“Cənub Qaz Dəhlizi” layihəsi həm də enerji təhlükəsizliyi məsələsidir
Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç də iştirakçılar sıırasında olublar. Maraqlıdır, bəs “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı Azərbaycana nə vəd edir?
23 Fevral 2017 13:43 İqtisadiyyatLayihə Azərbaycanın milli təhlükəsizliyi və enerji təhlükəsizliyi əməkdaşlığında vacib elementidir
Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç də iştirakçılar sıırasında olublar. Maraqlıdır, bəs "Cənub Qaz Dəhlizi" ilə bağlı toplantı Azərbaycana nə vəd edir?
Əvvəlcə ondan başlayaq ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də "Şahdəniz" yatağı hazırda "Cənub" qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. Bununla yanaşı, dünyanın qaz yataqlarına malik ölkələrinin də sözügedən layihəyə qatılacağı istisna edilmir. Hələlik isə bu layihədə Azərbaycan aparıcı rola malikdir. Nəzərə alsaq ki, "Cənub Qaz Dəhlizi" layihəsi həm də enerji təhlükəsizliyi layihəsidir deməli, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində əsas faktor kimi çıxış edir.
"Cənub Qaz Dəhlizi" layihəsi eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi üçün vacib elementlərindən hesab olunur. Sirr deyil ki, hazırki qlobal şəraitdə enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin tərkib hissəsi sayılır. Çünki, enerji resurslarına malik ölkələrin sənaye və iqtisadi inkişafında hansısa problemin mövcudluğu qeyri-mümkündür. Digər tətərfdən, zəngin təbii ehtiyatları olan ölkələrin təhlükəsizliyi məsələsi elə dünya dövlətlərinin özü tərəfindən sığortalanır. O da məlumdur ki, karbohidrogen ehtiyatlarına malik ölkələrə nə qədər təhdidlər olsa belə, adətən onlar müstəqil dövlətlrərini qura bilirlər. Ona görə ki, onlar xarici təchizatdan asılı vəziyyətdə deyillər. Üstəlik Azərbaycanın şaxələndirilmiş xarici siyasəti sözügedən layihənin reallaşdırılması üçün qarşılıqlı əməkdaşlığa malik format yarada bilib. Məhz bunun nəticəsidir ki, hasilatçı, tranzit və istehlakçı ölkələrin nümayəndələrindən ibarət Məşvərət Şurası Azərbaycanda yığışaraq görüləcək işlər barədə müzakirələr aparırlar.
Bütün təhdidlərə baxmayaraq Azərbaycan layihənin icrası ilə əlaqədar üzərinə götürdüyü bütün vəzifələrin öhdəsindən gələ bilib. Məlum olduğu kimi Azərbaycan tərəfi hələ ötən il nəzərdə tutulan dəhlizi yaradıb və həmin dəhlizdən digər irimiqyaslı layihələrin icrasında istifadə edilir. Üstəlik layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə edilib. Bu isə onun göstəricisidir ki, sözügedən layihə Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa töhfə verir. Xatırladaq ki, Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında qeyd etmişdi ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir: "Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə sadiqik. Azərbaycan üçün bu, o deməkdir ki, gələn bir neçə il, onilliklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq. Eyni zamanda, biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq. Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir".
İqtisadçı ekspert Rəşad Həsənov deyib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının Bakıda keçirilməsi dekoderlərin Azərbaycanı həm siyasi, həm də iqtisadi tərəfdən tam dəstəklədiyini göstərir. Onun sözlərinə görə, bu toplantı eyni zamanda layihənin həyata keçirilməsində ölkəmizə maneə olan qüvvələrə birlik nümayişi kimi qiymətləndirilə bilər: "Hazırda dünya iqtisadiyyatında baş verənlər ölkəmizin maliyyə sistemində də müəyyən gərginliklər yaradıb. Bu vəziyyət "Cənub Qaz Dəhlizi" kimi iri layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə institutları, iştirakçı ölkələr tərəfindən maliyyə dəstəyinə ehtiyac yaradır. Belə bir şəraitdə son həmrəyliyin Bakıda nümayiş etdirilməsi, Azərbaycanın növbəti dövrlərdə avantajlarını artıracaq, eyni zamanda layihənin icra edilməsi zamanı ortaya çıxacaq texniki, iqtisadi, siyasi problemlərin həllində ortaq mövqeyin əldə edilməsinə imkanlar açacaq". Ekspert qeyd edib ki, sözügedən toplantının protokol çərçivəsindən son toplantı adlandırmaq olar, lakin "Cənub Qaz Dəhlizi"nin tikintisi başa çatmadığı üçün bu kimi görüşlər format dəyişməmək şərti ilə növbəti dövrlərdə də mütəmadi olaraq davam etdiriləcək: "Bilirsiniz ki, "Cənub Qaz Dəhlizi"nin tikintisi hələ başa çatmayıb. Onun ikinci mərhələsi hesab olunan TAP-la bağlı bölümün 2020-ci ildə tikilib təhvil verilməsi gözlənilir. Lakin Azərbaycan, eləcə də region qazının uzun müddət dünya, eləcə də Avropa bazarlarına çatdırılması ilə bağlı müxtəlif layihələr ortaya çıxdı. Misal üçün Nabucco daha geniş, bir çox ölkələrin maraqlarını əhatə edən layihə olsa da, onun ortaya çıxma dövrü müəyyən mənada uğursuz oldu. "Cənub Qaz dəhlizi" layihəsi çərçivəsində Xəzər hövzəsi ölkələrinin qazının gələcəkdə hansısa formada daşınmasının təşkil olunması masa üzərində əsas təkliflərdən biridir. Amma buna baxmayaraq, aparılan danışıqlar hələ də öz nəticəsini vermir. Bu baxımdan bugünkü görüşü sənəd üzərində yekun adlandırsaq da, bu cür görüşlər növbəti dövrlərdə də davam etdiriləcək.Amma ümumilikdə bugünkü görüşün layihənin həyata keçirilməsində birmənalı olaraq siyasi dəstəyin olması baxımdan mühüm əhəmiyyəti var". Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası öz işinə başlayıb. "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.
Alim