Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın tranzit əhəmiyyəti artır Təhlil
24 İyun 2020 14:30 İqtisadiyyatAzərbaycanın əlverişli coğrafi mövqedə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolu üzərində yerləşməsi ölkəmizin regional nüfuzunu, tranzit imkanlarını daha da artırır. Müntəzəm olaraq gündəmə gələn nəqliyyat tranzit layihələri eyni zamanda dünya ölkələrinin də ölkəmizə marağını artırır. Qeyd etmək yerinə düşər ki, onsuz da vacib tranzit, dəmir və magistral yolların mühüm kəsişmə nöqtəsi, Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsindən sonra beynəlxalq aləm üçün bir qədər də cəlbedici olub. Bunu da şərtləndirən başlıca amillərdən biri Azərbaycanın mövcud layihələrlə kifayətlənməyib, daha yeni-yeni layihələr, tranzit imkanları barədə fikirləşməsi və təşəbbüs göstərməsidir. Elə son illər ərzində dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən yeni-yeni layihələr, eləcə də gələcək üçün nəzərdə tutulan planlar belə deməyə əsas verir. Belə layihələrdən biri də "Dəmir yolları sektorunun inkişafı proqramı" çərçivəsində həyata keçirilən Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması (süni qurğular da daxil olmaqla) layihəsidir. Məlumat üçün qeyd edək ki, Avrasiya məkanında əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan Respublikası ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin təmas xəttində yerləşir. Bu mövqe, ölkəmizin tranzit potensialının artırması, regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar açıb. Bu imkanlardan lazımınca faydalanmaq üçün Azərbaycan Hökuməti tərəfindən respublikanın nəqliyyat sisteminin, xüsusilə də əsas nəqliyyat növlərindən biri olan dəmir yollarının yenidən qurulması və bərpası istiqamətində iri miqyaslı layihələr həyata keçirilməkdədir.
Hazırda, respublikanın dəmir yolları şəbəkəsi üzrə icra olunan işlər davamlı olaraq ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılmaqla Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissələrini də əhatə etməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş təsisçi dövlətlər olan Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan Respublikası arasında 2000-ci ilin sentyabr ayında imzalanıb, 2002-ci ilin may ayında qüvvəyə minib. Azərbaycan Respublikası bu Sazişə 2005-ci ilin sentyabr ayında qoşulub.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması Avropa Birliyi ölkələrinin, Rusiya Federasiyasının Fars körfəzi və Hindistana çıxışını, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə nəqliyyat əlaqələrinin intensivləşməsini təmin edəcək.
Hindistan - Avropa Birliyi, Hindistan - Rusiya, İran - Avropa Birliyi, İran - Rusiya, Pakistan - Avropa Birliyi, Pakistan - Rusiya, Fars körfəzi ölkələri - Rusiya, İraq - Rusiya kimi istiqamətlər üzrə dəhliz böyük yük potensialına malikdir. Bu yükün bir qisminin Azərbaycan Respublikasının ərazisindən keçən marşruta cəlb olunması ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artımına öz töhfəsini verəcəkdir. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu xətti Rusiya Federasiyasi ilə dövlət sərhədindən başlayaraq İran İslam Respublikası ilə dövlət sərhədində başa çatır.
Yalama-Astara dəmir yolu marşrutu Biləcəri - Yalama dəmir yolu xətti, Biləcəri-Ələt baş dəmir yolu xətti, Bakı-Böyük Kəsik dəmir yolu xətti, Ələt baş - Osmanlı dəmir yolu xətti, Osmanlı - Astara dəmir yolu xəttindən ibarətdir. Sonuncu xətt üzrə tikinti-quraşdırma işlərinə başlanılması üçün hazırlıq görülür. Astara-İİR ilə sərhəd dəmir yolu xətti isə yeni inşa olunub.
