Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazımi şərait yaradılıb
Azərbaycanda həyata keçirilən iqtisadi siyasət kiçik və orta sahibkarlığın inkişafına təkan verib. Ölkədə normal biznes mühitinin yaradılması dövlətin priorotet məsələlərindən hesab olunduğundan sahibkarlığın inkişafına lazımi dəstək verilir. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafında sahibkarların sərbəst fəaliyyəti əsas faktorlardan hesab olunur.
28 Mart 2018 14:39 İqtisadiyyatSahibkarlara edilən güzəştlər həm də idxal potensialının artmasına səbəb olub
Azərbaycanda həyata keçirilən iqtisadi siyasət kiçik və orta sahibkarlığın inkişafına təkan verib. Ölkədə normal biznes mühitinin yaradılması dövlətin priorotet məsələlərindən hesab olunduğundan sahibkarlığın inkişafına lazımi dəstək verilir. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafında sahibkarların sərbəst fəaliyyəti əsas faktorlardan hesab olunur. Elə bu səbədən də sahibkarlığın inkişafına əlverişli şərait yaradılır. Konkret olaraq, ölkədə sahibkarlığın inkişafına əlverişli biznes mühitin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə ölkə başçısı tərəfindən "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncam imzalayıb. Xatırladaq ki, "bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 2-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilib. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayı xeyli artıb. Ölkədə sahibkarlar üçün yaradılan biznes mühiti beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən də müsbət qarşılanır. Belə ki, "Doing Business 2017" hesabatına görə 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olub. "Biznesə başlama" indikatorunda Azərbaycan üçün müəyyən edilmiş "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi 97,75 % təşkil edib ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz "Biznesə başlama" indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir. 2016-2017-ci illər üzrə "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz əvvəlki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 138 ölkə arasında 37-ci mövqeyə yüksəlib və bu göstərici üzrə MDB məkanında liderlik mövqeyini qoruyub saxlayıb. Hazırda Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 63 sayda elektron xidmət, o cümlədən "Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması", "Elektron vergi hesab-fakturasının qəbulu" xidmətləri göstərilir. Eyni zamanda, 1 aprel 2017-ci ildən başlayaraq elektron qaimə-fakturanın tətbiqinə başlanılıb. Yeri gəlmişkən qeyd edək ki, fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi 2011-ci ildən tətbiq olunur. Yerli hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılmasına isə 2012-ci ildən start verilib. Vergi ödəyicilərinin elektron qeydiyyatı elektron imza əsasında həyata keçirilir ki, bu da sahibkarların işinin əhəmiyyətli dərəcədə yüngülləşməsinə səbəb olub. Onu da qeyd edək ki, müvafiq dövlət orqanları sahibkarlığın inkişafı məqsədilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Məhz bu məqsədlə işəgötürənlər tərəfindən muzdlu işçilərlə bağlanılmış əmək müqavilələrinin elektron qeydiyyatına nəzarətin həyata keçirilməsi üçün 2016-cı ilin fevral ayında Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında elektron məlumat mübadiləsi haqqında razılaşma imzalanıb.
Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə bir sıra güzəştlərin tətbiqi həyata keçirilir. Belə ki, investisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı xeyli dərəcədə artıb. Bu güzəştlər eyni zamanda, iqtisadiyyatın difər sahələrində də özünü büruzə verir. Məlum olduğu kimi ölkədə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq dövlət başçısının müvafiq fərman və sərəncamlarına əsasən kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə müvafiq olaraq Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, habelə Mingəçevir, Pirallahı və AMEA yüksək texnologiyalar parkları, həmçinin Neftçala və Masallı sənaye məhəllələri yaradılıb. Sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə 1 yanvar 2013-cü il tarixdən başlayaraq sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə sənaye və texnologiyalar parkındakı fəaliyyətlə əlaqədar mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilib. Eyni zamanda, sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan şəxslər tərəfindən müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilib.
İnvestisiyaların təşviqinin stimullaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların həmin sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətin 50 faizi gəlir vergisindən, bu fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad edilib. Eyni zamanda, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilib. Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyətlə əlaqədar mənfəət (gəlir), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən 2019-cu ilin yanvarın 1-dək azad edilib. Bundan başqa, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər vergi orqanlarında qeydiyyata alınmadan onlar tərəfindən təyin edilən vergi agenti vasitəsilə Azərbaycan Respublikasında vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə seçim hüquqları var. Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. Ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
Qeyd edək ki, idxal potensialının artırılması məqsədilə də çoxsaylı güzəştlərin tətbiq edilməsi də ölkənin gəlirlərinin artmasında mühüm rol oynayır. Konkret olaraq "Gömrük tarifi haqqında" qanunda gömrük sərhədindən keçirilən malların gömrük rüsumuna cəlb olunması üzrə 20 istiqamətdə azadolma nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalayıb ki, onlardan 49-u qüvvəyə minib və tətbiq olunmaqdadır. Bununla yanaşı, Danimarka, İspaniya, İsrail və İordaniya ilə imzalanmış analoji sənədlərin qüvvəyə minməsi üçün müvafiq prosedurlar bitdikdən sonra qüvvəyə minəcəkdir. 10 ölkə ilə ikitərəfli və 2 çoxtərəfli "Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişlər imzalanıb. Bütün sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkifı məqsədilə təkmil qanunvericilik bazası mövcuddur və edilən güzəştlər öz bəhrəsini verməkdədir.
Zəka