Azərbaycanda pandemiya səbəbindən iqtisadi eniş məqbul səviyyədə oldu

Vüqar Bayramov: “Bu, iqtisadi artımı yenidən bərpa etmək üçün möhkəm baza formalaşdırdı”

Vüqar Bayramov: "Bu, iqtisadi artımı yenidən bərpa etmək üçün möhkəm baza formalaşdırdı"

2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsi kimi qiymətləndirilir. Ötən ilin əvvəllərindən müşahidə edilən pandemiyanın təsirlərinə rəğmən Azərbaycan hökuməti bu qlobal problemin lokal səviyyədə minimumlaşdırılmasına çevik reaksiya nümayiş etdirdi və ən əsası 2020-ci ildə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Millət vəkili Vüqar Bayramov bildirib ki, pandemiyanın təsirlərinə və 2020-ci ildə müddətli "lock down" tədbirlərinə və eləcə də neft daxil olmaqla strateji əmtəə bazarlarındakı kəskin volatilliyə baxmayaraq ötən ilin fiskal yekunları müsbət qiymətləndirilməlidir.  2020-ci ildə 24 milyard 124 milyon manat proqnoz gəlirlərə rəğmən 24 milyard 681 milyon manat vəsaitin büdcə cəlb edilməsi və büdcə gəlirlərinin 2.3 faiz artıqlaması ilə icra olunması fiskal stabilliyi xarakterizə edən əsas göstəricilərdəndir: "Ötən il Azərbaycan az saylı ölkələrdən oldu ki, pandemiyanın təsirlərinə rəğmən heç bir sosial proqramı ixtisar etmədi.  2020-ci ildə də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlarda sosial təminat mexanizminin daha da gücləndirilməsi əsas prioritetlərdən oldu. Bütün bunlar fonunda, inkişaf etmiş ölkələr ilə müqayisədə Azərbaycanda pandemiya səbəbindən iqtisadi eniş daha məqbul səviyyədə oldu. Bu isə bu il iqtisadi artımı yenidən bərpa etmək üçün möhkəm baza formalaşdırdı. Bütün bunlar fonunda, 2020-ci ilin əsas fiskal sənədinin icrası ilə bağlı bir sıra məqamları qeyd etmək istərdim. Əvvəlla, Azərbaycan Respublikası Milli Məclisi dövlət büdcəsi ilə yanaşı, büdcədən kənar fondların, o cümlədən Dövlət Sosial Müdafiəsi Fondu, İşsizlikdən Sığorta Fondunun büdcə layihələrinə rəy verməsinə baxmayaraq yalnız hökmət dövlət büdcəsinin icrası barədə hesabat təqdim edir. Əksər MDB ölkələrində, o cümlədən qonşu Rusiya Federasiyasında hökumət tərəfindən dövlət və ya federal büdcə ilə yanaşı, bütün büdcədən kənar fondların icrası ilə bağlı hesabatlar qanunverici quruma və ictimaiyyətə təqdim olunur. O baxımdan, oxşar praktikanın Azərbaycanda da tətbiq olunması və bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədə uyğun olardı.

İkincisi, ÜDM-in formalaşmasında qeyri-neft sektorunun əsas driver olmasına baxmayaraq fiskal gəlirlərimizin formalaşmasında ağırlıq yenə də neft sektorunun payına düşməkdədir. Belə ki, 2020-ci ildə də büdcə gəlirlərinin formalaşmasında neft sektoru dominant mövqeyini qoruyub saxlayıb. Gəlirlərin 14 milyard manatdan artığı neft, 10 milyard manatdan bir az arttığı isə qeyri-neft sektorunun payına düşüb. 2017-ci ildən etibarən Dövlət Neft Fondunun transferlərin həcminin hər il əvvəlki ilə nisbətən artmasını müşahidə edirik. 2020-ci ildə transferlərin həcmi 7.4 faiz artıb. Büdcənin 49.4  faizi Neft Fondundan transferlərin payına düşüb.Bu o deməkdir ki, 2020-ci ildə dövlət büdcəsində daxil olan hər 2 manatın 1 manatı Dövlət Neft Fondundan transferlər hesabına formalaşıb. Bu baxımdan, fiskal qaydaların tətbiqinin dayandırılsa da fiskal optimallaşdırma mexanizmdən istifadə daha məqəsədə uyğun olardı.

Üçüncüsü, daha yaxşı olardı ki, xərclərin icrası performance qiymətləndirmə əsasında təqdim edilsin. Xüsusən də qorunmayan xərclərə sekvest tətbiq olunmasının milli prioritetlər ilə necə əlaqələndirilməsi və iqtisadi səmərəliliyə təsirlərinin ayrıca qiymətləndirilməsi və hesabatda təqdim olunması daha məqsədəuyğun olardı. OECD-nin  Performance-based budgeting prinsipinə uyğun büdcə planlaşdırlması və icra hesabatının hazırlanması məqsədəuyğundur.

Dördüncü məqam debitor borcların optimallaşdırılması ilə bağlı fəaliyyətlərin dərinləşdirilməsi vacibliyi ilə bağlıdır. Ötən ilin sonuna debitor borcların məbləği 2 milyard 52 milyon manatdər və debitor borcun məbləği 2020-ci ildə icra edilmiş cəmi büdcə xərclərinin 7,8%-ə bərabərdir. Aydındır ki, debitor borclarının yaranması və uzun müddət bağlanmaması nəticəsində büdcə vəsaitləri iqtisadi dövriyyədən yayındırılır.  Digər tərəfdən borc məbləğinin yüksəlməsi borcların bağlanmaması riskini də formalaşdırır. Bu baxımdan, debitor borcların həcminin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur.

Beşinci məqam, əvvəlki illərdə də olduğu kimi, büdcə xərclərin rüblər üzrə bölgüsündə sonuncu rüb yenə də dominantdır. 2020-ci ildə icra edilmiş xərclərin 29,4%-i ilin son rübündə icra edilmişdir. Həmin məbləğin də 54,7%-i dekabr ayının payına düşmüşdür. İlk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2 milyard 14 milyon manat təşkil etməsinə baxmayaraq, dekabr ayında xərclər müvafiq göstəricidən 2,1 dəfə çox olmuşdur. Belə ki, dekabr ayında xərc edilən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1%-ni təşkil etmişdir. Belə ki, dekabr ayında 4 milyard 253 milyon manat xərclənib. Heç bir ayda 3 milyard manata aylıq xərc çatmadığı halda ilin sonuncu ayında 4 milyard manatı keçib.

Nəhayət, 2020-ci ilin büdcəsinin icrası göstərir ki, ötən fiskal ildə də dövlət büdcəsinin gəlir və xərcləri üzrə bəzi qurumlar tərəfindən aparılan bir sıra əməliyyatlar dövlət büdcəsinin icrasında nəzərə alınmamışdır. Dövlət Borcu və Zəmanəti üzrə Öhdəliklərin Təminat Fondunun gəlir və xərclər dövlət büdcəsinin icrasına tam olaraq aid edilməmişdir. Bu istiqamət üzrə 2020-ci ildə 1 milyard 396 milyon manat daxil olmuş və 646 milyon manat isə xərclənmişdir. Və ya Dövlət Gömrük Komitəsinin 117  milyon manat qalıq vəsaiti xəzinə hesabına deyil, depozit və tapşırıqlar hesabına aid edilmişdir".

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31