İran-Azərbaycam əməkdaşlığı yeni mərhələdə
İran-Azərbaycan münasibətlərinin kökü çox qədim dövrlərə gedib çıxır. Qonşu dövlət olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əlaqələr daha çox xalqlar arasındakı yaxınlığa adekvat nizamlanır. Müasir mənada Azərbaycan-İran münasibətlərindən daha çox 1991-ci ildən sonrakı mərhələ üçün bəhs etmək mümkündür. Xatırladaq ki, Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin formalaşması ilə bağlı bəzi məqamlar 1991-ci ildən sonrakı dövrün təhlilinə daha rahat imkan verir.
2 Aprel 2018 12:32 İqtisadiyyatİmzalanan sənədlər siyasi və iqtisadi münasibətləri daha da möhkəmləndirəcək
İran-Azərbaycan münasibətlərinin kökü çox qədim dövrlərə gedib çıxır. Qonşu dövlət olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əlaqələr daha çox xalqlar arasındakı yaxınlığa adekvat nizamlanır. Müasir mənada Azərbaycan-İran münasibətlərindən daha çox 1991-ci ildən sonrakı mərhələ üçün bəhs etmək mümkündür. Xatırladaq ki, Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin formalaşması ilə bağlı bəzi məqamlar 1991-ci ildən sonrakı dövrün təhlilinə daha rahat imkan verir. Belə ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Hazırda İranın Bakıdakı Mədəniyyət Mərkəzi və Naxçıvan MR-də Baş Konsulluğu, Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri və bu səfər çərçivəsində əldə edilən ikitərəfli razılaşmaları isə ikitərəfli əlaqələrin yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər iki ölkə arasında mövcud olan və uzun illərə söykənən yaxın qonşuluğun və tərəfdaşlığın göstəricisidir. Bu baxımdan, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsi kimi göstərilə bilər. Misal üçün, təkcə 4 ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib və məhz bu kimi mühüm faktorlar ölkələrimiz arasındakı münbit tərəfdaşlıq münasibətlərini önə çəkir. Ümumiyyətlə, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyini deməyə əsas verir. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf etdiyini qeyd edən millət vəkili Tahir Rzayev bildirib ki, son dövrlər bu əlaqələr daha da güclənib: "Hər iki ölkə arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Bu ölkələrin yeraltı və yerüstü zəngin sərvətləri var və bundan səmərəli istifadə etmək lazımdır. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir". Millət vəkili Rüfət Quliyev də Azərbaycanla İran arasında münasibətlərin yeni müstəviyə daxil oduğu qənaətindədir. Millət vəkili qeyd edib ki, hazırda ölkələr arasındakı iqtisadi və siyasi münasibətlər uğurla inkişaf etməkdədir: "Mən son illərdə iki dövlət başçısı arasındakı görüşlərin müntəzəmliyini qeyd etmək istərdim. Bu və digər amillər onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Prezidentlər arasındakı görüş, Bakıda keçirilmiş biznes forum, ölkələr arasında imzalanmış sənədlər həm siyasi, həm də iqtisadi münasibətlərin möhkəmlənməsini ifadə edir". Deputat bildirib ki, Azərbaycan tərəflər iqtisadi münasibətlərin gələcək inkişafında maraqlıdır: "Bu gün Azərbaycanın iqtisadi üstünlüyü açıq-aydın görünür. Ərazi cəhətdən böyük ölkə olmasaq da, maliyyə və iqtisadiyyat baxımından Azərbaycan özünü təmin edə bilən ölkədir. Bu gün nəqliyyat dəhlizlərinin inkişafı üçün İrana investisiya qoyuruq. Bu, çox vacib amildir". Azərbaycanla İran arasındakı münasibətlərin dostluq çərçivəsində davam etdiyini vurğulayan deputat Rauf Əliyev qeyd edib ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü çox önəmli və vacib idi. Onun sözlərinə görə, prezidentlərin görüşündə müxtəlif istiqamətlərə dair xeyli sazişlərə imza atıldı: "Astara-Rəşt dəmiryolu, kənd təsərrüfatı, mədəniyyət, təhsil ocaqlarının inşa olunması və s. bağlı imzalar atıldı. Hesab edirəm ki, prezidentlərin görüşü xüsusi əhəmiyyətə malik idi. Digər tərəfdən isə İran bizim qonşumuzdur. İran Prezidenti Azərbaycanda səfərdə olduğu zaman özü də vurğuladı ki, biz gərək qonşumuzla yaxşı davranaq və bir-birimizə hörmət edək. Azərbaycan tərəfdən isə cənab İlham Əliyev bu məsələlərə toxunarkən həmişə deyib ki, biz qonşularla hər zaman tolerantıq və onlara açıqıq. Bu mənada düşünürəm ki, görüş həm İran, həm də Azərbaycan xalqı üçün vacib idi. Qonşular nə qədər bir olsa, bir o qədər yaxşıdır. Bizim iqtisadi əlaqələrimiz daha da genişlənəcək və iki dövlət, xalq arasında münasibət daha da yaxşı olacaq". Millət vəkili Aydın Hüseynov isə qeyd edib ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı. A.Hüseynov xatırladıb ki, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalandı: "Bu sənədlər iki ölkə arasında əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır. İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. İranla Azərbaycan arasında əlaqələrin inkişafı təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox əhəmiyyətlidir".
Alim