Süni qiymət artımına rəvac verənlər
Artıq “Novruz” bayramı qapımızın kandarındadır. Su və od çərşənbələrinə əlvida demişik. Amma insanları narahat edən, bu sevincə kədər qatan məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın bahalaşmasıdır. Ənənəyə görə, “Novruz” süfrəsinə yeddi cür nemət, müxtəlif şirniyyatlar düzülməlidir. Bunun üzərinə müasir Avropa disertlərini də əlavə etsək bayram süfrəsinə nə qədər ərzağın lazım olduğu aydın olar. Təəssüf ki, bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər fürsətdən yararlanaraq qiymətləri süni şəkildə qaldırıblar.
1 Mart 2017 15:35 İqtisadiyyatBazarlarda qiymətləri sahibkarlar diktə edirlər
Artıq "Novruz" bayramı qapımızın kandarındadır. Su və od çərşənbələrinə əlvida demişik. Amma insanları narahat edən, bu sevincə kədər qatan məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın bahalaşmasıdır. Ənənəyə görə, "Novruz" süfrəsinə yeddi cür nemət, müxtəlif şirniyyatlar düzülməlidir. Bunun üzərinə müasir Avropa disertlərini də əlavə etsək bayram süfrəsinə nə qədər ərzağın lazım olduğu aydın olar. Təəssüf ki, bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər fürsətdən yararlanaraq qiymətləri süni şəkildə qaldırıblar. Elə bu səbəbdən də bayram yaxınlaşdıqca bazarlarda qiymətlər srtmaqda davam edir. Nəzərə almaq lazımdır ki, bəzi ailələr ərzaq tədarükünü bayramdan bir neçə gün, bəzən isə həftə əvvəl görürlər ki, bu da birbaşa tələbatın artmasına dəlalət edir. Odur ki, ənənəvi olaraq ölkəmizdə bayram ərəfəsində qiymətlərin qalxması qaçılmaz olur. Nəticədə əhalinin aylıq gəlirinin xeyli hissəsi yalnız ərzağa xərclənir. Aparılan müşahidələr deməyə əsas verir ki, Bakı şəhərinin bütün satış mərkəzlərində, eləcə də kənd təsərrüfatı yarmarkalarında qiymət artımı baş verib. Etiraf edək ki, hazırda dünyanın elə bir neməti yoxdur ki, Azərbaycan bazarlarında olmasın. Vaxtilə əlçatmaz görünən sitrus meyvələri indı təkcə bayram günləri deyil, elə adi günlərdə də dükan-bazarlarmızı bəzəyir. Bazardakı piştaxtalarda səliqə ilə düzülən müxtəlif çeşidli ərzaq məhsulları, meyvələr insanının zövqünü oxşayır. Amma onlara yaxınlaşmaq hər kəsin görə biləcəyi iş deyil. Çünki bu növ məhsulların qiymətləri xeyli bahalaşıb. Araşdırmalar zamanı bəlli oldu ki, bayram ərəfəsində demək olar ki, bütün növ məhsulun qiymətində artım var. Yəni, ərzaq, kənd təsərrüfatı, sənaye məhsullarından tutmuş mobel, telefon, kosmetik və parfümeriya məhsullarına qədər qiymət artımı müşahidə olunur. Hətta bir sıra iri marketlər stimullaşdırıcı reklamlarla bayaram hədiyyəsi adı altında məhsullarının qiymətini artırıblar. Ən çox artım isə ərzaq və kənd təsərrüfatı məhsullarında qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, cari ildə ərzaq məhsullarının qiymətləri 14,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,3 faiz bahalaşıb. Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Məlumat üçün qeyd edək ki, hazırda bazarda xiyarın kilosu 3-5 manat, pomidor 4-6 manat, soğan 40-50 qəpik, kartof 1 manat, portağal 2,5 manat, banan-3 manat 50 qəpik, armud 3-5 manat, nar 2-5 manat, üzüm 3-5 manat, ananas 4 manat, narıngi 2 manat 50 qəpik-3 manat, alma 1-5 manata satılır. "Novruzun" vacib təamlarından hesab olunan qoz, fəndəğa isə yaxın düşmək mümkün deyil. Hazırda qoz ləpəsi 20, fındıq isə 15-17 manata təklif olunur. Göstərilən qiymətlər deməyə əsas verir ki, ölkədə məhsul bolliuğunun olmasına baxmayaraq qiymətlər durmadan artır. Qiymət artımı təkcə yerli məhsullarda deyil, eləcə də xarici ölkələrdən gətirilən məhsullarda da diqqəti çəkir. Məlum olduğu kimi ölkəmizə İran, Türkiyə, Dubay, Argentina və başqa ölkələrdən meyvə idxal edilir. Bəzi hallarda isə hətta yerli məhsullar xarici mal adı altında alıcılara sırınır. Bayram yaxınlaşdıqca ət və ət məhsullarının qiynəti daha da artır. Hazırda bazarda toyuq əti 3-5, mal əti 11-12, qoyun əti isə 12-13 manata satılır. Bayram süfrəsin standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyənlər bu nemətlər üçün ən azı 100 manat ödəməlidirlər. Əlavə xərclər (meyvə, pomidor, xiyar, şirə, çərəz, tort) üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur. Ekspertlərin qənaətincə, bu göstərici orta azərbaycanlı ailəsi üçün olduqca yüksək göstəricidir. Maraqlıdır, ölkədə sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradıldığı halda hansı amillər qiymət artımına rəvac verir? Mütəxəssislər hesab edirlər ki, sahibkarlar üzərində nəzarətin götürülməsi sui-istifadə hallarına yol açıb. Bunun nəticəsidir ki, hazırda bazar qanunları işləmir, tələb-təklif prinsipi arxa plana keçib. Bazarlarda qiymətləri sahibkarlar diktə edirlər. Bazarda 10 faiz inflyasiya varsa, onun yalnız 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır. 2-2,5 faiz xaricdən gətirilən malların üstündə gəlir, geridə qalan 5-6 faiz isə süni qiymət artırmının nəticəsidir ki, bu da əhalinin aşağı təbəqəsinin, son dövrlərdə isə orta təbəqənin də büdcəsinə ciddi ziyan vurur. Rəsmi dövlət orqanlarının məlumatına görə, bayramqabağı hər kəsin süfrəsini öz cibinə uyğun bəzəməsi, bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə paytaxtda yarmarkalar keçirilir. Bayramla əlaqədar tələbatın artması nəzərə alınaraq bazarlara daha çox meyvə, quru meyvə, yumurta, toyuq əti və mal ətinin gətirilməsi təmin edilib. İqtisadiyyat Nazirliyindən isə bildiriblər ki, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda monitorinqlər aparır, bu, həm də süni qiymət artımının qarşısının alınmasına yönəlir. Ancaq reallıq ondan ibarətdir ki, görülən tədbirlərə baxmayaraq bazarlarda qiymətlər artmaqda davam edir. Ekspertlərin fikrincə, hazırki şəraitdə Azərbaycanda qiymətlərin artması üçün heç bir iqtisadi əsas yoxdur. Qiymət artımı yalnız süni şəkildə baş verir ki, onun da əziyyətini sadə vətəndaşlar çəkmiş olur.
Zəka