Nazir vergi ödəyicilərinin hamısına “bir gözlə baxılmayacağını” açıqladı

Azərbaycanda vergi ödəyicilərinə yanaşma diferensiallaşdırılacaq. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaqdır.

Azərbaycanda vergi ödəyicilərinə yanaşma diferensiallaşdırılacaq. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaqdır.

Bu barədə vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir.

Nazir məqaləsində göstərir ki, Vergilər Nazirliyi buna qədər də daim canlı və dinamik qurum kimi fəaliyyət göstərib, öz inzibati resurslarını və sistemdaxili strukturunu iqtisadiyyatın dəyişən tələblərinə uyğun qurub, zərurət yarandıqca vergi inzibatçılığında və idarəetmə sistemində islahatlar aparıb. Bununla belə, milli vergi administrasiyasındakı son dəyişikliklər istər mahiyyət, istərsə də əhatə baxımından daha genişdir.

Məqalədə deyilir ki, vergi sisteminə yeni baxış bucağı, ilk növbədə, iki mühüm prinsip üzərində qurulur. Bunlardan birincisi və ən önəmlisi "fərdi yanaşma" prinsipidir. İndiyədək vergi xidmətində işin əsas ağırlığı böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi və dövriyyələrindən asılı olmayaraq bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi.

Fazil Məmmədov yazır: "Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi bu yanaşmanı dəyişmək, hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdır. Bu məqsədlə beynəlxalq təcrübədə geniş istifadə olunan "dövriyyə intervalları" prinsipini vergi inzibatçılığının bütün sahələrində tətbiq etməklə, vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılıq formalaşdırmaq nəzərdə tutulur. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir. İkinci mühüm prinsip isə sahibkarlıq subyektləri ilə "partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi" prinsipidir."

Nazir bildirir ki, Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülüb. Bu məqsədlə yenə də beynəlxalq təcrübədən faydalanaraq intizamlı vergi ödəyiciləri üçün "yaşıl dəhliz" prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31