Bazarlarda iqtisadi qanunlar niyə işləmir?- QİYMƏTLƏRİ KİM QALDIRIR

İnhisarçıların “qiymət oyunu” əhalinin kasıb təbəqəsini çıxılmaz vəziyyətə salıb

İnhisarçıların "qiymət oyunu" əhalinin kasıb təbəqəsini çıxılmaz vəziyyətə salıb

Aparılan müşahidələr deməyə əsas verir ki, Bakı şəhərinin bütün satış mərkəzlərində, eləcə də kənd təsərrüfatı yarmarkalarında  qiymət artımı baş verib. Etiraf edək ki, hazırda dünyanın elə bir neməti yoxdur ki,  Azərbaycan bazarlarında olmasın. Vaxtilə əlçatmaz görünən sitrus meyvələri indı təkcə bayram günləri deyil, elə adi günlərdə də  dükan-bazarlarmızı bəzəyir. Bazardakı piştaxtalarda səliqə ilə düzülən müxtəlif çeşidli ərzaq məhsulları, meyvələr insanının zövqünü oxşayır. Amma onlara yaxınlaşmaq hər kəsin  görə biləcəyi iş deyil. Çünki bu növ məhsulların qiymətləri "od tutub yanır". Araşdırmalar zamanı bəlli oldu ki, yay mövsümü ilə əlaqədar demək olar ki, bütün növ məhsulun qiymətində artım var. Yəni, ərzaq, kənd təsərrüfatı, sənaye məhsullarından tutmuş mobel, telefon, kosmetik və parfümeriya məhsullarına qədər qiymət artımı müşahidə olunur. Ən çox artım isə ərzaq və kənd təsərrüfatı mallarda qeydə alınıb. Məlumat üçün qeyd edək ki, hazırda bazarda ən ucuz satılan məhsul xiyar və soğandır ki, onların qiyməti 25-90 qəpik arası dəyişir. Kənd təsərrüfatı məhsullarından pomidor və kortofun Rusiya bazarlarına çıxarılmasına məhduduyyət qoyulmasına baxmayaraq qiymətlər elə də əlçatan deyil. Sitrus meyvələrinin qiymətindən isə danışmağa dəyməz. Belə ki, portağal 2 manat, banan 2 manat, armud 1.5-2 manat,  alma 1,5 manata təklif olunur.

Göstərilən qiymətlər deməyə əsas verir ki, ölkədə məhsul bolluğunun olmasına baxmayaraq qiymətlər durmadan artır. Ekspertlərin qənaətinə görə, qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Etiraf edilməlidir ki, ölkədə benzinin və suyun qiymətində baş verən artım məhsul istehsalı və daşınmalarına təsirsiz ötüşməyib. Birbaşa məhsulun maya dəyərinə daxil olan benzin və suyun qiyməti heç şübhəsiz ki, qiymət artımı ilə nəticələnib. Qarşısına maksimum dərəcədə çox pul qazanmaq məqsədi qoyan sahibkarların isə bundan sui-istifadə etməsi qaçılmazdır. Nəzərə almaq lazımdır ki, sahibkarların fəaliyyətinə nəzarət mexanizminin uzun müddət üçün aradan qaldırılması qiymət siyasətində özbaşmalığa səbəb olub. "Bazar iqtisadiyyatı" şüarını əsas tutan sahibkarları əhalinini alıcılıq qabiliyyətini nəzərə almadaq qiymət müəyyən edirlər. Heç bir halda demək omaz ki, bazarlarda qiymətlər tələb-təklif əsasında müəyyən edilir. Bazrlarda çürümüş kənd təsərrüfatı məhsullarının yaratdığı anti-sanitar vəziyyət deməyə əsas verir ki, inhisarçılar qiymət endirimində maraqlı deyillər. "İtə ataram,yada satmaram" prinsipini əlində rəhbər tutan sahibkarlar məhsulu xarab olaraq zibillliyə atmağa razıdırlar, amma onu ucuz qiymətə əhaliyə satmağa yox. Bundan başqa, sahibkarlar yerli məhsullardan fərqli olaraq daha çox idxal məhsulları satmağa üstünlük verirlər. Regionlarda inşa edilən saxlama kameraları işə yaramadığından İran, Türkiyə, Dubay, Argentina və başqa ölkələrdən idxal edilən məhsullar bazara çıxarılır. Həmin məhsulların üzərinə gömrük rüsumları və daşınma xərclərini də əlavə etsək, təbii ki, belə vəziyyət qiymət artımına səbəb olur. Məhsulun baha satılması üçün bəzi hallarda isə hətta yerli məhsullar xarici mal adı altında alıcılara sırınır. Qiymət artımı təkcə kənd təsərrüfatı məhsullarında deyil, eləcə də ərzaq, xüsusən, ət və ət məhsulları, süd və süd məhsulları və hətta tekstil məhsullarda da nəzərə çarpır. Fakt ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlər, süni qiymət artımının qarşısının alınması istiqamətində gördüyü tədbirlər heç bir nəticə vermir.

Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə bazar qanunları işləmir. Belə ki, əgər bazarda 10 faiz inflyasiya varsa, onun yalnız 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır. 2-2,5 faiz xaricdən gətirilən malların üstündə gəlir, geridə qalan 5-6 faiz isə süni qiymət artırmının nəticəsidir ki, bu da əhalinin aşağı təbəqəsinin, son dövrlərdə isə orta təbəqənin də büdcəsinə ciddi ziyan vurur. Son vaxtlar paytaxtda təşkil olunan kənd təsərrüfatı yarmarkaları əhali üçün əlavə problemə çevrilib. Demək olar ki, əhalinin kasıb təbəqəsi ümumiyyətlə sözügedən yarmarkadan yararlana bilmir. Halbuki həmin yarmarkalar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasına hesablanıb. Kənd təsərrüfatı yarmarkalarının həftənin şənbə-bazar günlərinə salınması isə ümumiyyətlə uğurlu seçim deyil. Çünki həmin günlərdə ictimai nəqliyyat işləmədiyindən Bayılda yaşayan vətəndaşın marağında deyil ki, 5 manat verib Gənclik yarmarkasına getsin, 5 manat da verib geri qayıtsın. Elə həmin 10 manatla yaxın ətrafından bazarlıq etsə daha sərfəli olar. Çox təəssüf ki, kənd təsərrüfatı və iqtisadiyyat nazirliklərinin nümayəndələri  baş verən bahaçılığın qarşısını almaq əvəzinə, efirlərdən insanların gözünə baxa-baxa guya yarmarkalardakı qiymətlərin digər bazarlardan 25-30 faiz aşağı olması barədə yalan  söyləyirlər. Fakt isə ondan ibarətdir ki, Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Ölkənin məhşur ticarət mərkəzlərində isə qiymətlə bağlı vəziyyət olduqca acınacaqlıdır. Sahibkarlar sanki pandemiya dövründə itirdikləri qazancı qısa müddət ərzində sadə vətəndaşlardan əldə etməyi düşünürlər. Keyfiyyəti aşağı olan, sanki "ikinci əl" dükanlarından götürülmüş paltarlar mollarda brend məhsul adı altında fantastik qiymətlərlə təklif olunur. Təsəvvür edin ki, iri ticarət mərkəzlərində adi sintetik kişi köynəkləri 50 manatdan başlayır, ötən illərdə 5-6 manata təklif olunan futbolkalar 21-22 manata təklif olunur. Cins şalvarlar və krasovkalara isə yaxın düşmək mümkün deyil. Qadın paltarlarının qiymətləri  ümumiyyətlə kəllə-çarxa qalxıb. Alverçilərin 30 manata təklif etdiyi mövsümi donlar mollarda 120-130 manata satılır. Ekspertlərin fikrincə, hazırki şəraitdə Azərbaycanda qiymətlərin artması üçün heç bir iqtisadi əsas yoxdur. Qiymət artımı yalnız süni şəkildə baş verir ki, onun da əziyyətini sadə vətəndaşlar çəkmiş olur. Xüsusən, "işbazlar" xarici turistlərin ölkəyə axınından sui-istifadə edərək qiymət artımına rəvac verirlər.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31