Azərbaycanda pambıqçılığın inkişafı yeni mərhələdə
Artıq uzun müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet vəzifələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar Azərbaycanda qeyri-neft sektorunun əsaslı dərəcədə inkişafına təkan verib.
27 Mart 2018 14:59 İqtisadiyyatBu sahənin inkişafı işsizlik probleminin aradan qaldırılması ilə yanaşı ölkəmizin keçmiş şöhrətini də özünə qaytarır
Artıq uzun müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet vəzifələrdən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar Azərbaycanda qeyri-neft sektorunun əsaslı dərəcədə inkişafına təkan verib.
Qeyri-neft sektorunda mühüm sahələrdən biri olan kənd təsərrüfatının inkişafı da günümüzdə əsas diqqət yetirilən sahələrdəndir. Xüsusilə, bir neçə il əvvəl dünyada baş verən neft və maliyyə böhranından sonra ölkədə ərzaq təhlükəsizliyinin təminatının ən yüksək həddə çatdırılması, daxili istehsalın artırılmasına xüsusi diqqət yetirilməyə başlanıldı. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu sahədə inkişaf hər bir regionun özünəməxsus spesifikası əsasında həyata keçirilir. Əgər şimal zonasında meyvəçiliyin inkişaf etdirilməsi prioritet təşkil edirsə, cənub zonasında çəltikçilik, çayçılıq, həmçinin sitrus meyvələrinin inkişafı əsas diqqət mərkəzində saxlanılır. Yaxud Şəki-Zaqatala iqtisadi rayonunda tütünçülük, baramaçılığın inkişaf etdirilməsi günün tələblərinə uyğun şəkildə həyata keçirilir. Aran iqtisadi zonası üzrə spesifik sahə pambıqçılıq hesab edilir ki, son illərdə bu sahənin inkişafında da əsaslı dərəcədə inkişaf tempi müşahidə olunur. Xüsusilə, bir neçə il əvvəl Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sabirabad və Saatlı rayonlarında ölkədə pambıqçılığın inkişafına dair keçirdiyi respublika müşavirələrindən sonra bu sahədə ciddi inkişaf tempi qeydə alınıb. Dövlətin və dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısından stimul alan fermerlər Aran rayonlarında pambıqçılığın inkişaf etdirilməsinə öz töhfələrini verirlər ki, bu da ümumilikdə Azərbaycanda bu sahənin inkişafına təkan verir. Sahibkarlığa Kömək Milli Fondundan pambıq əkini ilə məşğul olan fermerlərə, sahibkaralar ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da qarşıya qoyulan hədəflərə nail olmaq imkanı verir. Təsadüfi deyil ki, məhz bu sahəyə göstərilən diqqətin nəticəsində son illərdə pambıq əkini sahələrinin sayı xeyli artıb və bu məhsulun istehsalında da artım qeydə alınıb. Qarşıdakı illərdə də ölkədə pambıqçılığın inkişaf etdiriləcəyi, pambıq istehsalının artırılacağı istisna edilmir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsi də belə deməyə əsas verir. Dövlət başçısının müşavirədəki çıxışından bir daha aydın oldu ki, ölkədə pambıqçılığın inkişaf etdirilməsi üçün bu sahəyə dövlət dəstəyi bundan sonra da davam edəcək: "2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik. 2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirildi. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik". Nəzərə alsaq ki, Bərdə rayonunda pambıqçılığın inkişafında böyük təcrübə, ənənə var, o zaman dövlət başçısının iştirakı ilə keçirilən müşavirədən sonra sözügedən rayonda bu sahənin inkişafı baxımından mühüm nailiyyətlər əldə olunacaq. Elə prezident də çıxışında bu məqama diqqət çəkib. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirildi. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatdı". Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır: "Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var".
Prezidentin çıxışında bildirdiyi kimi pambıq əkilib-becərilməsi, onun istehsalı ilə məşğul olan fermerlərə diqqət və qayğı, dövlət dəstəyi bundan sonra da davam edəcək ki, bu da qeyd edilən sahənin inkişafına təkn verəcək. Elə prezident İlham Əliyevin Bərdə rayonuna səfəri zamanı pambıq sahəsinə baş çəkməsi, fermerlərlə görüşməsi deyilənlərin əyani sübutudur. Pambıqçılığın inkişafı regionda işsizlik probleminin də həllinə öz müsbət təsirini göstərəcək. Elə pambıq əkini sahələrində yüzlərlə region sakinin çalışması fonunda bunu görmək mümkündür. Təsadüfi deyil ki, dövlət başçısı da müşavirədə çıxışı zamanı pambıqçılığın əmək tutumlu sahə olduğunu söyləyib: "Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik".
Göründüyü kimi, ölkədə pambıqçılığın inkişafı yeni bir mərhələyə qədəm qoyub. Bu sahənin inkişafı bir çox müsbət nəticələrin əldə olunmasına gətirib çıxarır. Ən əsası Azərbaycanın ənənəvi şöhrəti özünə qayıdır.
S.İsmayılbəyli