Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsidir

Azərbaycan təkcə regional və beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış etmir, eyni zamanda irimiqyaslı layihələrin reallaşmasına öz töhvəsini verir. Artıq Azərbaycan bir sıra enerji layihələrinin müəllifi kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Azərbaycan bu enerji layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq formatı yaradıb
 
Azərbaycan təkcə regional və beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış etmir, eyni zamanda irimiqyaslı layihələrin reallaşmasına öz töhvəsini verir. Artıq Azərbaycan bir sıra enerji layihələrinin müəllifi kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının ölkəmizdə keçirilməsini təsadüfi hesab etmək olmaz. Məlumat üçün qeyd edək ki, fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin tədbirə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç də təşrif buyurublar. Tədbirə bu qədər xarici ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin qatılması Azərbaycanın dünyaya yeni əməkdaşlıq formatının təqdim etdiyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Belə ki, Azərbaycan beynəlxalq aləmə təqdim etdiyi layihələrlə nəinki dünya dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların bir araya gələrək əməkdaşlıqda bulunması üçün əlindən gələni edir. Məlumat üçün qeyd edək ki, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın təmin olunması sahəsində kifayət qədər təcrübəsi var və ölkəmizin təşəbbüsləri öz nəticəsini verməkdədir. Elə Cənub Qaz Dəhlizi də belə əməkdaşlığın reallaşmasında müstəsna əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, layihənin icrasına start verilən andan Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizləri buna bariz nümunədir. Onu da xatırlatmaq lazımdır ki, Cənub Qaz Dəhlizi əksər Avropa dövlətləri üçün strateji prioritet hesab olunur. Məhz bu baxımdan, əməkdaşlığın "Cənub Qaz Dəhlizi modeli" sözügedən dövlətlərin də maraqları daxilindədir. Bu isə həmin dövlətlərin hələ uzun müddət iqtisadi və siyasi əməkdaşlıqda bulunacaqlarına dəlalət edir. Nəzərə almaq lazımdır ki, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icrası həm də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amildir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini deyərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib. "Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik", - deyən dövlətimizin başçısı "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırıb. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, Cənub Qaz Dəhliz" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, "Cənub qaz dəhlizi"nin tikintisində irəliləyiş təkcə layihəyə daxil olan ölkələrin gördüyü böyük işlər sayəsində yox, həm də danışıqlar masası arxasında yaradılmış xoş mühit sayəsində əldə olunub. M.Şevçoviç qeyd edib ki, Avropa Xəzər hövzəsi kimi bir regionla birləşməyə və Azərbaycan kimi tərəfdaşla birgə fəaliyyət imkanına görə bu layihəni yüksək qiymətləndirir: "Mən beynəlxalq maliyyə təşkilatlarını Avropanın müxtəlif qurumlarının bu layihənin maliyyələşdirilməsinə cəlb olunması imkanlarını tədqiq etməyə çağırıram". Təsadüfi deyil ki, artıq Cənub Qaz Dəhlizinə qoşulmaq istəyən ölkələrin sayı artır. Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki, Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır: "2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi" layihəsi üçün yeni bir perspektivlər, yollar açır". ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur və bu layihə ABŞ üçün strateji layihə olaraq qalır. Onun sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdəndir: "Avropa istehlakçıları üçün "Cənub Qaz Dəhlizi" bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur. ABŞ olaraq biz hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq". Bütün sadalananlar deməyə əsas verir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yarada bilib. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsi prezident İlham Əliyevin şəxsi səyi və təşəbbüsü ilə reallaşdırılır. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir". Layihə ətrafında cərəyan edən proseslər, dövlətlərin və beynəlxalq təşkilatların yanaşması deməyə əsas verir ki, Cənub Qaz Dəhlizi layihəsi eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi üçün vacib elementlərindən hesab olunur. Hazırki şəraitdə enerji təhlükəsiliyi məsələsini siyasətdən, iqtisadiyyatdan ayrımağın mümkün olmadığını nəzərə alsaq deyə bilərik ki, bu sazişi imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb.

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31