İri vergi ödəyicilərinin maliyyə fırıldaqları tükənmək bilmir
Uzun illərdir ki, Azərbaycanda mövcud olan ondan artıq iri vergi ödəyiciləri düşdükləri acınacaqlı vəziyyətdən yaxa qurtara bilmirlər. Əslində, sözügedən təşkilatların nəinki təsərrüfat hesabına çalışamaları mümkündür, hətta vergidən gizlətdikləri vəsait hesabına investisiya yatırmaq imkanları da mövcuddur.
1 İyun 2021 13:18 İqtisadiyyatUzun illərdir ki, Azərbaycanda mövcud olan ondan artıq iri vergi ödəyiciləri düşdükləri acınacaqlı vəziyyətdən yaxa qurtara bilmirlər. Əslində, sözügedən təşkilatların nəinki təsərrüfat hesabına çalışamaları mümkündür, hətta vergidən gizlətdikləri vəsait hesabına investisiya yatırmaq imkanları da mövcuddur. Lakin dövlət büdcəsindən aldıqları dotasiya hesabına qeyri-qanuni gəlirləri ört-basdır etmək mümkün olduğundan bu imkandan yararlanmaq niyyətindən uzaqdırlar. Nəticədə dövlət büdcəsindən maliyyələşən təşkilatlara ayrılan vəsaitin qeyri-təyinatı üzrə xərcləməsi adi hal alıb. Araşdırmalar deməyə əsas verir ki, dövlət vəsaitlərinin mənimsənilməsi halları müxtəlif üsullarla, lakin peşəkarcasına həyata keçirilir. Bura görülən işlərə sərf edilən vəsaitlərin bilərkdən şişirdilməsindən tumuş xərclərin lazımsız yerlərə yönəldilməsinə kimi əyintilər daxildir. Bununla kifaətlənməyən bəzi idarə və müəssisələr gəlirlərini gizlətməklə büdcəyə pul ödəməkdən də yayınırlar. Dünyanı iqtisadi böhran başına götürdüyü halda lüzumsuz xərclərin qəsdən artırılması isə təbii ki, qəbuledilməzdir. Bu kimi addımların dövlət zəmanət hesabına böyük məbləğdə kredit əldə edən təşkilatlar tərəfndən atılması isə ümumiyyətlə başa düşülən deyil. Belə qanun pozuntusuna yol verən təşkilatlardan biri də "Azəriqaz" İstehsalat Birliyidir ki, illərdən bəri dövlət tərəfindən ayrılan vəsaiti sağına-soluna xərcləməklə, maye qazın qiymətinin artırılmasl ilə kifayətlənməyərək "sayğac əməliyyatı"na da əl atmaqdan çəkinmir. Maraqlı mənzərə yaranıb, dövlət vəsaiti hesabına qaz xəttləri çəkilir, bunun qarşılanması üçün təbii qazın qiyməti qaldırlır. Üstəlik "qaz itgisi" adı altında milyonlarla vəsait mənimsənilir. Xatırladaq ki, bir müddət öncə Dövlət Statistika Komitəsi "Azəriqaz"da bir il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlamışdı. Ardınca "Ernst and Young" beynəlxalq audit şirkəti qaz itkisinin həcmini Dövlət Statistika Komitəsinin açıqladığından dəfələrlə çox, yəni il ərzində 700 milyon kubmetr itki olduğunu açıqladı. Təsəvvür edin ki, sözügedən itgi qonşu Gürcüstan və Ermənistan kimi dövlətlərin qaza olan tələbatının üçdə biri qədərdir. Daha dəhşətli məqam ondan ibarətdir ki, "Azəriqaz" İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınıb və sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılıb. Bu isə o deməkdir ki, "Azəriqaz" mövcud problemləri aradan qaldırmaq əvəzinə xammal və materialların alınmasına, nəqliyyat və təmir işlərinə yönəldilən xərclərin həcmini şişirtməklə məşğul olur. Tender şirkətlərinə verilən sifarişlərin dəyərinin fantastik həcmindən isə danışamağa dəyməz. Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında qeyd etmişdi ki, "Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır: "Çünki mənə məlumat verilir ki, "Azəriqaz" özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
