“Xəzərin çirkləndirilməsinin zərəri ilk növbədə özümüzə dəyir” -ŞƏRH

Ziyad Səmədzadə: "Onun sərvətlərinin qorunması hər birimizin vətəndaşlıq vəzifəmizdir"

Xəzər dənizinin mühafizəsi, xüsusilə onun çirklənməsinin qarşısının alınması istiqamətində çoxsaylı layihələr həyata keçirilib və həmin işlər bu gün də davam etməkdədir. Müvafiq dövlət qurumları, vətəndaş cəmiyyətləri, eləcə də ictimaiyyət nümayəndərinin  iştərakı ilə mütəmadi olaraq kütləvi təmizləmə aksiyaları təşkil edilməkdədir. Lakin bütün edilən cəhdlərə baxmayaraq Xəzər dənizinin çirklənməsinin qarşısını almaq müşkül məsələyə çevrilib. Nəticədə yaranmış vəziyyət Xəzərin ekologiyası üçün təhlükəli hal hesab olunur. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Xəzərin ekologiyasının qorunması, onun çirklənməsinin qarşısının alınması mühüm vəzifələrdəndir: "Təəssüflər olsun ki, bəzən bilmədən, bəzənsə bilərəkdən Xəzərin onsuz da ağır olan ekoloji durumunu ağırlaşdırır, onu çirkləndiririk. Lakin bu istiqamətdə görülən işlər ümid verir ki, Xəzərin ekologiyasının qorunması təmin olunacaq. Məsələn, bugünlərdə  hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində "Xəzərin mühafizəsində birik, birlikdəyik" devizi altında kütləvi təmizlik aksiyası keçirildi. Bu aksiya özü də ictimai fəallığın artırılması, ictimaiyyətin diqqətinin bir sıra məsələlərin həllinə cəlb edilməsi baxımından mühüm təşəbbüslərdən biri sayıla bilər. Bu, çox gözəl və nəcib bir təşəbbüs, aksiya idi. Qeyd edim ki, aksiyada YAP üzvləri, ETSN əməkdaşları, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak edirdilər. Şəxsən mən özüm də həmin aksiyada iştirak etmişdim və çox xoşuma gəlmişdi. Çünki mütəmadi olaraq bu cür çoxsaylı layihələri həyata keçiririlməsinə ehtiyac var. Ekologiyamızın qorunması, Xəzərin çirklənməsinin qarşının minimum səviyyədə alınması bir vətəndaş olaraq, hər birimizin vəzifəmiz, borcumuzdur. Çünki Xəzərin sərvətlərindən istifadə etdiyimiz kimi, onun sərvətlərinin qorunması, gələcək nəsillərə çatdırılması da hər birimizin vətəndaşlıq vəzifəmizdir. Xəzər dənizi xalqımızın milli-təbii sərvətidir. Xəzər bizim zənginliyimiz, dünyaya çıxışımız, dünyaya inteqrasiyamız, şöhrətimizdir. Heç təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən, xüsusilə də, son 22 il -1996-2018-ci illər ərzində aparılan gərgin müzakirələrdən, ağır, çətin keçən danışıqlar prosesindən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsi mümkün oldu. Məhz Ulu Öndər Heydər Əliyevin və onun kursunun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, Xəzərlə bağlı danışıqlar prosesinə verdiyi töhfələr nəticəsində 2018-ci ilin elə bu günlərində, avqust ayında Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçısının iştirakı ilə Aktau Konvensiyasi imzalandı. Bununla da, Xəzərin bir daha sülh, təhlükəsizlik, əməkdaşlıq dənizinə çevrilməsi istiqamətinə mühüm addımlar atıldı, ən əsası Xəzərin hüquqi statusu müəyyənləşdirildi. Bu Konvensiyanın özü həm də  belə demək mümkünsə, Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirkləndirilməsinin qarşısının alınması üçün mühüm bazalardan birini təşkil edir.  Bunları təfsilatı ilə deməkdə məqsədim odur ki,  xalqımız, dövlətimiz Xəzərin sərvətlərindən istifadə hüququna malik olan Xəzəryanı ölkələrdən biridir. Digər Xəzəryanı ölkələr kimi, biz də Xəzərin sərvətlərindən tam istifadə hüququna malik və bu sərvətlərdən də istifadə edirilk, yararlanırıq".

