Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığı ölkəmiz üçün əlavə imkanlar yaradır- TƏHLİL

Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığı ölkəmiz üçün əlavə imkanlar yaradır-TƏHLİL

Yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) öz işinə başlayıb. "Birgə və davamlı dünyanın maraqlı tərəfləri" mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılıb. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclasın keçirilməsi nəzərdə tutulur.  Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur. Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, eləcə də bir sıra nüfuzlu təşkilatların rəhbərləri qatılacaqlar. WEF, həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirəcək. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Dünya İqtisadi Forumunda iştirak edir.

Göründüyü kimi sözügedən Dünya İqtisadi Forumunun iştirakçı ölkələr üçün siyasi və iqtisadi əhəmiyyəti danılmazdır. Xüsusən də ölkələrin iqtisadi potensiallarının tanıdılması, xarici sərmayələrin cəlb edilməsi baxımından Forumun keçirilməsi ayrı-ayrı dövlətlər üçün əlavə imkanlar açır. Prezident İlham Əliyev də ölkəmizin iqtisadi potensialının təqdim edilməsi baxımından Form çərçivəsində bir sıra dövlət və tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Delə ki, ölkə başçısı Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərovla, həmçinin Pakistan İslam Respublikasının Baş Naziri İmran Xanla görüş keçirib, Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq" mövzusunda iclasda iştirak edib. Yeri gəlmişkən qeyd edək ki,  Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Baş Nazir İmran Xan bildirdi ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb. Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İmran Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib. Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulanıb. Nəzərə alsaq ki, Dünya İqtisadi Forumu çərçivəsində çoxlu sayda rəsmi və qeyri-rəsmi görüşlər baş tutr, o halda prezident İlham Əliyevin keçirdiyi görüşlərin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğu məlum olar.  

Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi siyasətin, əldə edilən uğurların və ölkənin iqtisadi potensialının Davos İqtisadi Forumu kimi geniştərkibli tədbirdə dünya ölkələrinə tanıdılmasında təkcə keçirilən görüşlərin kifayət etmədiyi aydındır. Məhz bu kimi amillər nəzərə alınaraq ölkə Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsi yerləşdirilib. Dövlət başçısı məqaləsində bildirib ki,Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib: "Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir. Layihənin birinci hissəsi - "Şahdəniz-2" fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək. Layihənin ikinci hissəsi - Cənubi Qafqaz Boru Kəməri artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir. Layihənin üçüncü hissəsi - Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyə Respublikasının qərb sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran Trans-Anadolu Boru Kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib. Layihənin dördüncü hissəsi - Trans-Adriatik Boru Kəməridir (TAP). Boru kəmərinin uzunluğu 878 kilometrdir. Tikintisinin 90 faizdən çoxunun başa çatdığı bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. 2019-cu il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib". Dövlət başçısı məqalədə qeyd edib ki, 2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib: "2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan "Doing Business 2020" hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, "Kreditin əlçatanlığı" üzrə 1-ci yeri, "Biznesə başlama" üzrə 9-cu yeri, "Müqavilələrin icrası" üzrə isə 28-ci yeri tutub".

Dövlət başçısının fikirlərindən aydın olur ki,  Azərbaycan da Davos İqtisadi Forumu üçün xüsusi əhəmiyyət kəsb edən faktordur. Belə ki, Azərbaycanın Cənubi Qafqazın lider dövlət olması, ölkədə hökm sürən sabitlik, eləcə də iqtisadi potenisalı imkan verir ki, dünyanın inkişaf etmiş ölkələri və transmilli şirkətləri onunla iqtisadi əməkdaşğlı genişləndirsin. Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31