17 nəfərlik dəstənin məhkəməsində QALMAQAL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə -  Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin  cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az bildirir ki, hakim Zeynal Ağayev zala daxil olan zaman təqsirləndirilənlərdən bəziləri itaətsizlik edib. Onlar bir ağızdan "Hökm  Allahındır" deyiblər: "Sənin qanunların batildir, biz yalnız Allahın hüzurunda mühakimə ediləcəyik". Bundan sonra zərərçəkənlərdən Elmir Seyidəhmədov ifadə verib. O, ifadəsində Nurəddin Xəlilov tərəfindən bıçaqlandığını deyib: "Samirə pul borcum vardı. Dirədilər ki, tapança alıb verməlisən. Dəfələrlə məni ailəmlə təhdid elədilər. Axırda onlara oyuncaq tapança verdim. Əslindən heç fərqlənmirdi. Tapançanın saxta olduğu biləndən sonra Nurəddin məni bıçaqla vurdu. İstintaq zamanı da üzləşmişik". Prosesdə şahid qismində Vahid Nuriyev ifadə verib. O ifadəsində təqsirləndirilənlərdən Nurəddin Xəlilovla vaxtilə eyni  yerdə cəza çəkdiyini deyib: " Bir yerdə "zonda" oturmuşuq. O, mənə yeni cinayətlər eləməyi təklif etdi, mən isə bunu qəbul eləmədim".

Məhkəmə prosesi aprelin 11-də davam edəcək.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl - zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq  Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin,  qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və  və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilalk Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları  müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31