“Dostluq yatağı” Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır
Yeni sənəd ölkəmizin nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır
21 Yanvar 2021 16:06 İqtisadiyyatYeni sənəd ölkəmizin nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır
Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın "Dostluq" adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. "Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Onu da qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında həyata keçirilən enerji layihələri təkcə bu iki dövlət üçün deyil, eləcə də bir sıra Avropa dövlətləri üçün əhəmiyyət daşıyır. Xatırladaq ki, "Dostluq" Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən yatağın yeni adıdır. Azərbaycanda bu yataq əvvəllər "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlanırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər aparılıb. İndi isə bu, iki ölkənin nümayəndələrinin imzaladığı memorandum formasında öz əksini tapıb.
"Dostluq" yatağı üzrə sazişin imzalanması zərurətinə gəldikdə qeyd edək ki, 1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar-qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilib. Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. Beləliklə, 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanıb, 1979-cu ildə "Günəşli", 1985-ci ildə "Çıraq", 1988-ci ildə "Azəri", 1989-cu ildə "Kəpəz" yatağı aşkar edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Xəzər dənizini sülh dənizi elan edərək onun karbohidrogen ehtiyatlarından qarşılıqlı anlaşma şəklində istifadəyə üstünlük verib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib.Məhz bunun nəticəsində "Əsrin müqaviləsi", eləcə də Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında çoxsaylı müqavilələrin imzalanmasına nail olunub. İmzalanan müqavilələr həm də Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıb. Bu səbədən Azərbaycan Rusiya, İran, Qazaxıstan və Türkmənistan kimi dövlətlərlə Xəzərin mineral ehtiyatlarının qarşılıqlı əməkdaşlıq şəraitində istifadəsi ilə bağlı müqavilələr imzalayıb. "Dostluq" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Nəhayət dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.
Ekspertlərin fikrincə, sözügedən memorandumun imzalanması hər iki dövlət üçün xüsusi əhəmiyyətə malikdir. İlk növbədə yatağın "Dostluq" adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Nəzərə almaq lazımdır ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Məhz bu baxımdan, memorandumun imzalanması tarixi hadisədir. Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.
Memorandumun imzalanması həm də Türkmənistan üçün vacib əhəmiyyət daşıyır. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli rol oynayacaq. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin beynəlxalq və regional əhəmiyyətinə gəldikdə, siyasi baxımdan qeyd edilməlidir ki, sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Digər tərəfdən, sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.
Nurlan
Olaylar.az