Dünyada enerji resurslarına olan tələbat artır
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.
26 Sentyabr 2017 14:00 İqtisadiyyatDünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.
Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində faktiki olaraq Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın xahiş və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı. Millət vəkili Elman Nəsirov deyir ki, Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi: "Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır.
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "hasilatın pay bölgüsü" tipli müqavilə imzalandı. Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst daxili və xarici siyasət yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı ilk beynəlxalq müqavilə idi.
Bu müqavilənin imzalanması ilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı. Müqavilənin imzalanması xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra Azərbaycanın neft sənayesinə xarici kapitalın axını başlandı. İlkin vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək üçün pul vəsaitinin çatışmadığı günlərdə belə əlverişli şərtlərlə müqavilənin imzalanması Azərbaycan dövlətinin qələbəsi kimi qiymətləndirilirdi". Millət vəkili qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması ilə bağlıdır: "Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri tankerlə neftin daşınmasını nəzərdə tuturdusa, bu istiqamətdə əsas və həlledici daşınma funksiyasını həyata keçirən boru kəməri məhz Bakı-Tbilisi-Ceyhan istiqamətində müəyyən edildi. Başqa sözlə, dost və qardaş Türkiyə dövlətinin Aralıq dənizi sahilindəki Ceyhan limanı Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün son nöqtə kimi müəyyənləşdirildi. Enerji ehtiyatlarının dünya bazarlarına nəqlini təhlükəsiz və ən yüksək beynəlxalq standartlara uyğun gerçəkləşdirən Bakı-Tbilisi-Ceyhan (BTC) artıq neçə illərdir ölkəmizə və bütövlükdə regiona əlavə mənfəətlər gətirməkdə davam edir". Sonrakı mərhələdə "Cənub" qaz dəhlizinin yaradılması istiqamətində atılan addımlara toxunan millət vəkili deyib ki, ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı: "2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Bir sözlə, XXI əsrin meqalayihəsi olan və dəyəri 40 milyard dollar səviyyəsində müəyyən edilən "Cənub" qaz dəhlizinin reallaşdırılması istiqamətində həlledici addımlar atıldı. "Şahdəniz" yatağından hasil edilən qaz 3500 kilometr uzunluğunda 3 qaz kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.
Məhz Prezident İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində də həyata keçirdiyi uğurlu balans siyasəti nəticəsində 2016-cı il fevralın 29-da "Cənub" qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclasında 11 dövlət və Avropa Komissiyasının iştirakı ilə bəyannamə imzalandı. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bu layihənin üzvləridir. Daha iki dövlət - Xorvatiya və Monteneqro da bəyannaməni imzaladılar. Eyni zamanda, ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri, habelə Avropa Komissiyasının vitse-prezidenti də sənədə imza atmışlar. Deməli, "Cənub" qaz dəhlizi layihəsinin lehinə atılmış 12 imza bütün dünyaya nümayiş etdirdi ki, bu dəhliz artıq tarixi reallıqdır.
Sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması mərasimi oldu. İmzalanmış kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir: "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var."
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu. Beləliklə, yuxarıda apardığımız təhlillər belə bir qənaətə gəlməyə əsas verir ki, 23 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən biri olan "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin bügünkü inkişafı və tərəqqisi üçün mühüm baza yaradıldı və Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin şah əsəri olan müasir Azərbaycanın daha da çiçəklənməsi və dünya dövlətləri sırasında ləyaqətli mövqe qazanması üçün mühüm addımlar atıldı. Möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi, "Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək: "Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır."
Füzuli