Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə ediləcək -RƏYLƏR

Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə ediləcək

Keçən ilin sosial-iqtisadi göstəriciləri, eləcə də cari ilin əvvəllərindən müşahidə edilən müsbət dinamika onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bu inkişaf tendensiyasına görə, region ölkələrini, hətta bəzi hallarda dünyanın qabaqcıl dövlətlərini geridə qoyur. Elə bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə sosial-iqtisadi inkişafla bağlı keçirilən müşavirə və orada açıqlanan statistik göstəricilər də belə deməyə əsas verir.

Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədən gəlinən nəticə ondan ibarət oldu ki, qarşıya qoyulan hədəflərə nail olunsa da, lakin arxayınlaşmaq da olmaz və bundan sonra da səmərəli, məhsuldar çalışmaq lazımdır. Cənab prezidentin çıxışı zamanı əsas diqqət yetirdiyi məsələ qeyri-neft sektoru, eləcə də aqrar sahə, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, həmçinin sosial sahədə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi idi. Əminliklə deyə bilərik ki, qarşıdakı müddətdə dövlət başçısının müşavirədə qeyd etdiyi istiqamətlərdə bir qədər də inkişaf templəri müşahidə ediləcək və ölkəmiz bu ili də uğurla başa vuracaq. Elə Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı son statistik göstəricilər, eləcə də cari ilin əvvəllərindən qeyri-neft sektoru və sosial sahədə qeydə alınan müsbət dinamika belə deməyə əsas verir. Təsadüfi deyil ki, əksər siyasilər, ekspertlər də belə düşünürlər. Millət vəkili Tahir Mirkişili deyir ki,2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Onun sözlərinə görə, bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar: "Son 6 ayın iqtisadi yekunları bir sıra mühüm nəticələrə gəlməyə imkan verir. Birincisi, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstərmişlər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur. İkincisi, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv etmiş və iqtisadi subyektlərin şəffavlığa və haqlı rəqabətə inamını daha artıb. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 mln manat artması, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-u ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur. Üçüncüsü, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondam çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib". Millət vəkili deyib ki, bundan başqa bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olmuş, əhalinin gəlirləri isə 6.6% artıb: "Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir. Düşünürəm ki, ölkə başçısının "Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir" tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq".

Sabiq maliyyə naziri Fikrət Yusifov isə deyir ki, qeyri-neft sənayesində istehsalın həcminin ötən ilin yarısı ilə müqaisədə 15,7 faiz artmasına baxmayaraq bu səhəyə cari ilin birinci yarısında əsaslı vəsait yatrımlarının 20 faizə qədər azalması bütün hallarda pis dəyərləndirilməlidi: "Əslində ilk baxışda bu azalmanın izahı var. Keçən il Sumqayıt Polimer və karbamid zavodlarının tikintisinin başa çatdırılması bu iki müəssisəyə xeyli yatrımlar edilməsi ilə nəticələnmişdi. Lakin bu ənənənin bu ildə də davam etdirilməsi gərək idi. Biz bu gün Azərbaycanın hər bir bölgəsində ölkəmizə ciddi valyuta gətirən belə müəssisələr inşa edilməsinə getməliyik. Əks halda iqtisadiyyatımızın, milli valyutamızın və bütövlükdə maliyyə sistemimizin təhlükəsizliyinə ciddi təhdidlər qalmaqda davam edəcək. Biz bu gün qeyri-neft sektorundan ümumi idxalımızın 14-15 faiz həcmində məhsul ixrac edirik. Bu olduqca azdır. Bir anlığa təsəvvür edək ki, neftin qiymətləri 2014 -2015-ci illərdə olduğu kimi kəskin azalmağa başlayır. Bu halda nə edə bilərik? Ən azından idxalı qarşılamaq və manatı kəskin ucuzlaşmaqdan qorumaq üçün böyük məbləğdə valyuta xərcləməyə məcbur olacağıq. Biz o valyutanı xərcləyəcəyik ki, qiymətlər münasib səviyyədə olanda onu neftin satışından əldə edə bilmişik. Gəlin bir anlığa da olsa təsəvvür edək ki, neftin qiymətləri kəskin azalıb və biz 11,5 milyard dollarlıq idxalımızın qarşılığında qeyri-neft sektorundan da cəmisi 1,7 milyard dollar - yəni dediyimiz kimi ümumi idxalımızın 15 faizə qədrində xarici valyuta əldə edirik. Bunun nə demək olduğunu bir neçə il öncə gördük. Ona görə də dəfələrlə dediyim kimi, bir daha təkrar edirəm, Azərbaycan iqtisadiyyatının əsas problemi ilkin mərhəllədə qeyri-neft sektorundan ixracın həcmini ən azından idxalımızın 50-60 faizi səviyyəsinə qaldırmaqdır. Son bir neçə ildə görülən intensiv tədbirlərə baxmayaraq təəssüf ki, hələlik bu baş vermir. Biz böhrandan sonra hələlik bu sahədə 2014-cü ilin səviyyəsinə belə çata bilməmişik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31