Manatının bundan sonrakı taleyi qeyri-neft sektorundan ixracın səviyyəsindən asılı olacaq
Cari ilin əvvəllərindən etibarən Amerika dollarının dəyərində eniş müşahidə edilməyə başlayıb. 2015-ci ilin sonlarından özünün pik həddinə qalxan Amerikan dolları son iki ay ərzində milli valyutalara nisbətən dəyərini tədricən itirir. Bu müsbət tendensiya Azərbaycanda da hiss edilməkdədir. Lakin dolların bundan sonrakı taleyi ilə bağlı heç də birmənalı fikir bildirilmir.
27 Fevral 2017 14:49 İqtisadiyyatFikrət Yusifov: "Hökumətin apardığı islahatlarla ölkə iqtisadiyyatının real sektorundan ixracın kifayət qədər artacağı gözlənilir"
"Bu manatın məzənnəsi ilə bağlı optimist əhval-ruhiyyə yaradır"
Cari ilin əvvəllərindən etibarən Amerika dollarının dəyərində eniş müşahidə edilməyə başlayıb. 2015-ci ilin sonlarından özünün pik həddinə qalxan Amerikan dolları son iki ay ərzində milli valyutalara nisbətən dəyərini tədricən itirir. Bu müsbət tendensiya Azərbaycanda da hiss edilməkdədir. Lakin dolların bundan sonrakı taleyi ilə bağlı heç də birmənalı fikir bildirilmir. Bəzi ekspertlər hesab edirlər ki, dolların milli valyutalara, o cümlədən Azərbaycan manatına nisbətən dəyərinin bir qədər aşağı düşməsi müvəqqəti xarakter daşıyır. İddia olunur ki, yaxın vaxtlarda Amerika dolları yenidən milli valyutaya nisbətən bahalaşacaq. Ancaq eyni zamanda tamamilə fərqli mövqe ortaya qoyanlar, dolların Azərbaycan manatına nisbətən bir qədər də aşağı düşəcəyini söyləyənlər də var. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə hesab edir ki, əslində dolların bundan sonrakı taleyinin necə olacağı Birləşmiş Ştatların yeni prezidentinin sərgiləcəyi iqtisadi siyasətdən və buna uyğun ortaya qoyulacaq maliyyə siyasətindən bilavasitə asılı olacaq. Onun sözlərinə görə, bu məsələlərdə isə hələlik kifayət qədər qeyri-müəyyənlik mıvcuddur: "Seçkiqabağı bəyanatlarında Donald Trampın aparacağı iqtisadi siyasətə dair səsləndirdiyi fikirlər bu gün dünya iqtisadi müstəvisində sürətlə gedən qloballaşmanın əksini nəzərdə tuturdu. Elə o, prezident kürsüsünə oturduqdan sonra imzaladığı ilk sərəncamla da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatından öz ölkəsinin çıxmasını rəsmiləşdirdi. Donald Trampın bu addımı bir çox ölkələrin liderlərini kifayət qədər narahat etdi. Digər tərəfdən onun Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin fəaliyətini təftiş etmək məqsədilə xüsusi qanunvericilik bazasını yaratmaq cəhdləri və bu təşkilatın Birləşmiş Ştatlar hökumətinin tərkibində deyil, özəl Mərkəzi Bank olmasını həzm edə bilməməsi, bundan sonra hadisələrin necə inkişaf edəcəyinə proqnozlaşdırmaqda çətinliklər yaradır. Bu gün Donald Tramp 100 il bundan öncə yaradılmış Federal Ehtiyat Sistemini - Amerika Mərkəzi Bankını ölkənin maliyyə sistemini böyük həcmdə olan borclarla yükləməkdə ittiham edir. O hesab edir ki, bu borclar Amerikanı xərçəng kimi içəridən yeyir və Federal Ehtiyat Sisteminin məmurları bunun üçün birbaşa heç bir məsuliyyət daşımırlar. Bütün bu söylədiklərimiz fonunda Birləşmiş Ştatlar dollarının bundan sonrakı dönəmlərdə Donald Trampın sərgiləyəcəyi iqtisadi və maliyyə siyasətinə uyğun özünü necə aparacağını öncədən söyləmək çox çətindir". Fikrət Yusifovun sözlərinə görə, dolların məzənnəsinin bundan sonra necə olacağı ilə bağlı bu günə mövcud olan durum isə ondan ibarətdir ki, əgər ciddi bir dəyişiklik baş verməzsə, Federal Ehtiyat Sisteminin bu ilin mart ayının 15-də keçiriləcək toplantısında uçot dərəcəsi qaldırıla bilər: "Çünki keçən ilin dekabr ayında Federal Ehtiyyatlar Sisteminin uçot dərəcəsinin 0,25 dərəcə artırılaraq, bütövlükdə 0,75 faizə çatdırıldığı toplantısında, 2017-ci il ərzində onun daha 3 dəfə, hissə-hissə artırılmasına dair qərar qəbul edilmişdi. Bu səbəbdən də Amerika Birləşmiş Ştatları dollarının cari il ərzində əlavə olaraq 0,75 faiz bahalanması gızləniləndi. Bu isə o deməkdir ki, cari ilin sonlarına yaxın faktiki olaraq ABŞ dolları üzrə uçot dərəcəsi ümumilikdə 1,5 faizə qədər yüksələcəkdir. Nəzərə alsaq ki, 2015-ci ilin oktyabr aylarının sonlarına qədər uçot dərəcəsi cəmisi 0,25 faiz olub, onda cari ilin sonuna onun 1,5 faizə çatdırılması, iki il ərzində ABŞ dollarının 6 dəfə bahalanması demək olacaqdır. Dolların bu şəkildə bahalaşması dünyanın maliyyə müstəvisində müəyyən dəyişiklikləri qaçılmaz edəcəkdir". Fikrət Yusifov bildirib ki, Azərbaycan manatının bundan sonrakı taleyi dünya bazarlarında neftin qiymətlərinin vəziyyətindən və qeyri-neft sektorundan ixracın səviyyəsindən bilavasitə asılı olacaqdır. İqtisadçı hesab edir ki, son 8 ay ərzində dünya bazarlarında neftin qiymətləri müəyyən bir səviyyədə sabitləşib və onun tədrici artımı baş verir: "Digər tərəfdən, hökumətin apardığı islahatlarla ölkə iqtisadiyyatının real sektorundan ixracın kifayət qədər artacağı gözlənilir. Bu iki amilin ortada olması manatın məzənnəsi ilə bağlı optimist əhval-ruhiyyə yaradır".
Süleyman