TƏFƏRRÜAT
31 İyul 2017 13:27 KriminalBu gün səhər saatlarında Hacıqabul rayonunda Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi məlum olub.
Publika.az-ın sakinlərdən əldə etdiyi məlumata görə, onlar arasında münaqişə Moskvadan başlayıb.
"Mübariz, eləcə də Qəmbərovlar ailəsinin öldürülən üzvləri Moskvada yaşayır. Onlar hamısı Rusiya vətəndaşlarıdır. Mübarizin bu ailə ilə münaqişəsi qədimdir. Təxminən 10 il əvvəl Nazim Qəmbərov bir nəfəri öldürmüşdü, həmin şəxsin Mübarizin qohumu olduğu deyilir. Nazim buna görə şərti cəza aldı, həmin vaxtdan da Moskvada yaşayır. Mübarizlə Qəmbərovlar arasında münaqişə Moskvada da davam edib. Bu yaxınlarda Qəmbərovlar onu çox pis döyüblərmiş. Bundan sonra da Mübariz ailədən qisas almaq istəyirmiş. Hacıqabula gəldiklərini öyrənib və burada qisasını alıb".
Sakinlər deyir ki, hadisə səhər saat 5 radələrində olub. Mübariz Mehdiyev onların yaşadığı evə daxil olaraq odlu silahla 4 nəfəri öldürüb, birini yaralayıb.
Qeyd edək ki, Mübarizin əsas münaqişə yaşadığı şəxs Natiq Qəmbərovdur. Ölən şəxslər Almara Qəmbərova Natiqin anası, Nazim Qəmbərov əmisi, Namiq Qəmbərov əmisi oğlu, Gülbağda Qəmbərova əmisinin yoldaşıdır.
M.Mehdiyevin valideynləri vəfat edib. Rayonda yalnız bir qardaşı yaşayır.
***
11:07
Bu gün səhər saatlarında Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi illərdir ailələr arasında olan münaqişədir.
Bu barədə Publika.az-a Polis idarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Qəmbərovlar müəllim ailəsidir, lakin ailə üzvlərinin əksəriyyəti Moskvada alverlə məşğuldur.
Mübarizlə onlar arasındakı qalmaqal da yeni deyil. İllər əvvəl Qənbərovlar ailəsindən bir nəfərin adı cinayətə qarışmışdı. Həmin hadisədən sonra iki ailə arasında münaqişə başlayıb.
***
10:30
"Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb".
Bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb.
***
09:15
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
***
07:50
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
06:30
Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.