Millət vəkili qeyd edib ki, Xəzərin çirkləndirilməsinin zərəri elə ilk növbədə özümüzə, insanlarımıza dəyir, uzun illər insanlarların istifadə etdikləri çimərliklər bəzən məhz bu çirklənmələr, çirkləndirilmələr səbəbindən bağlanır, qapadılır, yasaqlanır: "Dediyim kimi, Xəzərdən, onun sərvətlərindən istifadə etdiyimiz, yaralandığımız kimi, onun ekoloji durumunun yaxşlaşdırılmasının, çirklənməsinin qarşısının alınması qayğısını da qalmalıyıq. Bu, bizim bir vətəndaş borcumuz, vəzifəmizdir. Dövlətlə yanaşı, hər birimiz bu işə öz töhfəmizi verməliyik". Deputat əlavə edib ki, Xəzəryanı ölkələrlə birgə emli-tədqiqat işlərinin aparılmasına, birgə monitoriqnlərin keçirilməsinə ehtiyac var. Əgər bu istiqamətdə birgə, koordinasiyalı fəaliyyət mümkün olarsa, Xəzərinin çirkləndirilməsinin, onun ekoloji durumunun ağırlaşdırılmasının qarşısının alınmasına böyük töhfələr verilmiş olar: "Öncə Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında bütövlükdə ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək çox mühüm məqamlardandır. Bu məsələdə özfəaliyyət olmaz, burada bütövlükdə çəmiyyətin, ictimaiyyətin rolunun artırılması vacibdir. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir, bu məsələnin vacibliyini vurğulayır. Çünki hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Odur ki, bu istiqamətdə atılan addımlardan biri də  insanları, ictimaiyyəti, xüsusilə, paytaxt əhalisini Xəzərin çirklənməsinin qarşısını almaq işinə səfərbər etməkdir. Hər kəs bu vacib məsələdə səfərbər olmalıdır. Onu da deyim ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir. Bu, bir dövlət olaraq, Azərbaycanın Xəzərin ekologiyasının yaxşılasdırılmasına necə böyuü önəm verməsinin göstəricisi sayıla bilər. Bununla yanaşı, Heydər Əliyev Fondu və onun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın Xəzərin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı çox gözəl təşəbbüsləri, layihələri olub və var. Fond tərəfindən bu istiqamətdə bu günün özündə də çox əhəmiyyətli və vacib aksiyalar keçirilməkdədir. Elə bu gün məbuatda gedən məlumatlara görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çimərliklərin yaradılması işləri davam edir.  Belə ki, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.  Artıq Səbail rayonunda, "Şıx" çimərlik ərazisində yaradılan çimərlikdən sonra  artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Yəni, əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb. Bununla yanaşı, vətəndaşların istirahərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. Yaxın günlərdə daha dörd qəsəbədə də yeni ictimai çimərlik istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində yeddi yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.  Onu da qeyd edim ki, yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Həmçinin, ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək. Bunlar çox gözəl, önəmli addımlardır, müsbət örnəkdir, təcrübədir. Ona görə dövlətimizlə bərabər hər birimiz Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirklənməsinin qarşısının alınması işinə səfərbər olmalı, öz töhfəmizi verməliyik. İnsanlarımız özləri könüllü şəkildə bilməlidirlər, başa düşməlidirlər ki, Xəzərə, sahilyanı ərazilərə zibil atmaq, onu çirkləndirmək olmaz. Bu, Xəzərin ekologiyasının korlanması, həmçinin, xəstəlik, xəstəliklərin yayılması deməkdir".

Deputat qeyd edib ki, Xəzərə də çirkli sular axıtmaqla, onu çirkləndirməklə həm də öz sağlamlığımıza ziyan vurmuş oluruq. Bunların-Xəzərə çirkli, kanalizasiya sularının axıdılmasının qarşısı alınmalıdır. Yeni təmizləyici quruğular qurulmalıdır. Konkret şəkildə qeyd etməli olsaq, təəəssüflər olsun ki, bu gün Xəzərlə sərhəd, Xərəzərə çıxışı olan rayonlarımızda kanalizasiya sistemləri yox dərəcəsində olduğundan bütün kanalizasiya suları Xəzərə axıdılır, nəticədə də Xəzərimizi çirkləndirilir. Bu ciddi problemdir və bu problemin aradan qaldırılması təcili addımlar atılmalıdır: "Bu baxımdan artıq hər bir kəs bu məsələdə diqqətli olmalı, məsuliyyət hissini artırmalıdır. Xəzərin sərvətləri də, onun təmizliyi də bizimdir. Biz bunlara seyrçi, biganə qala bilmərik. Xəzər dənizi xalqındır, cəmiyyətindir və bu səbəbdən də, insanlarımızın, vətəndaşlarımız, cəmiyyətimizin Xəzərin ekoloji təmizliyinin təmin edilməsi işində üzərində böyük vəzifələr, məsuliyyət düşür. İnsanlarımız özləri bu prosesdə daha yaxından və könüllü şəkildə iştitak etməlidirlər. Məhz son aksiya zamanı da bunun müsbət elementlərini, işartılarını gördüm və bu, yarımçıq qalmamalı, davamlı bir proses olmalıdır. Hesab edirəm ki, bu gün Xəzərin problemlərinin, xüsusilə, ekoloji problemlərinin həlli ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına və artırılmasına ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bununla bağlı böyük potensial mövcuddur. Onlar müvafiq dövlət qurumları ilə bu istiqamətdə fəaliyyətlərini əlaqələndirə, Xəzərin ekoloji problemlərinin həllinə öz töhfələrini verə bilərlər. Əgər bu istiqamətdə birgə, koordinasiyalı fəaliyyət mümkün olarsa, Xəzərinin çirkləndirilməsinin, onun ekoloji durumunun ağırlaşdırılmasının qarşısının alınmasına böyük töhfələr verilmiş olar".

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31