Dövlət bürcəsinidən ayrılan vəsaitin təyinatdan kənar xərclənməsinə rəvac verən təşkilatlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Hesablama Palatasının ötən il quruma ayrılan vəsaitlərdən istifadəyə dair apardığı auditin nəticəsində "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin "Əsas bölmələrə aid edilməyən xidmətlər" bölməsində nəzərdə tutulmuş "İslahatlarla bağlı xərclər"dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib. Eyni zamanda, əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyularının yeri və sayı barədə təkliflər hazırlanarkən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının tələblərinə qismən əməl edilmədiyi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması, subartezian quyularının layihələndirilməsi zamanı quyu yerlərinin müəyyən edilməsinin Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı - Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub. Hesabat ilində, həmçinin, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyətinə dəstək göstərilməsi, əsaslı nəticələrin qəbulu məqsədilə müxtəlif mənbələr əsasında məlumatların müqayisəli təhlilinin təmin olunması üçün Azərbaycan Respublikasında 2015-2017-ci illərdə qazılmış subartezian quyularının layihələndirilməsi və tikintisinin vəziyyəti barədə Hesablama Palatası tərəfindən aparılmış təhlil əsasında tərtib edilmiş arayış Nazirlər Kabinetinə təqdim edilib.
Ölkənin əsas gəlir mənbəyi hesab olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. Çoxşaxəli fəaliyyət növünə malik SOCAR-ın qeyri-qanuni əməlləri də elə bir çox sahələri əhatə edir. Məlum olduğu kimi SOCAR abreviatursı ilə məşhurlaşan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlətin neft və qaz hasilatından əldə edilən aktivlərinin idarə edilməsi ilə məşğul olur. Bu hesabla SOCAR ölkənin ən varlı şirkəti olmalı idi. Lakin səmərəsiz idarəetmə, həddən ziyada işçi sayının artırılması, lüzmusuz xərclərin şişirdilməsi, korrupsiya halları və s. şirkətin faktiki iflasına gətirib çıxarıb. Təsəvvür edin ki, 2019-cu ildə neft gətirlərindən əldə edilən aktivlərin idarə edilməsindən şirkət 0,34 faiz, yəni bir faizin üçdə biri qədər gəlir əldə edib. Hələlik 2020-ci ilin nəticələri bəlli olmasa da, aydın məsələdir ki, SOCAR gəlirlərin idarə edilməsi ili zərərlə başa vurub. Artıq hökumət menecerləri cəmiyyət üçün olmasa da, daxili kluarlarda neft şirkətinin iflasa uğraması barədə fikirlərini gizlətmirlər. Rəsmi olmasa da, müxtəlif açıqlamalarda şirkətin müflisləşərək batmasına işarələr var. Bu kimi qanunsuz əməllərə qanuni don geyindirmək niyyətində olan şirkət rəhbərliyi yanacağın bahalaşdırılması ilə xalqın cibindən çıxarılan vəsaitlər hesabına talan edilən kəsirləri aradan qaldırmaq fikrindədirlər. Bu fəaliyyətə "sayğac oyunu"nu da əlavə etsək daha acınacaqlı mənzərə alınmış olur. Belə ki, Smartkart tipli sayğacların yenidən mexaniki sayğaclarla əvəzlənməsi "suda boğulanın saman çıpündən yapışması"na bənzəyir. Bununla şirkətdə havaya sovrulan milayrdların bərpa edilməsi cəhdi sadəlövlükdən başqa bir şey deyil. Yeri gəlmişkən qeyd edək ki, məhz bu kimi amillər nəzərə alınaraq SOCAR-da idarəetmənin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən Müşahidə Şurası təyin edilib. İndi qalır iri vergi ödəyicilərində audit yoxlamaların keçirilməsi və hüquq-mühafizə orqanlarının baş verən maliyyə yeyintilərinə hüquqi qiymət verməsi.
Nurlan