Peşə təhsili inkişaf mərhələsində
Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri də “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Sözügedən sənəddə peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir sıra vacib məqamlar öz əksini tapır. Xüsusilə, günümüzdə peşə təhsilinə diqqətin artırılması olduqca zəruri hesab edilir. Elə ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Əkrəm Həsənov sözügedən sənədi təhlil edərkən bildirir ki, xəritə müəlliflərinin təhsil sahəsi daxilində məhz peşə təhsilinə önəm verməsi düzgündür.
28 Fevral 2017 13:45 İqtisadiyyat"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" belə deməyə əsas verir
Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri də "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"dir. Sözügedən sənəddə peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir sıra vacib məqamlar öz əksini tapır. Xüsusilə, günümüzdə peşə təhsilinə diqqətin artırılması olduqca zəruri hesab edilir. Elə ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Əkrəm Həsənov sözügedən sənədi təhlil edərkən bildirir ki, xəritə müəlliflərinin təhsil sahəsi daxilində məhz peşə təhsilinə önəm verməsi düzgündür. Onun sözlərinə görə, kiçik ölkəyik, dünya iqtisadiyyatında payımız da azdır: "Özümüzü təvazökar aparmalıyıq. Gözəsoxma və cehizlik ali təhsil diplomları erası geridə qaldı. Neft erası kimi. Neft hasil edib pul qazanmaq üçün nəinki ali, heç kütləvi peşə təhsilinə də ehtiyac yox idi. Amma bu gün bizə hər sahədə müasir tələblərə cavab verən mütəxəssislər lazımdır. Peşəsini yaxşı bilən kəslər. Bu baxımdan sözügedən Xəritə priotitetləri düzgün müəyyən edir. Mövcud vəziyyət, güclü və zəif tərəflərimiz də səmimi və açıq etiraf olunur. Belə ki, bu sahədə real güclü tərəflərimiz formal nailiyyətlərdir. Strategiya və standartlarımız, habelə ənənələrimiz və Agentliyimiz var. Zəif tərəflərimiz isə boldur: infrastruktur, avadanlıq və maddi-texniki bazanın, habelə təhsil proqramları, dərslik və dərs vəsaitlərinin köhnəlməsi, müəllim-pedaqoji heyətin və kadrların hazırlıq səviyyəsinin qənaətbəxş olmaması, idarəedici heyətin zəif, peşə təhsilinin imicinin aşağı olması, peşə təhsilinin əmək bazarının tələblərinə cavab verə bilməməsi, işəgötürənlərlə əlaqələrin zəif olması və s". Bəs bu problemlərin həlli üçün Xəritə nə təklif edir? Ekspert deyir ki, 2020-ci ilədək bu sahədə müvafiq qanun qəbul ediləcək: "10 pilot peşə təhsili müəssisəsi açılacaq. Məncə, elə mövcudları təkmilləşdirmək daha səmərəli və ucuz olardı. Peşə təhsil müəssisələrinə qəbul səviyyəsi 25 faizə qaldırılacaq. Məzunların məşğulluq səviyyəsi isə 50 faizə çatdırılacaq. Bu kimi digər hədəflər də var. Bunlara necə nail olacaqlar - Xəritədə konkret deyilmir. Ən təvazökar məqam isə yeni iş yerləri ilə bağlıdır - cəmi 176 yer. Digər xəritələrdəki yeni iş yerləri anonsu ilə müqayisədə demək olar ki, bu, heç nədir. Yəni cəmi 176 nəfər yeni işçi cəlb etməklə peşə təhsili həm kəmiyyət, həm də keyfiyyət baxımdan inkişaf edəcək. Ədalət naminə demək lazımdır ki, Xəritədə dəfələrlə onun icrası üçün gözlənilən risklər də açıq etiraf olunur. Məsələn: "büdcədənkənar vəsaitlərin idarə edilməsində şəffaflığın və səmərəliliyin təmin edilməməsi", "peşə təhsili müəssisələrinin qiymətləndirilməsi üçün məlumatlarda dəqiqliyin və şəffaflığın olmaması
məzunların işlə təmin edilməməsi", "müvafiq dövlət qurumlarının və işəgötürənlərin məlumatları dəqiq və vaxtında təqdim etməməsi", "məlumat bazası ilə bağlı fəaliyyətin əlaqələndirilməsi və icrasında digər dövlət qurumlarının və işəgötürənlərin maraqlı olmaması", "peşə təhsili müəssisələri üçün əlavə inzibati yükün yaranması" və s. Bununla belə, Xəritənin əsas amalı peşə təhsili ilə işəgötürənlərin əlaqəsinin yaradılmasıdır. Düzgün yanaşmadır. Peşə təhsili alanlar real iqtisadiyyatda çalışmalıdır. Buna görə də peşə təhsili müəssisələri potensial işəgötürənlərlə sıx təmasda fəaliyyət göstərməlidir ki, kadrları onların tələbatına uyğun yetişdirə bilsinlər. Təbii, bu halda həmin işəgötürən müəssisələr peşə təhisili sahəsini maliyyələşdirəcək də! Prinsipcə, təkcə bu qarşılqlı əməkdaşlığa nail olunsa, peşə təhsili inkişaf edəcək". Əkrəm Həsənov onu da bildirib ki, bunun üçün sözün əsl mənasında bazar iqtisadiyyatı qurmaq lazımdır: "Sağlam rəqabətli mühitdə çoxsaylı özəl şirkətlər yaradılsa, sahibkarlığa nəinki dəstək olsa, heç olmasa ona mane olmasalar, məhkəmələr obyektiv olsa və s., əlbəttə ki, bütün arzularımıza çata biləcəyik. Amma bütün bunlar sözügedən Xəritənin hədəfi deyil. Bu, daha ilkin, daha vacib məsələlərdir və mən hər xəritənin şərhində bu barədə yazmışam. Onu da qeyd edim ki, Xəritənin icrasına 190,95 milyon. manatın xərclənməsi nəzərdə tutulur. Digər xəritələrlə müqayisədə kiçik məbləğdir".
Füzuli