Elektron ticarət zamanı hansı təhlükəsizlik tədbirlərinə riayət edilməlidir?
Elektron ticarət zamanı hansı təhlükəsizlik tədbirlərinə riayət edilməlidir?
29 May 2019 13:35 İqtisadiyyatHazırda dünyanın inkişaf etmiş ölkələrində ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni elektron (onlayn) üsulla həyata keçirilir. Dünyanın ən böyük elektron ticarət bazarına sahib olan ABŞ-da bu göstərici 75%, Avropa ölkələrində isə 60%-ə bərabərdir. Statistik məlumata görə, ABŞ və Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə elektron ticarət dövriyyəsi ümumi ticarət əməliyyatlarının cəmi 0,051%-nə bərabərdir. Qeyd edək ki, elektron ticarət dövriyyəsinin 96,4%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib. Lakin ölkəmizdə elektron ticarətin həcmi inkişaf etmiş ölkələrlə müqayisə olduqca aşağı səviyyədədir. Bu sahənin mütəxəssisləri hesab edirlər ki, elektron ticarətin aşağı səviyyədə olmasının əsas səbəbi əhalinin bu barədə kifayət qədər məlumatının olmamasıdır.
Bəs, elektron ticarət nədir, ondan istifadə qaydaları necə tənzimlənir? Elektron ticarət sisteminin ilkin forması 1960-cı ildə ABŞ-da ortaya çıxıb. Həmin tarixdə "American Airlines" və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriblər. Bu elektron ticarət sistemi ilə bağlı ilk təcrübə hesab edilir. Ancaq, müasir elektron ticarət sistemi internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən başlayaraq sürətlə inkişaf etməyə başladı. "Elektron ticarət haqqında" qanun ölkəmizdə 2005-ci ildə qəbul olunub. Lakin, 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi, yəni onlayn ödəniş mümkün olmadığı üçün elektron ticarət tətbiq edilməyib. İlk dəfə 2008-ci ilin dekabr ayının 2-də "SilverKey Azərbaycan" şirkəti "GoldenPay" adlı onlayn ödəmə sistemi qurub. Məhz bu tarixdən sonra ölkədə elektron ticarətin tətbiqinə başlanılıb. Hazırda ölkədə dövlət və özəl qurumlar tərəfindən istehsal olunan mal və xidmətləri elektron üsulla əldə etmək mümkündür. Məsələn, bu gün elektrik enerjisi, su, qaz kimi kommunal xidmətləri çox rahatlıqla elektron üsulla satın almaq olar. Çox təəssüf ki, elektron ticarət zamanı vətəndaşların aldadılması hallarına daha çox rast gəlinir. Bəs, belə halların qarşısının alınması üçün vətəndaşlar nələri bilməlidirlər?
Bir daha xatırladaq ki, "Elektron ticarət haqqında" qanunda qeyd olunur ki, bu ticarət - informasiya sistemlərindən istifadə edilməklə, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Yəni, hər hansı xidmət və ya məhsulun satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet vasitəsilə satın alınmasıdır. Bunun üçün müştəri satıcının veb-saytına daxil olaraq, almaq istədiyi məhsul və ya xidməti seçməlidir. Sonra müştəri ödəniş aparılacaq veb-sayta istiqamətləndirilir. Ödəniş edildikdən, yəni məhsul və ya xidmətin haqqı müştərinin kart hesabından satıcının bank hesabına köçürüldükdən sonra, satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır. Mövcud qanunvericilikdə tərəflərin - alıcı və satıcının hüquq və vəzifələri göstərilib. Qeyd edək ki, ölkəmizdə elektron ticarətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) tələb olunmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən vergi ödəyicisi elektron ticarətlə də məşğul ola bilər. Ənənəvi ticarətdə olduğu kimi, burada da müqavilə bağlamaq, qəbz almaq mümkündür. Lakin, bəzən informasiya texnologiyalarından istifadə edilməklə, beynəlxalq internet şəbəkəsi üzərindən həyata keçirilən alış-veriş zamanı alıcıların dələduzluq yolu ilə aldadılması və pul vəsaitlərinin ələ keçirilməsi