Azərbaycanda bərpa olunan enerji istehsalı üçün kifayət qədər potensial var

Azərbaycanda bərpa olunan enerji istehsalı üçün kifayət qədər potensial var

İlham Əliyev: "Əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq"

Müasir dövrdə əhalinin sayının kəskin şəkildə artması, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, məişətdə istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırıb. Məlum olduğu kimi uzun müddətdən bəri dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işlənib, tələbat dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanıb. Lakin ötən əsrin 70-ci illərindən meydana gələn birinci neft böhranının ardından enerjinin əhəmiyyəti bütün dünya ölkələri tərəfindən daha yaxşı başa düşülməyə başlanıb. Məhz bu tarixdən sonra ölkələr enerji mənbələrini diversifikasiyası və alternativ enerji mənbələrindən istifadə etmə nöqtəsində mühüm addımlar atmağa başlayıb, xüsusilə enerji idxal edən ölkələr enerjinin davamlılığı məqsədi ilə müxtəlif çeşidli siyasət həyata keçirməyə start veriblər. Nəticədə alternativ enerji axtarışları böyük bir təkan qazanıb və bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmağa başlayıb.

Hazırda ənənəvi resursların təbii ehtiyatlarının azalması, ehtiyatların bərpa olunmaması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil və dəyişkən olması, neft və qaz kimi resursların ölkələrin siyasi və geoloji maraqlarına xidmət üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, bu yanacaq növlərinin istifadəsinin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırıb. Məlumat üçün qeyd edək ki, bərpa olunan enerji mənbələri əsasən "günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə" və "dalğa" enerjiləri kimi qruplaşdırılır.

Heç şübhəsiz ki, hələ uzun illər karbohidrogen resurslarının yanacaq bazarında və tələbatda mühüm rol oynayacağı və əsas yer tutacağı danılmazdır. Lakin, dünyanın əksər nüfuzlu təşkilatları, mütəxəssisləri karbohidrogen resurslarının enerji bazarında hökmranlığının bir gün başa çatacağını yekdil şəkildə qeyd etməkdən çəkinmirlər. Hesab edilir ki, bərpa olunan enerji növləri ətraf mühitə zərər verən karbon emissiyalarını azaldılması və bu sayədə enerji məsələsində xaricdən asılılığın azaldılması kimi məqamlar baxımından olduqca əhəmiyyətlidir. Odur ki, dünyanın inkişaf etmiş ölkələri tərəfindən bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına xüsusi diqqət yetirilməkdədir. ABŞ, Çin, Yaponiya, Avropa Birliyinə üzv ölkələr və iqtisadi cəhətdən sürətlə inkişaf edən bir çox dövlət bu sahədə hədəflər müəyyənləşdirib.

Azərbaycanda da bərpa olunan enerji mənbələrinə nail olmaq Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqində qeyd edib ki, bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır: " İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin".

Ekspertlər hesab edirlər ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ölkələrin enerji dayanıqlığını təmin etmək baxımından əhəmiyyətlidir. Bu amillər nəzərə alınaraq Azərbaycan elektrik enerjisi istehsalının artırılmasına istehsal mənbələrinin diversifikasiya edilməsi yolu ilə nail olmağı hədəfləyib. Nəzərə almaq lazımdır ki, hazırda bərpa olunan enerji sektoru dünyada yaşıl iqtisadiyyatın bir qolu kimi inkişaf etdirilir. Bununla həm ekologiyaya dəyən ziyan azaldılır, həm də karbohidrogen resurslarına əhəmiyyətli dərəcədə qənaət edilir. Təsadüfi deyil ki, dünyada davamlı inkişaf məqsədlərinə nail olunması üçün ölkələrin alternativ enerji mənbələrinə çıxış imkanlarının artırılması və bu yolla qlobal enerji və ekoloji təhlükəsizliyə töhfələr verilməsinin zəruriliyi BMT-nin gələcək üçün müəyyənləşdirdiyi paradiqmaları sırasında xüsusi yer tutur. Hazırda inkişaf səviyyəsi kifayət qədər yüksək olan ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya kimi ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji istehsalını ilbəil artırırlar və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldirlər.

Azərbaycan hökuməti də məhz dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək respublikada bərpa olunan enerji istehsalının artırılmasına böyük diqqət göstərir. Azərbaycan alternativ və bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən ilk növbədə ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Sirr deyil ki, Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Ölkədə elektrik enerjisinin istehsalına xeyli investisiya yatırılıb. Məlumata görə, hazırda ölkənin 1000 meqavat əlavə elektrik enerji gücümüz var. Nəzərə alsaq ki, ölkəmiz elektrik xətləri ilə təmin olunub və enerji ixracı üçün kifayət qədər bazar var, bu halda Azərbaycanın  ixracatçı dövlətə çevrilməsi təbii hesab edilməlidir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31