Kənd təsərrüfatı məhsullarının qiyməti kritik həddə çatıb

Kənd təsərrüfatı məhsullarının qiyməti kritik həddə çatıb

Stimullaşdırıcı tədbirlər heç bir nəticə vermir   

Mövsüm dövrü olmasına baxmayaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır. Xüsusən, kənd təsərrüfatı məhsullanın qiymətində artım müşahidə olunmaqdadır. Belə ki, yerlərdə istehsalçıların təklif etdiyi məhsullar paytaxt Bakıda 2-3 dəfə baha satılır. Məlumata görə,  sahələrdə qarpızın topdansatış qiyməti 0.22, 0.24 qəpik olduğu halda səyyar satışda 0.40 -0.50, rayonlarda 1 manata satılan pomidor Bakıda 2 manata, 1,5  manata təklif edilən gilas isə 4-5 manata satılır. Maraqlısı odur ki, iqtisadçılar kənd təsərrüfatı məhsullarının qiymətində baş verən artımın heç bir iqtisadi əsasının olmadığı qənaətindədirlər. Mütəxəssislərin qənaətinə görə, 2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişiklikləri ilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salmışdı, iyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açdı. Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar. Lakin göründüyü kimi iyulun birinci yarısını başa vursaq da məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, istehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu. Yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər. Elə isə qiymətlərin optimallaşdırılması üçün nələrə ehtiyac varmı? Ekspert qeyd edib ki, məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır. Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu də qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır. İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. "Kənddən şəhərə" layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur. Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümü təşviqi həyata keçirilməlidir. Mütəxəssislərin fikrincə, respublikada sürən qeyri-normal hava şəraiti məhsulun normal yetişməsinə imkan vermir. Məlumat üçün qeyd edək ki, Abşeron yarımadasında havalar küləkli, sərin keçsədə, regionlarda güclü yağışlarla müşayət olunmaqdadır. Yağışlar nəticəsində isə məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsinin artması göbələk xəstəliklərinin artmasına da səbəb olur. Yeri gəlmişkən qeyd edək ki, Avropa Myevə-Tərəvəz İstehsalçıları Assosasiyası olan "Ardo"nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir. Qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb. Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə "tabe olmayıb", xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək. Digər tərəfdən, son günlərdə Azərbaycanın xaricə ixrac etdiyi meyvə-tərəvəzin həcmi artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın xaricə ixrac etdiyi meyvə tərəvəzin çəkisi  325 060.43 ton çox olub ki, bu da ötən ilin eyni dövründən 2 538 317 ton çoxdur. İxrac edilən meytəp-tərəvəzin məbləği isə 318 370.65 min dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 4 166 908 min dollar çoxdur. Bu amilin özü də ökədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımına təsirsiz ötüşmür. Məhz bu amillər nəzərə alınaraq qiymətlərin sabit saxlanması istiqmətində stimullaşdırıcı addımların atılmasına ehtiyac duyulur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31