Türkdilli ölkələr arasında əməkdaşlığın yeni mərhələsi -Politoloq
Türkdilli ölkələr arasında əməkdaşlığın yeni mərhələsi-Politoloq
25 Sentyabr 2019 13:22 İqtisadiyyatBakı toplantısı bu mərhələnin başlanğıcı ola bilər
Qloballaşan, dəyişən dünyada yeni çağırışlara, gözlənilən təhdidlərə cavab vermək, onu aradan qaldırmaq üçün ölkələrin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı zərurətə çevrilir. Nəzərə alsaq ki, tarixən türk boylarına, türk xalqlarına, müasir dövrümüzdə türkdilli dövlətlərə qarşı Qərb, xristian dünyasından bir təhdid, təzyiq müşahidə edilib, o zaman türkdilli dövlətlərin birgə əməkdaşlıq etməsi də zamanın tələbinə çevrilib. Bu tələb müstəqillik illərindən sonra daha çox özünü büruzə verməyə başladı və Azərbaycanla Türkiyənin moderatorluğu, təşəbbüskarlığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı qurum təsis edildi. Ötən müddət ərzində müəyyən mənada uğurlu fəaliyyət göstərən TDƏŞ heç də bütün türkdilli dövlətləri əhatə etmirdi və müəyyən səbəblərdən Özbəkistan bu əməkdaşlıqdan kənarda qalırdı. Ancaq bir müddət əvvəl Özbəkistanın da sözügedən əməkdaşlıq formatında yer alması bu qurumun fəaliyyətinin daha da genişlənməsi və yeni bir mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Sözügedən istiqamətdə cərəyan edən proseslərə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarıyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bir müddət əvvəl bəyanat yaydı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına 2009-cu ildə Naxçıvanda təsis olunduğuna diqqət çəkən politoloq qeyd edib ki, Naxçıvandakı toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları iştirak edirdi: "O gündən başlayaraq iki türkdilli dövlətin - Özbəkistanla Türkmənistanın da Əməkdaşlıq Şurasına qatılması arzu edilirdi. Üstündən 10 il keçdikdən sonra Özbəkistan müsbət qərar verdi və bu dövlətin başçısı Şavkat Mirziyoyev oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci zirvə görüşündə iştirak edəcək. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov 1990-c illərdə türkdilli dövlət başçılarının toplantılarına qatılırdı. Türkiyə 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkə idi. İslam Kərimov Türkiyə ilə müttəfiqliyi gücləndirmək istəyirdi. Türkiyənin həmin illərdə Özbəkistanda geniş yatırımları var idi. Ancaq İslam Kərimova müxalif olan şəxslər Türkiyədə sığnacaq aldıqdan sonra iki ölkə arasındakı münasibətlər soyudu və türk iş adamlarının Özbəkistanda problemləri artdı. Hətta iş o yerə çatdı ki, Özbəkistan televiziyalarında Türkiyə seriallarının nümayişinə qadağan qoyuldu. Bu arada, Özbəkistan prezidenti türkdilli dövlət başçılarının toplantılarına qatılmaqdan imtina etdi".
Politoloq bildirib ki, İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Şavkat Mirziyoyev Türkiyə ilə əlaqələri bərpa etdi: "Şavkat Mirziyoyev Türkiyəyə səfər edərək iki ölkə arasındakı əlaqələrin yenidən inkişaf etdirilməsi məqsədilə türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla danışıqlar apardı. Bu, son iyirmi ildə Özbəkistan prezidentinin Türkiyəyə ilk rəsmi səfəri idi. Bunun ardıca Türkiyə Cumhurbaşqanı da Özbəkistana rəsmi səfər etdi. Bu isə Türkiyə Cumhurbaşqanının son 13 ildə Özbəkistana ilk rəsmi səfəri idi. Rəcəb Təyyub Ərdoğan Daşkənddə çıxış edərkən Özbəkistanın regional sabitliyin təminatçısı olduğu fikrini söylədi. "Bu yeni dövrdə biz bütün sahələrdə əlaqələrimizi yaxşılaşdırmaq naminə işləməliyik" -deyən Rəcəb Təyyub Ərdoğan Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyünü də istəyirdi".
Elxan Şahinoğlu hesab edir ki, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması bir neçə səbəbdən türkdilli dövlətlər, o cümlədən Azərbaycan üçün faydalıdır: "Birincisi, Özbəkistanın təşkilata qatılması ilə türkdilli dövlətlər arasında inteqrasiya artacaq. Özbəkistan Azərbaycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər. Məsələn, Özbəkistan Qazaxıstan kimi Bakı- Tbilisi-Qars dəmiryolundan istifadə edərək mallarını dünya bazarlarına çıxarmaq istəyir. İkincisi, Özbəkistandan sonra Türkmənistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması aktuallaşıb. Aşqabad hələ ki, təşkilata müşahidəçi statusunda qatılmaq istəyir. Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qaytaran Ankara Türkmənistanın da eyni addım atmasını istəyir. Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mühüm regional oyunçuya çevrilməsində maraqlıdır. Təsadüfi deyil ki, sentyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Macarıstanın paytaxtı Budapeştdə ofisi açıldı. Açılışda Macarıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edirdi. Açılışdan sonra təşkilatın Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi".
Politoloq onu da vurğulayıb ki, Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması hər iki tərəf üçün faydalıdır: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Macarıstan vasitəsilə Avropada mövqelərini gücləndirəcək, öz növbəsində özünü türk dünyasının tərkib hissəsi hesab edən Macarıstan təşkilat vasitəsilə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini gücləndirəcək, türkdilli dövlətlərin regional layihələrində iştirak edəcək".
Məhəmməd
Olaylar.az