Pambıqçılığın inkişafı aqrar siyasətin prioritet vəzifələrindən hesab olunur- RƏY

Pambıqçılığın inkişafı aqrar siyasətin prioritet vəzifələrindən hesab olunur-RƏY

Ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına ciddi diqqət yetirilir

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına, xüsusilə ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş meydan açılıb. Bu istiqamətdə yaradılan əlverişli şərait, ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi məqsədil həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan yaradır. Bu anda pambıqçılıq sahəsində qazanılan uğurları xüsusi qeyd etmək yerinə düşərdi. Bu məhsulun əkini strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Pambıq məhsulunun dünya birjalarında alıcısı çox olduğundan satışı üçün elə bir problem olmur. Bu məhsula dünya bazarında həmişə tələbat olub və indi də var. Etiraf edilməlidir ki, regionlarda pambıqçılığa önəm verilməsi, əhalinin bu qiymətli məhsulun əkilib-becərilməsinə marağının artması, insanların həyat tərzinin daha da yaxşılaşması, yeni iş yerlərinin açılması ilə nəticələnib. Artıq respublikada pambıq yığımı başa çatıb və Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə əldə olunan nəticələr müvafiq icra orqanlarının iştiraki ilə müzakirə olunub. Son üç ildə hər hektar üzrə orta məhsuldarlığın 15 sentnerdən 30 sentnerə, ümumi tədarük həcminin isə dəfələrlə artırılaraq 294 min tona çatdırılması ciddi nəticələrin olduğundan xəbər verir. Ekspert Cəfər İbrahimli deyib ki, əvvəlki illərdə pambıq tədarük edən cəmi bir şirkətin olması və qiymət başda olmaqla, bütün istehsal şərtlərinin tədarükçü şirkət tərəfində müəyyən edilməsi fermerləri qane etmədiyi üçün pambıq əkininə maraq azaldı. Buna paralel olaraq, texnika və avadanlıq çatışmazlığı, əl əməyinə ehtiyacın çox olması, xüsusilə əllə yığım istehsalın maya dəyərinin artmasına səbəb olurdu. Suvarmada olan çətinliklər, bu məsələ hələ də istənilən səviyyədə deyil, məhsuldarlığın və pambıqçılıqda rentabelliyin aşağı düşməsinin başlıca səbəbləri idi. 2015-ci ildən etibarən iqtisadiyyatın yeni tələb və çağırışları çərçivəsində pambıqçılığa yeni yanaşma tənəzzülün dayanmasını və inkişafın təmin olunmasını dəstəklədi. Belə ki, yeni yaradılmış tədarükçü şirkətlərin texniki bazasının formalaşdırılması üçün dövlət dəstəyi göstərildi və nəticədə tədarükçü şirkətlərin fermerə dəstək imkanları artdı. Şirkət dəstəyi ilə fermerlərin daha ucuz və keyfiyyətli xidmətin əlçatanlığı ilə aqrotexniki tədbirlərin vaxtında aparılması təmin edildi. Yüksək məhsuldarlıq üçün dövlət tərəfindən güzəştli qiymətlərlə mineral gübrə və pestisidlərin təmin edilməsi düzgün aqrotexniki tədbirlərin aparılmasına dəstək oldu. Dövlət tərəfindən hər kiloqram pambığa görə subsidiya verilməsi bu sahəyə marağın artmasına, paralel olaraq fermerin məhsuldarlığa diqqətinin artmasını imkan verdi. 2020-ci ildən etibarən hər hektar pambıq əkini üçün əlavə 220 manat torpaq subsidiyasının verilməsi isə pambıqçılığa marağın daha da atmasını təmin edəcək. Son illər Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqədar strukturların birgə fəaliyyəti, fermerlərin çağırış və tələblərinə operativ cavab verilməsi pambıqçılıqda real nəticələrin əldə olunmasını təmin etdi. Pul-kredit siyasətindəki dəyişiklik isə təchizatçı şirkətlərin ixrac imkanlarının və rantabelliyinin artmasına imkan verdi. Ekspertin qeyd edib ki, son illərdə məhsuldarlığa paralel olaraq, ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım da müşahidə olunur və ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb. İri ixracatçı şirkətlərin sıralamasına nəzər salsaq, əksər pambıq tədarükü ilə məşğul olan şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına olan tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir: "Hazırda pambığın xammal kimi ixracından daha çox, əlavə dəyər zənciri yaratmaq məqsədi ilə yeni iplik və yüngül sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən ölkədə pambıq tədarükünün davamlılığının təmin olunması, yüngül sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin bərpa olunması fonunda daxili bazarın bu mallara olan tələbatının qarşılanmasına və bu sahədə idxalın azaldılmasına dəstək veriləcəyi gözlənilir. Eyni zamanda, pambıqçılığın inkişafı kənd yerlərində, eləcə də yüngül sənayenin inkişafı fonunda şəhər və rayon mərkəzlərində məşğulluğun artmasına kömək edəcək".  İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanda pambıqçılıq sahəsinin böyük potensialı var. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olanda əldə olunan uğur və nailiyyətlər bunu sübut edir. Ümummilli lider Heydər Əliyevin Moskvaya getməsindən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdiyini deyən ekspert söyləyib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafına diqqət ayırması ilə bu sahələrin inkişaf etdirilməli olduğu bir daha gündəmə gəldi. P. Heydərov xatırladıb ki, 2016-cı ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin aprel ayında keçirilən iclasında Prezident İlham Əliyevin pambıqçılığın bərpası ilə əlaqədar məsələ qaldırması təsadüfi deyildi: "Çünki 2014-2016-cı illərdə neftin qiyməti ölkəni silkələdikdən sonra prioritet sahələr olaraq, sənaye ilə kənd təsərrüfatı seçilmişdi ki, bu da kənd təsərrüfatında keçmiş ənənələr bərpa etməyi zərurətə çevirmişdi. Prezidentin pambıqçılığa diqqət ayırması ilə, cəmi iki il ərzində bu sahədə dönüş yarandı. Belə ki, 2016-cı ildə bütün güclər səfərbər edildi. Texnikalar alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Bu rəqəm 2015-ci illə müqayisədə 3 dəfə çox idi". İqtisadçı vurğulayıb ki, 2015-ci ildə cəmi 18 min 700 hektar sahə əkilmişdisə və 35 min ton məhsul götürülmüşdüsə, 2016-da 51 min hektar və 90 min ton, 2017-ci ildə isə 136 min hektar sahəyə pambıq toxumu səpilməklə (3 dəfədən çox sahəyə), 207 min ton məhsul götürülmüb: "Keçən il 132 min hektarda pambıq əkilsə də, 233 min, bu il isə 100 min hektar əkilməklə 294 min ton məhsul tədarük edilib". P. Heydərov əlavə edib ki, sözün qısası, ölkədə pambıqçılıq sahəsində son 4 ildə çox böyük nəticələr əldə olunub: "Bunda Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı da mühüm rol oynayır. Sözügedən sənədin girişində yazılıb ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31