hallarına təsadüf olunur. Belə qanunsuz hallarla qarşılaşmamaq, dələduzların cinayətkar əməllərinin qurbanlarına çevrilməmək üçün vətəndaşlar elektron ticarət (e-ticarət) zamanı müəyyən təhlükəsizlik tədbirlərinə riayət etməli, əsas alış-veriş etmək istədikləri e-ticarət saytının, o cümlədən çoxsaylı alıcıların qoşulduğu saytlarda həmçinin satıcının etibarlılığına dair əvvəlcədən ətraflı araşdırma aparmalı, bu barədə alıcıların e-ticarət saytında qeyd etdikləri reytinqlər nəzərə alınmalı, onların mənfi və müsbət rəylərini oxuyaraq fikirlərini öyrənməlidirlər. Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, vətəndaşlar e-ticarət saytının və sayt üzərindən satış həyata keçirən satıcıların real əlaqə vasitələrinə, o cümlədən rəsmi hüquqi ünvana, fəaliyyət göstərən telefon nömrəsi və elektron poçt ünvanına malik olmasına, habelə mübahisəli halların (alınmış malın geri qaytarılması, ödənişin geri tələb olunması və sair) həll edilməsi üçün aydın şəkildə göstərilmiş dəqiq müraciət mexanizminin mövcudluğuna xüsusi diqqət yetirməli, insanların daha çox müraciət etdiyi e-ticarət saytlarından istifadə etməli, ayrı-ayrı fiziki şəxslərlə elektron şəkildə alış-veriş aparmaqdan çəkinməlidirlər. Unutmaq olmaz ki, fərdi məlumatlar çox önəmlidir, onlara əlahiddə dəyər verilməli və qorunmalıdır. Elektron ticarətlə məşğul olan saytlara alış-veriş üçün tələb olunandan artıq informasiya vermək məqsədəuyğun deyil.
Digər tərəfdən, potensial alıcılar e-ticarət saytına daxil olarkən, həmçinin həmin saytda elektron qaydada ödəniş həyata keçirərkən istifadə etdikləri internet brauzerin (məsələn Google Chrome, İnternet Explorer, Safari, Firefox və sair) ünvan sətirində qeyd olunmuş ünvanın düzgünlüyünə, habelə yaşıl rəngli kilid işarəsi olmasına və ünvanın HTTP:// ilə deyil, məhz HTTPS:// ilə başladığına əmin olmalıdırlar. Əks halda saytda apardığınız bütün əməliyyatlar, daxil etdiyiniz fərdi məlumatlarınız və ödəniş karta aid məlumatlar beynəlxalq internet şəbəkəsində tam açıq şəkildə mübadilə ediləcəkdir. Vətəndaşlar almaq istədikləri malın xüsusiyyətlərinə (ölçüləri, ağırlığı, rəngi, yeni olub-olmaması, istehsal edən şirkət, mənşə ölkəsi və sair), habelə çatdırılma şərtlərinə (o cümlədən malın hazırda yerləşdiyi yer və sifariş etdikləri yerə çatdırılmanın mümkünlüyü) əvvəlcədən xüsusi diqqət etməli, sual doğuran məqamları yazılı şəkildə satıcıdan soruşmalıdırlar. Hər bir alış həyata keçirilərkən sonradan istinad etmək üçün müvafiq unikal tranzaksiya nömrəsi də daxil olmaqla elektron poçt ünvanlarına bildirişin təqdim olunduğundan əmin olmalı, belə bildiriş almadıqları halda mövcud ekran görüntüsünü çap edərək saxlamalıdırlar. Elektron ticarət zamanı ödəniş nağd şəkildə deyil, böyük həcmli ödənişlər bank vasitəsilə həyata keçirilməlidir. E-ticarət saytına daxil olmaq üçün istifadə etdikləri kompyuter, planşet və mobil telefon qurğusunun əməliyyat sisteminin, internet brauzerin və digər bütün proqram təminatlarının mütəmadi şəkildə avtomatik yeniləndiyindən əmin olmalı, internet mühitində zərərli proqram təminatlarından və kibermüdaxilələrdən mümkün qədər qorunmaq üçün etibarlı antivirus proqram təminatından istifadə edilməlidir. Vətəndaşlar istifadə etdikləri şifrənin böyük və kiçik hərflərdən, habelə rəqəmlərdən və digər simvollardan ibarət mürəkkəb xarakterə malik şifrə olduğuna əmin olmalı, şifrəni mütəmadi aralıqlarla dəyişməlidirlər. Eyni şifrəni müxtəlif saytlarda təkrar istifadə etmək, açıq "Wi-Fi" şəbəkələri üzərindən e-ticarət saytlarına daxil olmaq məsləhət deyil.
Nurlan