Dəhlizin potensialını və ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1608 nömrəli 07 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən Astara (Azərbaycan) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər 8,3 kilometr uzunluqda dəmir yolu xəttinin və Astara çayı üzərində dəmir yolu körpüsünün inşası işləri qısa müddət ərzində həyata keçirilərək əsaslı olaraq başa çatdırılıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında dəmir yolu infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikası Hökumətinin 2016-cı ildə Asiya İnkişaf Bankına müraciətinə uyğun olaraq Bank Sumqayıt-Yalama dəmir yolu hissəsində təqribən 333,0 (166.5) km yolun yenidən qurulması layihəsini "Dəmir yolları sektorunun inkişafı investisiya proqramı" adı altında özünün Azərbaycan üzrə 2017-2019-cu illər üçün Kredit Proqramına daxil edib. Proqram çərçivəsində komponentlər üzrə hazırlıq mərhələsinin icrası üçün Asiya İnkişaf Bankı tərəfindən əvəzsiz Texniki Yardım ayrılıb. Bu texniki yardım çərçivəsində Bank tərəfindən seçilmiş Fransanın "Systra" və Azərbaycanın "ARPA" məsləhətçi şirkətlər birliyi tərəfindən Sumqayıt-Yalama dəmir yolu xətti üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihə, sosial və ekoloji təsirlərin qiymətləndirilməsi hesabatları, torpaqalma və köçürülmə sənədi, tender sənədləri toplusu hazırlanıb. Layihə üzrə müfəssəl layihələndirmə, tikinti və quraşdırma işlərini həyata keçirəcək Podratçının və bu işlərə nəzarət edəcək Məsləhətçi şirkətin seçimi prosesi yekunlaşdırılmış, müqavilələr imzalanıb.
"Dəmir yolları sektorunun inkişafı proqramı"nın həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC ilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi arasında "Anlaşma Memorandumu" imzalanıb. Asiya İnkişaf Bankının Direktorlar Şurası tərəfindən Layihə 06 dekabr 2017-ci il tarixdə təsdiq edilib. Bunun ardınca Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixdə "Dəmir yolları sektorunun inkişafı layihəsi üzrə Kredit Müqaviləsi" imzalanıb. Dövlətdaxili prosedurların həyata keçirilməsindən sonra Kredit Müqaviləsi 16 yanvar 2018-ci il tarixdə Asiya İnkişaf Bankı tərəfindən qüvvəyə minmiş elan olunub.
Layihənin maliyyələşdirilməsində Asiya İnkişaf Bankı ilə yanaşı Fransa İnkişaf Agentliyi də iştirak edir.
Xəttin əsas texniki göstəricilərinə gəlincə isə, layihə çərçivəsində 333,0 km (166,5 km) uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, stansiya ərazilərində 2 yan xəttin təmiri, yeni yoldəyişənlərin quraşdırılması, körpülərin və suötürücü boruların yenilənməsi, əsaslı təmiri və təmiri, yerüstü piyada keçidlərinin (bəziləri hərəkət məhdudiyyətli insanlar üçün qurğular quraşdırılmaqla) tikintisi və quraşdırılması, heyvan keçidlərinin təmin olunması, yol kəsişmələrinin təmiri və s. işlərin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Hımçinin layihə çərçivəsində satın alma fəaliyyətləri Asiya İnkişaf Bankının prosedura və qaydalarına, standart sənəd toplularına əsasən, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.
Aparılan texniki-iqtisadi qiymətləndirmələr çərçivəsində, Layihənin əsasən aşağıdakı iqtisadi faydalar yaradacağı hesablanıb. Yükdaşıma fəaliyyətlərində vaxta qənaət, sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin istismarı xərclərində qənaət, kənar təsirlər (karbon dioksid emisiyaları, təhlükəsizlik, havanın çirklənməsi və səs-küy kimi)baxımından əldə olunan qənaətlər və infrastrukturun istismarı xərclərində qənaət
"Dəmir yolları sektorunun inkişafı proqramı"nın icrası Azərbaycanın tranzit və logistika potensialının reallaşdırılmasında önəmli rol oynayan Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən marşrutunun bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində keyfiyyətli və sürətli yük və sərnişin daşımalarına artan tələbatın ödənilməsi, bu daşımaların etibarlı və təhlükəsizlik şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Məhəmməd
Olaylar.az